Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir. Bu xəbər ağdərəlilər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Mövzunun aktuallığını nəzərə alaraq, Ağdərə rayonunun tarixinə aid Türkan İlqar qızının aşağıdakı məqaləsini oxucularımızın diqqətinə çatdırırıq.
Ağdərə toponimi haqqında
Azərbaycan Respublikasının qərbində, Xankəndi şəhərindən 62 kilometr şimalda yerləşən Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Aparılan tədqiqatlardan məlum olur ki, Ağdərənin ilkin adı «İsfahancıq», XIX əsrdə «Hunaşin» və ya «Xonaşen» adlandırılıb. XIX əsrdə Qarabağ düzünün 36- min desyatin hissəsini əhatə edən Xonaşen ərazisi maldar ellər üçün qışlaq yeri idi. Xonaşen toponimi «hun» və «şen» sözlərindən ibarətdir. Vizantiya tarixçisi Feofan yazır ki, 624-cü ildə Vizantiya çarı İrakli Albaniyada «Hun ölkəsi» adlı yerdə xəzərlərlə görüşmüşdü.
Güman etmək olar ki, «Hun ölkəsi» adlı həmin yer məhz Xonaşendir. Məkrli niyyət sahibləri olan erməni «tədqiqatçıları» «şen» sözünün erməni dilinə məxsusluğunu əldə rəhbər tutaraq ərazinin ermənilərə aid olduğunu iddia edirlər. Lakin araşdırmalardan məlum olur ki, «şen» sözü qədim türk mənşəlidir. Belə ki, XIII əsrə aid «Türk-ərəb lüğəti»ndə «şen» sözünün, «məskun», «əhali yaşayan yer», «əhalisi sıx olan yer» mənasmda olduğu göstərilmişdir. L.Z.Budaqovun, İ.M.Dyakonovun, M. Kaşkarinin, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, «şen» sözü sırf türk-müsəlman sözüdür və bu söz «yaşayış yeri», «kiçik məntəqə», «məhəllə», «abad yer» mənasındadır (Abbasbəyli A. Qafqaz geostrategiya məkanında. Bakı, “Azərnəşr”, 2003, 236 s., s. 109.) Ağdərə oronimi «ağ» («kiçik», «qısa», «dayaz») və «dərə» («çay yatağı», «iki dağ arası», «dərin çuxur») sözlərindən düzəlib, «kiçik çay yatağı», «dayaz çuxur» deməkdir. Bu toponimə Azərbaycanın müxtəlif yerlərində rast gəlmək mümkündür. Belə ki, Ağsu rayonu Bico kəndi ərazisində, Şamaxıda, Zəngilanda dərə, Tərtər rayonunda dağ oronimləri, Xızı, Ordubad, Şamaxı, Tovuz, Laçın, Daşkəsən kənd öykonimləri, Girdimançay hövzəsində çay hidronimi Ağdərə adını daşıyır. Əfqanıstan, İran ərazisində də Ağdərə toponiminə rast gəlmək mümkündür Ağdərə Qarabağ düzünü dağlıq hissəsi ilə birləşdirən keçidin adı olmuşdur. Daha ətraflı »
Yeni ismarıclar