Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

Tərtər rayonu haqqında ümumi məlumat


Terter Tarixi.
Qədim Qarabağın mərkəzində, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən karvan yollarının üstündə olduğundan məşhur səyyahlar Tərtərı görmüş və onun haqqında maraqlı və tədqirəlayiq fikirlər söyləmişlər. Təsadüfi deyil ki, tarixdə Tərtər Çaparxana (karvansara fünksiyasını yerinə yetirdiyinə görə), Çəpərxana (qala fünksiyasını yerinə yetirdiyinə görə) adlandırılmışdır. Azərbaycan dövlətçiliyində mühüm tarixi əhəmiyyətə malik Alban-Girdman dövlətinin paytaxtı olmuş Bərdə şəhərinin 17 km-də yerləşir.Orta əsrlərdə Cənubi rus çöllərində, Altayda yaşamış türkdilli qıpçaqların ən böyük və məşhur tayfası Tərtər adlanmışdır. Tərtər elinin bir hissəsinin Qarabağda yaşaması nəticəsində oradan axan çay onun adı ilə adlanmışdır. Tarixdə hələ II əsrdə Qafqaz Albaniyasında Tərtər tayfasının yaşaması haqqında məlumat var. Göründüyü kimi Tərtər, çox qədim tarixə malik cəsur türk tayfasının adından qaynaqlanır.Albaniyadakı Tərtər qalası indiki Tərtər şəhərinin  yaxınlığında, eyniadlı çayın sahilində salınmışdır. Bura Alban şahlarının yay iqamətgahı olub. Səfəvi dövlətinin hökmranlığı illərində Tərtər Qarabağ bəylərbəyliyinin, 1840-cı ildən Şuşa qəzasının tərkibində olmuş, 1867-ci ildən Gəncə Quberniyasının Cavanşir qəzası yaradılmış, Şuşa ilə Gəncə   arasında yerləşən Tərtər poçt stansiyası qəzanın inzibati mərkəzi olmuşdur.

    1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmış, elə həmin ildə Tərtər sahəsi yaradılmış və 1920-1922-ci illərdə Cavanşir qəzasının tabeliyndə olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.

Coğrafi mövqeyi. Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə, Tərtər çayının sahilində,  Kür-Araz ovalığının qərb hissəsində 400 21I 32II en dairəsi 460 51I 48II uzunluqda yerləşir. İnzibati rayon kimi 1934-cü ildə təşkil edilmişdir. Ərazisi 960 kvadratkilometr olmaqla ölkə ərazisinin 1,1 faizini təşkil edir. Rayon əhalisinin sayı 101,8 min nəfər olmaqla ölkə əhalisinin 1,1 faizini təşkil edir. Əhalinin 29,6 faizi şəhər, 70,4 faizi kənd əhalisidir. Əhalinin orta sıxlığı hər kvadrat metrə 106 nəfər təşkil edir. Mərkəzi Tərtər şəhəridir. Rayon 42 inzibati ərazi dairəsi, 25 bələdiyyə, 2 şəhər, 1 qəsəbə, 74 kənd yaşayış məntəqəsi ilə əhatə olunmuşdur.

Tərtər rayonu şimaldan Yevlax rayonu, şimal-qərbdən Goranboy rayonu, qərbdən Kəlbəcər rayonu, cənub və cənub-qərbdən Ağdam rayonu, şərqdən və cənub-şərqdən Bərdə rayonu ilə həmsərhəddir.

Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən Tərtər rayonu qərbdən şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır.

Rayon ərazisindən Tərtər çayı və İncə çayı, cənub sərhəddindən isə Xaçın çayı axır. Başlanğıcını Kəlbəcər rayonu ərazisində dağlardan götürən Tərtər çayı Kəlbəcər, Tərtər və Bərdə rayonları ərazisində 200 km-lik məsafəni qət edərək Kür çayının sağ sahilinə qovuşur. Öz başlanğıcını 3120 metr hündürlükdən götürən çayın hövzəsinin tutumu 2650 m3-dir. Onun aşağı axımı Qarabağ düzündədir. Əsasən yeraltı sularla qidalanır, orta illik su sərfi 21.3 m3/san., illik axın həcmi 729 mln. m3-dir. Tərtər çayına qovuşan irili-xırdalı 72 qoldan (arxlardan) hazırda 42-si mövcuddur. 1967-ci ildə Tərtər çayının üzərində Sərsəng su anbarı tikilib. Rayonun əkin sahələrinin 70 faizinin suvarma suyu bu anbardan qidalanır. Hazırda erməni işğalı altındadır.

İqlimi. Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyniadlı çay üzərində yerləşən qədim yaşayış məskəni Tərtər rayonu füsünkar təbiəti, ekoloji cəhətdən saf ab-havası, təmiz suyu və zəngin təbii sərvətləri ilə məşhurdur. Tərtər rayonun iqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çol tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda -20C-dən 30C-dək, iyulda 18-260C-dir. Yağıntının illik miqdarı 300-500 millimetrdir. Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir. Yovşanlı-şoranotlu yarımsəhralara, seyrək kollu çəmənliklərə də rast gəlinir. Yaşayış üçün əlverişli şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin həmişəlik məskunlaşmasında mühüm rol oynamışdır.

Dağlıq sahədə Yura, Təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisində neft, daş kömür, tikinti materialları, səpinti qızıl və “İsti su” yataqları kimi təbii sərvətləri var. XX əsrin 50-ci illərində “İsti su”, sonralar isə neft istehsalı konservasiya olunub. Sahənin neft-qazlılığı perspektivliyi güman ki, paleogen və mezozoy çöküntüləri ilə əlaqədardır.

Rayon ərazisində 520 hektar meşə sahələri var. Meşələrdə əsasən palıd, küknar, sərv və sair ağaclar bitir.

Tarixi və memarlıq abidələri. Tərtər rayonunda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin adidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyimsarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məsçid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur.

1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsi arxeoloji qazıntılar aparmış və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. Bu abidə ilk tunc dövrünə aid edilmişdir.

Tərtər çayı üzərində tikilmiş ilk əzəmətli körpü-“Kukuşka körpüsü” olub. Bu körpü çar Rusiyası dövründə, I Dünya müharibəsi ərəfəsində- 1914-1916-cı illərdə salınıb. Strateji əhəmiyyətli bu körpü Bakı-Yevlax dəmir yolunun uzantısı olub, Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. İndi “Kukuşka körpüsü”nün qalıqları-daş sütunlar tarixi abidə kimi qalır.