Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,520
Saytda ismarıcların sayı - 0

Arxiv

«Yeni Tərtər» qəzetinin tarixi haqqında

IMG_0024

Tərtər rayon qəzetinin tarixi 1934-cü il aprel ayından başlayıb. Qəzetin ilk nüsxəsi «Kolxozcuların varlanması uğrunda» adı ilə nəşr olunub. Tərtər rayon MTS-in Siyasi Şöbəsinin orqanı idi. Həftədə 1 dəfə çıxırdı. Qəzet Bərdədə «Stalin yolu» qəzetinin mətbəəsində cap olunurdu və MTS Siyasi Şöbəsinin rəisi Nazim Məmmədovun imzası ilə işıq üzü görürdü. Qəzetin bütün işlərini iki əməkdaşı-Ziyad Səfərov və Nəriman Mustafayev yerinə yetirirdi. Redaksiya Tərtər şəhərinin keçmiş Sovet küçəsində, hazırda Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin yerləşdiyi binada fəaliyyət göstərirdi. 1934-cü ilin sonunda Tərtərdə mətbəə təşkil olundu. Təşkilatçısı Mir Məhəmməd Seyid Hüseyn oğlu Babayev idi.

1935-37-ci ilin sentyabrınadək qəzetin redaktoru Xəlil Şəfizadə olmuşdur.

Qəzet 1937-ci ildən «Qızıl bayraq» adlandırıldı və redaktoru Qəmbər Nəbiyev idi. 3000 nüsxə tirajla cap olunurdu. 1939-cu ildən 1943-cü ilə qədər «Qızıl bayraq» qəzetinə Əli Ağayev redaktorluq etdi.

«Qızıl bayraq» qəzetinin 1944-cü ildən 1962-ci ilə kimi redaktoru Zülfiqar Fərəcov oldu. Sonralar qəzetin redaktorları Aydın Məmmədxanov, Zahid İsmayılov, Zöhrab Məmmədov, Hilal Bayramov və Təvəkkül Nəcəfov olmuşlar.

Qəzetin “Qızıl bayraq” adı 1991-ci ildə dəyişdirilərək “Tərtər” qoyuldu. Həmin illərdə qəzet həftədə üç dəfə 5500 nüsxə tirajla nəşr olunurdu.

Qarabağ müharibəsində Tərtər rayonu cəbhə bölgəsi olduğundan 1992-ci ilin mart ayının 17-də (ilaxır çərşənbə gecəsi) ermənilər tərəfindən atılan «Qrad» raketi redaksiyanın binasını dağıtmışdı. Buna baxmayaraq qəzetin əməkdaşları öz fəaliyyətlərini davam etdirərək rayonun ictimai-siyasi həyatını, həmyerlilərimizin müharibədəki igidliklərini işıqlandırırdılar. Lakin redaksiyanın maddi imkanı getdikcə zəifləyirdi. Rayon qəzetinin fəaliyyəti 1998-ci il oktyabr ayından dayandı.

Qəzet 2005-ci ilin avqust ayından  «Yeni Tərtər» adı ilə şair,  publisist Tofiq Yusifin redaktorluğu altında yenidən işıq üzü gördü. Fəaliyyətə başladığı zaman çox çətin şəraitdə çap olunurdu. Ilk növbədə mətbəənin olmaması və qəzetin maliyyə vəziyyətinin ağırlığı işi daha da çətinləşdirirdi. Yalnız materiallar burada əllə yazılır, qalan bütün işlər isə Mingəçevir şəhərindəki Poliqrafiya Müəssisəsində görülürdü və indi bu proses Gəncədə davam edir. Hazırda bir çox çətinliklər aradan qaldırılıb, «Yeni Tərtər» qəzeti 2000 nüsxə ilə çap olunur.

Redaktor Tofiq Yusif (Hüseynov) uzun illərdir ki, respublika mətbuatında səmərəli fəaliyyətinə və 8 kitab müəllifi olduğuna görə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü seçilmiş, «Qızıl qələm» və «Məmməd Araz» mükafatlarına layiq görülmüşdür.