Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.
Xalqımız sentyabrın 27-də Ermənistan silahlılarının növbəti təxribatına cavab olaraq ordumuza hücum əmri verən və bununla regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Qələbə ilə daim qürur duyacaq.
Son bir neçə əsrlik tariximizdə buna bənzər zəfər olmayıb!
Prezident İlham Əliyev iki əsr ərzində yeganə ağır problemimiz olan Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni “dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 gündə həll etdi.Bu, qürurun, fəxarətin iztirablara üstün gəldiyi, xalqımızın keçmişinə boylanaraq öz böyüklüyünü bütün əzəməti ilə dərk etdiyi gündür.
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdən bəri qəlbimizdə dərin izlər yaratmışdı. Öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə 27 sentyabr 2020-ci il tarixdə son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Daha ətraflı »
Yeni ismarıclar