Arzumuzun həyata keçməsinə kömək etdilər
Atalar gözəl deyib: ”Dövlətdə dəvə, övladda nəvə”. Mən də bütün nənələr kimi nəvələrimi çox istəyirəm. Ən çox da təhsili sevən nəvələrimi. Ulu Öndərin sözlərilə desək, “Təhsil millətin gələcəyidir”.
Bir gün nəvəm Məhəmməd mənə dedi:
–Nənə, mən hərbçi olmaq istəyirəm. Babam və əmilərimin yolu ilə getmək istəyirəm. Babam Sabir Kərimov Azərbaycan Respub-likasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olub, əmim polkovnik-leytenant Umud Kərimov Heydər Əliyev adına Hərbi İnstitutu bitirərək 25 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət edib, III qrup müharibə əlili olaraq ehtiyata buraxılıb. Əmim Daşqın Kərimli 44 günlük Vətən müharibəsi iştitakçısı, veterandır. Hal-hazırda Heydər Əliyev adına Hərbi İnstitutda çalışır. Əmim oğlu Hüseyn Kərimov “N” saylı hərbi hissədə əsgərdir. Mən də hərbçi olub vətənə xidmət etmək istəyirəm.
Bu sözlər məni çox sevindirdi. Məhəmmədin sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdik. Tibbi komissiya zamanı məlum oldu ki, Məhəmməd cərahiyyə əməliyyatı olunmalıdır. Biz ATU-nun Tədris Cərrahiyyə Klinikasının LOR cərrahiyyə şöbəsinin müdiri, professor Vəfa Pənahianın qəbulunda olduq. Şəhid ailəsi olduğumuzu bildikdə bizə xüsusi qayğı göstərdi. Professor Vəfa Pənahian, assistent Fəridə Əbilova, həkim Fidan Ağazadə Məhəmmədi uğurlu əməliyyat etdilər. Nəvəm Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul edildi. Beləliklə onun və bir nənə kimi mənim arzumuzun həyata keçməsində həkimlərin rolu böyük oldu. Kərimovlar ailəsi adından onlara dərin təşəkkürümü bildirirəm.
Kifayyət Kərimova,
təqaüddə olan müəllim

