Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahangir Əlifzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdir vəzifəsini icra edən, tədbirin moderatoru Pərviz Eyvazov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən, tədbirin moderatoru Pərviz Eyvazov açıb, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən danışıb, müharibə zamanı və sonra nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulayıb.
Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni artıq 5 ildir ki, böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.
Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən icra başçısı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahangir Əlifzadə çıxış edib. O, bildirib ki, istər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli ictimaiyyətə və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara, dini mərkəzlərə təqdim edildi.
Konfransda Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, şəhid Elnur Abbasovun atası Yaşar Abbasov, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən danışıb, qələbədə Qalib Azərbaycan xalqının milli birlik nümunəsi göstərdiklərini, Azərbaycanın multikultural ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.
Sonra mövzu barədə müzakirələr olub.


