Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,822
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    Uzun illər ərzində intiqam gününü bütün xalq gözləyirdi. Xocalıda insanlığa sığmayan vəhşiliklərlə üzləşənlər, övladları şəhidlik zirvəsinə ucalanlar, ev-eşiklərini qoyub didərginlik həyatı yaşayanlar belə bir günün gələcəyinə inanırdılar. İnanırdılar, çünki müzəffər Ali Baş Komandan İlham Əliyev demişdi ki, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.
    5 il əvvəl sentyabrın 27-si intiqamı-mızın başlanğıc günü oldu. Diplomatiyanın, beynəlxalq təşkilatların öhdəsindən gələ bilmədiyi bu məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində həll etdi.
    Müharibə özü ilə bərabər fəlakət gətirsə də, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarını xalqımız ruh yüksəkliyi ilə qarşıladı.
    Hamı bir yumruq kimi Prezidentimizin ətrafında bilrləşdi.
    Həmin günlərdə Tərtər də həm ağır, həm də qürurverici anlar yaşadı. Müharibənin elə əvvəlindən şəhidlərimizi qarşılamağa başladıq. Göydən mərmi yağışı yağırdı, tərtərlilər isə öz igid oğullarını böyük hörmətlə, izdihamla son mənzilə yola salırdılar.
    Hərbçilərimizlə yanaşı, mülki insanlar da şəhid olurdular. Ölümcül silahlar onları küçədə, öz həyətlərində, evlərində tapırdı. Bizim bir gözümüz ağlayır, o biri gözümüz gülürdü. Cəbhədən gələn xəbərlər ümidlərimizi artırır, hamını səfərbər edirdi. Şəhidini qarşılayan ailələr, evi dağılan insanlar, hamı “Vətən sağ olsun!”, deyib, düşməndən intiqam alınması haqqında xəbərlərdən ruhlanırdı.
    Bəli, biz düşməndən intiqamımızı döyüş meydanlarında aldıq. Hər qarışı müqəddəs olan torpaqlar işğaldan azad edildi və ötən beş il ərzində dünyanı heyran qoyan quruculuq işləri başladı. Xalqımızın illərlə həsrətində olduğu dədə-baba yurdlarına Böyük Qayıdışı insanların sonsuz sevincinə səbəb oldu.
    Didərgin soydaşlarımızla bərabər düşmən tərəfindən təhqir olunmuş, dağıdılmış məzarlar, sahibinin həsrətindən az qala dilə gəlib başına gətirilən müsibətləri danışmaq istəyən evlər də sevindi.
    Hər bir vədinə şərəflə əməl edən Prezidentimizin sayəsində indi Qarabağ cənnətə dönür. Beynəlxalq standartlara cavab verən hava limanları, çəkilən yeni yollar, müasir şəhər tipli qəsəbələr, sənaye və kənd təsərrüfatı öbyektləri, turistləri cəlb edən infrastruktur bir zamanlar yuxu kimi görünən arzuları reallığa çevirir. Bu yaxınlarda isə Bakıdan Ağdama gələn dəmir yolu qatarının özü ilə bərabər nə qədər sevinc, arzu, istək gətirdiyini sözlə ifadə etmək mümkün deyil. Bu qatarın gəlişi bir daha sübut etdi ki, işğal dövründə çəkilən əzab-əziyyətlər artıq arxada qalıb.
    Lakin nə qədər irəli getsək də, tarix heç zaman unudulmur və unudulmayacaq. Yaşadığımız xoşbəxt geünlər uğrunda canından keçən, qan tökən, sağlamlığını itirən oğullar qürur yerimizdir. Onların ailələri, əmanət qoyub getdikləri övladlar daimi qayğı və diqqətlə əhatə olunublar. Bu, yalnız bir məmur vəzifəsi deyil, hər kəsin ürəyindən gələn hissdir, istəkdir.
    Tərtərdə də şəhid ailələrinin, qazilərin yaşadıqları evlər həmişə qonaqlı olur. Yalnız doğum, anım tarixlərində deyil, elə adi günlərdə də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Anar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə müdirləri, adi vətəndaşlar , məktəblilər onları ziyarət edir, adları dillərimizin əzbəri olan, qəhrəmanlıqları əbədi yaşayan oğul-ların əziz xatirəsini anırlar. Hər belə görüş təsəlliyə, yaralı qəlblərə məlhəmə çevrilir.
    Ən böyük təsəlli isə torpaqlarımızın işğaldan azad olunmasıdır.
    Şəhərimizin ən gözəl, abad küçələri qəhrəman şəhidlərimizin adlarını daşıyır. Bu küçələrdə səliqə-səhman yaradılır, şəhidlərin barelyefləri quraşdırılır. Onların əziz xatirəsi hər an uca tutulur.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 12:53

İsmarıclar bağlıdır.