Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,873
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    30 il düşmənlə üz-üzə, göz-gözə yaşayıb ona gözdağı olan Tərtərdənəm. Top-tüfəng səsləri altında övlad böyüdən anayam. Müharibənin ətrafa necə ölüm saçdığının, necə əlillik payladığının şahidiyəm. Zəfər tariximizin hər sətri, hər səhifəsi gözlərimiz önündə yazılıb.
    Oğlunun başsız bədənini qucaqlayan atanı, qazinin əlini, ayağını özü kəfənlədiyini görmüşəm. Balasının cəsədinin tapılmasına qurban deyən anaların axan göz yaşlarını, sevdiyinin şəkli ilə uyuyan qız-gəlinlərin gizli kədərini heç vaxt unutmaram. Şəhid məzarlarını qucaqlayıb ağlayan analara baxıb itkin düşən oğulların analarının köks ötürdüyünü, “kaş mənim balamın da bir məzarı olaydı” deməsini eşitmişəm.
    Mən tərtərliyəm, gəncliyini müharibə alan, vaxtından tez ahıllaşan tərtərli. Zəfər gününü 30 il gözləyən, bu günə ürəkdən inanan tərtərli. 2016-cı ilin Aprel döyüşlərini, Zəfər tariximizin ilk bünövrəsinin qoyulduğu günü yaddan çıxarmaram. Tərtərin və tərtərlilərin dar günündə təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində özünün və həyat yoldaşının həyatını riskə ataraq əhali ilə görüşə gələn Ali Baş Komandanın bu addımını qürurla xatırlayıram. Xalq ilə rəhbərin, ordunun birliyi yazdı Zəfər tariximizi. Bu birlik və Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti işğaldan azad etdi torpaqlarımızı.
    İnsanlardakı ovqat hələ də yadımdan çıxmır. Biz şəhid verdik, gözümüzün yaşını silib “oğul düşmən çəpəridir”,- dedik, “Vətən sağ olsun”, – söylədik. İgidlərimizlə fəxr etdik və Zəfər tariximizi vətən sevdalı oğulların qanıyla yazdıq. Xocalını azad etməklə Azərbaycan kişisi Xocalı faciəsinin qisasını aldı, namusunda olan “qara ləkə”ni təmizlədi.
    44 günlük Vətən müharibəsində hamı qarabağlı idi. Çünki biz övladlarımıza tanıtdıq Qarabağı, ata və babalarının bu torpaq uğrunda şəhid olduqlarını bildirdik. Atəş səsləri altında böyüyən oğullar məkrli düşmənlərini yaxşı tanıdılar. 30 ildə alınan torpaqları 44 günə geri qaytardılar. 2023-cü ilin sentyabr ayının 19-da işğaldan azad edilmiş ərazilərdə lokal xarakterli antiterror əməliyyatları keçirərək 23 saata torpaqlarımızı terrorçulardan təmizlədilər.
    Tək döyüşdə deyil, informasiya müharibəsində də qalib olduq. Bütün beynəlxalq aləmə kimliyimizi, mənliyimizi, millətimizi, ən əsası, haqlı olduğumuzu tanıtdıq.
    Tərtər Vətən müharibəsində ən çox mərmi və raket atılan ərazilərdən biridir. Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb, 16 nəfər qətlə yetirilib, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında qadın və uşaqlar da olub. Erməni vandalları hətta dəfn mərasimi zamanı Tərtər şəhərinin qəbiristanlığını atəşə tutub, 4 nəfərin faciəli surətdə ölümünə, neçə nəfərin yaralanmasına səbəb olub. Vətən müharibəsində rayonumuzda 46 hərbi qulluqçu həyatını iti-rib, 57 hərbi qulluqçumuz yaralanıb. Bu gün 1554 tərtərli Vətən müharibəsi veteranıdır.
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını iş-ğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Həmin sərəncamda qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.
    Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa olundu. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.
    Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlər öz evlərinə dönürlər. Prezident İlham Əliyev həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlini qoyur, açılışlarını edir.
    2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından mədəniyyət beşiyimiz olan Şuşanın azadlığını xalqımıza çatdıran Müzəffər Ali Baş Komandan deyirdi: “…Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!..”
    Bu sözlər həm oğul olaraq ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan sevincin təntənəsi, həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- deyən Ulu Öndərin inamına qürur dolu bir cavab idi.
    Ata vəsiyyətinə daha bir cavab isə 2025-ci il avqustun 8-də oldu. Həmin gün Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və diplomatik ustalığı sayəsində Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Bu, təkcə Zəngəzurdan Naxçıvana uzanan bir yolun açılacağı deyil, həm də Qafqazdan da yan keçməyən yeni dünya düzəninə doğru atılmış mühüm addım idi. Siyasətçilər Vaşinqton Bəyannaməsinin Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsi olduğunu deyirlər. Vaşinqtonda danışıqlara Müzəffər Ali Baş Komandan kimi başlayan Prezident İlham Əliyev Vətənə Müzəffər Ali Baş Diplomat kimi döndü.
    Mən tərtərli olmağımla fəxr edirəm, 30 illik müharibədə itirdiyim gəncliyimə də heyifsilənmirəm. Çünki Şanlı Zəfər tariximizi yazan oğullarımız da gənclər idi. Bizə bu qələbə sevincini onlar həyatları bahasına yaşatdılar.

    Svetlana ƏZİZOVA,
    Tərtər şəhər sakini
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.