

Adətən tarixi məqamlarda dönüb geriyə baxır, nələrdən və necə keçdiyimiz barədə düşünürük. Bütün bəşəriyyəti heyran qoyan, dünya hərb tarixində görünməyən bu Qələbə 44 gün ərzində qazanıldı. Alqış Müzəffər Ali Baş Komandana!
Bir az əvvələ qayıtmaq istəyirəm. O illərə ki, hələ dünya Azərbaycanın harada, hansı qitədə yerləşdiyini, Qarabağın kimə məxsus olduğunu və hələ çox şeyləri bilmirdi. Məhz o zamanlar, ötən əsrin 90-cı illərində hakimiyyətə gələn Ulu Öndər Heydər Əiyev əlinə adi coğrafiya müəlliminin çubuğunu götürüb dünyaya öz Vətəni haqqında müfəssəl məlumat vermişdi. Nadanlara dərs keçmişdi. Bununla da Qarabağa doğru işıqlı bir yola qədəm qoyuldu.
Bu yolu onun siyasi varisi, hamımızın sevimlisi, fəxri olan İlham Əliyev davam etdirdi. Addım-addım, siyasi uzaqgörənliyi, dərin zəkasi, humanizmi, nəyi və nə zaman görəcəyini bilməsi ilə bizi bugünkü sevinc dolu günlərimizə çatdırdı.
Bəli, Qarabağın Azərbaycana məxsus olduğunu sübut etmək üçün ilk növbədə bu həqiqətləri siyasi və diplomatik yollarla dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Bundan ötrü isə xalqımızın birliyi, harada yaşamasından asılı ol-mayaraq, həmrəyliyi tələb olunurdu. Biz bu yola qədəm qoyduq. Heydər Əli-yev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində keçirilən tədbirlər zamanı erməni militarizminin indiyədək saxtalaşdırılmış sifəti açıldı. Getdikcə daha çox diaspor üzvləri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün hərəkətə keçdi. Beləliklə də, biz beynəlxalq hüquqa əsaslanaraq, Qarabağın ölkəmi-zin ayrılmaz hissəsi olduğunu sübuta yetirə bildik. Bununla bağlı BMT-nin dörd qətnaməsi, digər beynəlxalq təşkilatların müxtəlif qərar və qətnamələri qəbul edildi. Bu, Qarabağa aparan yolumuzda bir tərpəniş oldu.
Lakin ermənilər nəinki Qarabağda at oynatmağı dayandırdılar, hətta bura silah və sursat daşımağa, təbii sərvətlərimizi Ermənistana aparmağa başladılar. Bu zaman gənclərimiz bir daha həmrəyliklərini nümayiş etdirdilər. Onların soyuq havada günlərlə Xankəndi-Laçın yolunda dayanaraq, Qarabağa humanitar yardım adı ilə silah, buradan isə Ermənistana milli sərvətlərimizi daşıyan maşınların qarşısını necə kəsdiklərini hər birimiz yaxşı xatırlayırıq.
Əbəttə, düşmənə ən böyük, həlledici zərbəni döyüş meydanlarında milli ruhumuz, birliyimiz, həmrəyliyimiz hesabına vurduq. Həmin unudulmaz tarixdə–27 sentyabr 2020-ci ildə xalq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir “dəmir yumruğ”a çevrildi.
İndiyədək heç bir ölkədə görünməyən vahid xalq-ordu-iqtidar birliyi yarandı. Hərbçilərimiz döyüş meydanlarında, sıravi vətəndaşlar öz iş yerlərində ürək çırpıntıları ilə Ali Baş Komandanın müraciətlərini gözləyirdilər. Bütün ürəklər bir döyünürdü. Bütün nəzərlər cəbhədəydi. 30 illik həsrətə, intizara, erməni naqisliyinə son qoyulurdu… Başımıza gətirilən müsibətlərin qisası alınırdı.
Elə ilk günlərdən Azərbaycanın igid əsgər və zabitləri illərlə süni qaydada formalaşmış erməni mifini darmadağın etdilər. 30 ildən çox bir müddətdə tikilmiş istehkamlar ürəyi Vətən eşqi ilə döyünən Azərbaycan əsgərlərinin hücumu qarşısında dözmədi, darmadağın edildi. O 44 günün hər biri şəhid qanına boyanıb, anaların fəryadı ilə yadda qalıb. Eyni zamanda, biz o günlərdə bir daha xalqımızın böyüklüyünün şahidi olduq. Şəhidlərini qarşılayan atalar ”Vətən sağ olsun!” dedilər, xalq mərmi yağışı atında qəlbi yaralı ailələrlə birlikdə oldu, onları tək qoymadı.
44 günlük Vətən müharibəsində ən çox atəşə məruz qalan rayonlardan biri qəhrəman Tərtər idi. Ancaq tərtərlilər rayonumuzu tərk etməmişdilər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Sərəncamı ilə yaradılmış və özünün başçılıq etdiyi qərargahın üzvləri o qanlı-qadalı günlərdə daim sakinlərin yanında oldular, evlərə mərmi düşəndə, mülki şəhidlər haqqında xəbər gələndə, dərhal tədbir görüb, faciənin daha da böyüməsinə yol vermədilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yevin dövlət başçısı kimi fəaliyyətə başladığı gündən qarşıya qoyduğu ilk vəzifə ordunun gücləndirilməsi, onun təchizatı olub. Ona görə də 44 günlük Vətən müharibəsi günlərində ordumuzun təminatı o qədər güclüydü ki, hərbçilərimizin heç bir yardıma ehtiyacı yox idi. Bununla belə, hərbi maşınlar haradan keçsələr, əhali onları öz duaları ilə qarşılayır, hər kəs gücü çatan ərzaq payı verməyə çalışırdı.
Mülki şəhid, Tərtərdə Heydər Əliyev prospektində ərzaq mağazası olan Vasif Rüstəmovun bacısı Ziyafət müəllim deyir:
– Biz dəfələrlə qardaşımıza bildirirdik ki, şəhər gecə-gündüz atəşə tutulur, hər gün kiminsə şəhid olması xəbərini eşidirik, mağazanı açma, işləmə. O isə səhər saat 5-dən gedir, mağazaya gələn əsgərlərə pulsuz xidmət göstərir, sığınacaqlarda olan sakinlərə çörək və di-gər ərzaq məhsulları çatdırırdı.
Azərbaycan Ordusundakı birlik və həmrəylik indiyədək dünyanın heç bir ordusunda görünməmişdi! Yaralılara dərhal yardım göstərilir, şəhidlərimiz döyüş mövqeyindən uzaqlaşdırılırdı. Çünki hər kəsin bir amalı vardı: yalnız Qələbə!
Müharibə getdiyi günlərdə dövlət başçısının televiziya ilə çıxışları, onun xarici televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibələr ordunun və xalqın ruh yüksəkliyini artırır, bizi Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirirdi.
Şuşanın alınması da belə bir milli birliyin, milli ruhun nəticəsi oldu. İndi azad Şuşaya ayaq basan hər kəs heyranlıqla o qayalara baxıb deyir: Bu, möcüzədir!
Bəli, Azərbaycan əsgərinin hər bir döyüşü, hər bir qələbəsi möhtəşəmdir! Onun mayasını isə milli ruhumuz, birliyimiz və həmrəyliyimiz təşkil edir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Sevimli Prezidentimizin ətrafında sıx birləşən xalqımız bundan sonra Qarabağımızı və Şərqi Zəngəzuru cənnətə döndərəcək. Çünki gücümüz birliyimizdədir.
Svetlana BAĞIROVA,
“Yeni Tərtər” qəzetinin redaktoru

