Bu küçədə onun ayaq izləri var
Tərtər Qəhrəman şəhərdir. Onun sakinləri də qəhrəmandırlar. Ermənilərin Qarabağa köçürülməsindən sonra, daimi olaraq namərd qonşulardan gizli, yaxud aşkar zərbələr almışıq. 1988-ci ildən sonra isə düşmənin gizli niyyətləri üzə çıxdı. Uzun illər ərzində tərtərlilər düşmənlə üz-üzə mərdliklə yaşadılar və döyüşdülər. Birinci Qarabağ müharibəsində də beləydi, atəşkəs dövründə də, sonrakı qəhrəmanlıq mübarizəmizdə də.
Tərtərin qəhrəman olması bu şəhərə qədəm qoyulan ilk anlardan məlum olur. Möhtəşəm Şəhidlər AbidəKompleksi, şəhidlərin adlarına verilmiş küçələr, onların barelyefləri, xatirələrini əbədiləşdirən bulaqlar–bütün bunlar rayon sakinlərinin öz əbədiyaşar övladlarına ehtiram və məhəbbətindən xəbər verir.
Şəhərimizin bütün küçələri abad və səliqəlidir. Şəhid adlarını daşıyan küçələr isə rayon rəhbərinin xüsusi diqqətindədir. Bura vaxtaşırı asfalt örtük salınır, səliqə-səhman yaradılır, təmizlik işləri görülür.
Bu günlərdə rayon rəhbəri oğlum şəhid Mahir Əsədovun adını daşıyan küçədə aparılan abadlıq işləri ilə tanış olarkən ailəmizdə olub və məni 80 illik yubileyim münasibəti ilə təbrik edib. Oğlumun qısa, lakin şərəfli ömür yolu ilə bağlı xatirələr söylənildi. Qeyd olundu ki, Mahir elə məktəb partasından ayrılıb öz arzusu ilə döyüşlərə qatılıb, gənc yaşlarında böyük qəhrəmanlıq göstərib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə küçədə görülən işlərlə tanış olduq.
Bu küçənin hər qarışında vaxtilə burada böyüyən Mahirin ayaq izləri var. İndi oğlumun adını daşıyan küçənin abadlaşdırılması məni çox qürurlandırır. Bu hissləri hər bir şəhid valideyni keçirir. Şəhid ailələrinə hər zaman diqqət göstərilir.
Mahir və onun yoldaşları suverenliyimiz, müstəqilliyimiz uğrunda canlarını qurban veriblər.
Prezidentimiz, dövlətimiz, xalqımız sağ olsun ki, övladlarımızı unutmurlar. Rayon rəhbərliyinə də bizə göstərilən qayğıya görə təşəkkürümüzü bildiririk
Zəlimə ƏSƏDOVA, şəhid anası