Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir!
Günümüzün ən mühüm sosial problemlərindən biri olan narkomaniya həm cəmiyyətin, həm də dövlətlərin mübarizə apardığı xəstəliklər sırasındadır. İnkişaf edən texnoloji imkanlar və logistik şəbəkələrin genişlənməsi ilə cinayətlərin törədilməsi üsullarında da fərqlər vardır. Bəşəriyyətə qarşı cinayət kimi qələmə verilə bilən narkotik ticarəti indi sərhədləri aşaraq, beynəlxalq miqyas qazanıb və bir çox cəmiyyətin gələcəyini təhdid edir. Bu çərçivədə narkomaniyaya qarşı mübarizədə sosial maarifləndirmə yaradılır və bütün qurumlar birgə fəaliyyət göstərir. Narkotik qaçaqmalçılığı nöqtəsində mühüm coğrafi mövqedə yerləşən Azərbaycan Respublikası həm milli, həm də beynəlxalq arenada narkotik vasitələrin tədarükünün, istifadəsinin qarşısını alır, kriminal ünsürlərə qarşı mübarizə aparır. Narkomaniyaya meylli şəxslərin sayının artması dövlət idarələrini bu problem qarşısında koordinasiyalı fəaliyyət göstərməyə sövq edir.
Şübhəsizdir ki, narkomaniyaya qarşı mübarizə sahəsində xalqımız və dövlətimiz üçün Ümummilli Iider Heydər Əliyevin siyasəti və qətiyyəti başlanğıc nöqtəsi olmuşdur. Azərbaycan tarixində müstəsna yer tutan Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdığı kimi eyni zamanda da bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə sahəsində təqdirəlayiq addımların atılmasına vəsilə olmuşdur. Məhz “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılması, 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun, Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” ölkəmizin narkomaniya ilə mübarizə sahəsində Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir. Danılmaz həqiqətdir ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyət, dövlət və qeyri-hökumət təşkilatlarının vəhdəti, beynəlxalq arenada bu bəlaya qarşı qətiyyətli mübarizənin aparılması barədə çağırışlar ümumilikdə qarşıya qoyulmuş məqsədə nail olunmasında önəmli faktor olmuşdur.
Yeni dövrümüzdə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi geniş vüsət almaqla bərabar ona qarşı mübarizə də bir o qədər gücləndirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sınmaz iradəsinin və davamlı fəaliyyətinin nəticəsində günü-gündən qüdrətlənən dövlətimiz narkomaniyaya qarşı uğurlu mübarizəni daha da qətiyyətli şəkildə davam etdirir. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış və təsdiq edilmiş Tədbirlər Planı uğurlu siyasətin növbəti təzahürüdür ki, bu, hazırda cəmiyyətimiz üçün təhlükə mənbəyi olan narkomaniyaya qarşı mübarizə sahəsində xüsusi vurğulanmalı addımlardan biridir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərindən istifadə olunmaqla narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, istifadəçilərə təsiri, törətdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar hazırlanmışdır. Qeyd olunan əyani vəsaitlər narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Beləliklə, dövlətimizin narkomaniya ilə mübarizə sahəsinə son dərəcə ciddi əhəmiyyət verməsi, ölkə Prezidenti cənab İlham Əliyevin narkomaniyaya qarşı qətiyyətli mövqeyi, narkomaniyaya son qoyulmasına dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsini mühün dərəcədə zəiflədir.
Əli Qurbanov,
Tərtər rayon prokuroru
Baş ədliyyə müşaviri