Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Saran Daşdəmir qızı

    Seydimli kəndinin sakini Saran Həsənova 1915-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində doğulub. Atasının adı Daşdəmir olub. Gənclik illərində o, Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düşmüş, həyat yoldaşını itirmiş və öhdəsində 4 uşağı qalan Seyfəli ilə ailə qurub. Bir müddət Əmirvarda yaşayıblar. Sonra Seyfəli kişinin qardaşları onları özləri məskunlaşdıqları Tərtər rayonunun Seydimli kəndinə çağırıblar. Saran nənənin sonrakı bir əsrlik həyatı bu kənddə, doğmalaşdığı, pis günündə, yaxşı günündə yanında olan insanlar arasında keçib. Dörd övladı var. İkisi dünyasını dəyişib. Ögeylik-doğmalıq bilmədən qalan uşaq-ların hamısını böyüdüb, ev-eşik, ailə sahibi edib.
    Müasirlərimizdən fərqli olaraq Saran nənənin çox gözəl yaddaşı var. Yaşadıqlarını xatırlayaraq deyir:
    – Həyatım asan keçməyib. Çətinliklərlə, faciələrlə üzləşsəm də, yaşamışam, ailəm üçün, övladlarım üçün çalışmışam.
    Bu yaşında da Saran nənə nə həyatından, nə də ətrafdakılardan gileyli deyil. Şükr edə-edə, övladlarını sevə-sevə yaşayır. 26 nəvəsi, 60 nəticəsi, 2 kötücəsi var. Hamısı onun qulluğunda dayanır, keçmişlə bağlı söhbətlərini maraqla dinləyirlər.
    Sovet dönəmində Saran Həsənova N.Nərimanov adına kolxozun qabaqcıl pambıqçısı olub. Özünün dediyinə görə, mövsüm zamanı hər axşam qapana 200-250 kq pambıq qoyurdu. İlin sonunda əmək haqqından başqa mükafat da alırdı. Həmin illərdə qabaqçıllara mağazalarda az-az tapılan parça, qab-qacaq dəstləri, samovar verirdilər.
    Saran nənənin gəlini Südabə xanım deyir ki, uzunömürlü nənə bu gün də bütün yeniliklərlə maraqlanır. Elə ötən prezident seçkilərində də iştirak edərək, böyük sevgi ilə cənab İlham Əliyevə səs verib. Saran nənə özü isə belə deyir:
    – Həmin gün seçki məntəqəsinin üzvləri evimizə gəlmişdilər. Mən də səs verdim. Deyirlər yenə də seçkilər olacaq. Deputatlarımızı seçəcəyik. Hamımız çalışmalıyıq ki, xalqımızı düşünən insanlar seçilsin.
    Beləcə, bir əsrdən çox yaşı olan Saran nənə məntiqli düşüncəsi, gözəl zehni ilə bizi valeh etdi. Allah ömür versin!

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 09:04

İsmarıclar bağlıdır.