RUHUMU GÖYNƏDƏN SƏS
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir. Daha ətraflı »
Yeni ismarıclar