UĞURLARIN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan XIV konfransda Prezident İlham Əliyev bildirmişdir ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, xüsusilə bölgələrdə aparılan işlər öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür. Prezident demişdir: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir… Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.
Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə I Dövlət Proqramının qəbul edilməsi xalqımızın həyatında tarixi hadisə idi. Məhz bu proqram çərçivəsində bölgələrdə infrastruktur layihələrin icrasına başlanıldı, geniş quruculuq-abadlıq işləri görüldü, regionlarımızın siması gözəlləşdi.
Ötən illər ərzində həmçinin Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşmışdır. Sosial məsələlərin həlli bütün dövlət proqramlarında nəzərdə tutulmuşdur. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atılmışdır. Ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələr həyata keçirilmişdir.
Konfransdakı nitqində son illərin uğurlarından bəhs edən Prezident İlham Əliyev demişdir: “Mən xatırlayıram ki, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvələrində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik”.
Nitqinin sonunda ölkə başçısı əminliklə bildirmişdir ki, əvvəlki iki proqram kimi, III Dövlət Proqramında 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək.
“Yeni Tərtər”