Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır, ipəkçiliyin müasir infrastrukturu yaradılır və yeni tut bağları salınır.
Rayonda bu sahədə dinamik artım müşahidə olunmaqdadır. Belə ki, ötən il Tərtər rayonunda 6,5 ton barama istehsal edildiyi halda, bu il 12 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 300 qutu barama qurdu gətirilərək artıq kümçülərə təhvil verilib. Hazırlıq prosesi çərçivəsində rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə mütəxəssislər tərəfindən kümxanaların hazırlanması ilə bağlı müvafiq təlimatlar verilib, həmçinin ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanılıb.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki zəngin təcrübəsi və bu sahənin yüksək gəlirliliyi yaxın gələcəkdə barama istehsalını dəfələrlə artırmağa geniş imkanlar açır.

