Sizə bir nağıl danışacağam, qulaq asanda ayağınızın altından yer qaçacaq, nitqiniz quruyacaq, danışmağa söz tapmayacaqsınız, Düşünən beyniniz iflic olmaq dərəcəsinə gələcək. Mən öz nağılımı söyləməklə oxuyucularımı özləri ilə baş-başa qoymaq istəyirəm.
Günlərin bir günündə,
gözümüzün önündə,
Tarixin yaddaşında,
Yayında yox, qışında,
Hər yana çiləndi qan,
Dağlandı Azərbaycan!
Biri vardı, biri yoxdu, Qoca Zaman adlı uzun-uzun illəri yola salmış ahıl bir kişi vardı. Bu kişinin dörd oğlu, hər oğlunun da üç balası vardı. Dünyanı yorub yola salmış baba öz övladları ilə çox mehriban yaşayardı. Xoş günlər də görmüşdülər, qəmə də düçar olmuşdular. Hamısından da üzüağ, alnıaçıq çıxaraq həyatlarını yaşamaqda, bir-birini yaşatmaqda davam edirdilər.
Günlər, aylar beləcə ötüşürdü. Bir gün Zaman kişinin Fevral adlı nəvəsinin sevinci ərşə çəkildi, gözləri qan ağladı, ürəyi para-para oldu. 26 yaşı olacaqdı Fevralın. Təzəcə 25-i tamam edirdi ki, Azərbaycan deyilən çox-çox qədim tarixə malik bir ölkənin üzərinə qara buludların çökdüyünün şahidi oldu. Şan-şan oldu sinəsi. Niyə də olmasın? Axı, çörəyi özünə qənim kəsilən bu diyarda çox da uzaqda yox, elə öz qonşuluğundanca süfrəsinin artığı ilə dolananlar növbəti dəfə hücum edərək nanəciblik göstərmişdilər. Odlar diyarının Xocalı adlanan sevimli bir guşəsi məhz o gün elə ağır bir dəhşətlə üz-üzə qaldı ki, Qoca Zaman hələ ömründə belə müsibətə tuş gəlməmişdi. Onun hafizəsində çox kədərli, ağrılı hadisələr kök salmışdı, ancaq beləsinin heç misli görünməmişdi. Yaşadığı neçə-neçə qəzavü-qədərli illər ərzində bu kişi hələ bu qədər sarsılmamışdı.
Dağladılar, yamanca dağla-dılar Zaman Qocanı. Qaysaq bağlamamış yarasına köz basdılar. Harada görünmüşdü ki, şaxtanın qılıncdan iti olduğu bir vaxtda ululuğu Zaman babanın özü ilə tənləşən bir yurdu viran qoyasan, ağlasığmaz qəddarlıqla arvad-uşağa, qoca-cavana, bir sözlə, “məmə deyəndən pəpə yeyənə” atəş açasan, tanklar altında qoya-san?! Harada görünmüşdü ki, bir gecənin içində 613 nəfərin həyatına son qoyasan, 6 ailəni tamamilə yox eləyəsən, 1277 nəfəri əsir götürəsən?! Bəs harada görünüb ki, dinc əhalinin üstünə hücum çəkib qızıl qanına boyayasan?! Heç o da görünməyib ki, adından da qədim tarixi olan bir şəhəri yer üzündən siləsən. Bu da azmış kimi öldürdüyün insanların cəsədləri üzərində vəhşiliklər törədəsən.
Hey fikirləşirdi Zaman baba. Düşüncələri alt-üst olmuşdu, kələfin ucunu itirmişdi. İnsanlığa yad olan hərəkətlər baba-nın əzəldən xoşuna gəlməzdi, belələrini yaddaşının “qara siyahı”sında yerləşdirərdi. Həmişə də birini digəri ilə müqayisə edər, hamısına da nifrətlə yanaşardı. Bu dəfə isə ən pisi oldu. Ahıl çağında rast olduğu müsibətləri heç nə ilə müqayisə eləyə bilməyəndə kişinin ürəyini bir yandan təəssüf, digər tərəfdən isə qəzəb hissi çuğladı. Öz-özünü qınadı baba: “Axı niyə bu vaxta kimi dostumuzla düşmənimizi tanımamışıq?! Nə üçün dönə-dönə xəyanət qurbanı ola-ola, yenidən qarı düşmənə “kirvə” demişik? Niyə? Niyə?!..”
Bu niyələr kişini lap yorub əldən saldısa da, qürurunu yerə qoymadı, özünü toxtatdı, çətinliklə də olsa belini düzəltdi, başını dik tutdu, od övladlarını ayıq-sayıq olmağa, haqq səslərini ucaltmağa, bütün dünyanı xəbərdar etməyə səslədi: Var olsun Azəri yurdunun dünayanın hər yerinə səpələnmiş azadlıqsevər, humanist oğul-qızları! Vətənin üstünü bəla alanda dinc oturmağı özlərinə haram bildilər. Azərbaycan həqiqətlərini yorulmadan, qoruq-qadağalardan çəkinmədən böyük-böyük ölkələrin nəzərinə çatdırmağa, müqayisəyəgəlməz qətliamı tanıtmağa çalışdılar (elə indi də çalışırlar).Vicdanı özünə baş tacı hesab edən hər bir azərbaycanlı və azərbaycansevər anamız Azərbaycanın qəddini əyilməyə qoymadı, dərdi, qəmi də, sevinci, xosbəxtliyi də birgə bölüşdü. Bütün bunlar Zaman dədənin yaralarının üstünə, azacıq da olsa, su səpsə də, hələ də göynəyir, sızıldayır, dözmür ağrıya kişi. Çünki tapdaqda olan bölgələrimiz hələ də öz sakinlərinə həsrətdir. Xocalıların qanı tökülən torpağın üzərində narahat ruhlar dolaşır: Ruhların vətən həsrəti, yurd sevgisi mənim də ürəyimi göynədir. Qəlbimdən keçənləri qeyrətli şairimiz Oqtay Rzanın misraları ilə bildirirəm:
Birləşib qələbə çalmasaq əgər,
Sənin qisasını almasaq əgər,
Demək nə dövlətik, nə xalqıq onda
Batarıq zamanın burulğanında
Bir də söyləyirəm ,bir də, Xocalı
Bu qan qalmayacaq yerdə, Xocalı!
Deyirlər ki, nağılların sonu xoşbəxt sonluqla qurtarır. Qoy elə belə olsun. Vətən torpaqları azad, bütöv, geniş ərazili olsun.
Sitarə Xəlilova,
Hacıqərvənd kənd tam orta məktəbinin təlim-tərbiyə
işləri üzrə direktor müavini