Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    RUHUMU GÖYNƏDƏN SƏS

    1456427673_yenisumqayit.az-05photo_312061992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

    Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
    Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir.
    O gecə tarixim ləkələndi, paklığım zədələndi: Heysiyyatım, qürurum, mənliyim tapdalandı.
    Həmişə, hər zaman olduğu kimi üzbəüz gəlməyə cəsarəti çatmayan xain, nankor, naqis düşmən bu dəfə də arxadan zərbə vurmağı seçdi. Gecənin qaranlığında, şaxtanın, ayazın ilikləri donduran bir vaxtında, quduz kimi Xocalıya hücum çəkdi.
    Xocalı uyuyurdu. Qışın bu sərt soyuğunda qar yağır, şaxta qılınctək kəsir, buz kimi külək dayanmadan əsirdi. Bu çovğunlu havada isti yuvaları, doğma od-ocaqları bir az da əziz gəlmişdi xocalılara. Hamı yatırdı. Lakin heç kim bilmirdi ki, doğmaça yurdda o gecə son gecədir. Qəfil bəla gələcək, hər şey alt-üst olacaq…
    Gecənin sakitliyini pozan küləyin səsini qəfil ərşə qalxan nalə səsləri batırdı. Sakitcə şəhərə daxil olan azğın düşmən evlərə od vurmuşdu. Nə baş verdiyini anlamayan sağ qalan soydaşlarımız çöldə onları daha dəhşətli faciənin gözlədiyindən xəbərsiz dağlara, dərələrə, meşələrə üz tuturdu. Ana balasının birini götürəndə o birini qoyub getməyə məcbur olurdu. Yara-lılar canına qəsd edirdi, əsir düşməsin deyə, qız-gəlin özlərini daşdan atırdılar, namusu ayaqlanmasın deyə. Azğın düşmən qan tökməkdən doymurdu, dayanmırdı. Daban-dabana gəlirdi. Qarşısına çıxanı bir-bir əsir alırdı. Diri-diri yandırır, dərisini soyurdu. Başlarını kəsərək qanlarını içirdi. Hamilə qadınların qarınlarını doğrayırdı. Südəmər körpələrin gözlərini oyurdu. Gözü qandan doymayan bu cani canavarlar, bu eybəcər məx-luqlar cəsədlərə cumurdular, qol-qıçlarını sındırdılar.
    Xocalının hər qarışında qan izi var. O günahsız millətimin qanıdır. Düzlərdə, dərələrdə insan sümükləri var. Bunlar kəfənsiz, dəfnsiz qətlə yetirilmiş soydaşlarımın sümükləridir. İyirmi beş ildir ki, ruhlar narahat gəzir. Hələ də fəryad səsi var.
    Xocalı qan ağlayır. Çünki hələ əsirdir, onu düşmən tapdayır.
    Biz hər yanında narahat ruhların dolaşdığı o vətən torpaqlarını artıq geri almalıyıq. Acılar azalsın deyə, ağrılar kəssin deyə, nisgillər bitsin deyə.
    …Günlər o gün olaydı. Cocuq Mərcanlıdan başlayan bu yol davam edəydi.Vətənində qəriblər vətəninə dönəydi. Sevinc yaşı sel olan, o köçə qoşulaydım, yurduma qovuşacağam. Öpəydim torpağını, daşını, qayasını. Gəzəydim qarış-qarış. Didərgin uşaqlığım, qərib keçən gəncliyim bir az təsəlli tapaydı. Ruhumun göynərtisi azacıq azalaydı.
    O gün uzaqda deyil. Buna qəti əminəm. Müstəqil Azərbaycanımın iqtisadi, siyasi, hərbi, maddi-mənəvi və fiziki gücü, onun layiqli dövlət başçısı cənab İlham Əliyevin dünaynın çalxalandığı bir vaxtda atdığı qəti addımlar məndə bir vətəndaş kimi bu əminliyi yaradır. Eyni zamanda aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət, xalqımızın birliyi, həmrəyliyi, hərbiçilərimizlə çiyin-çiyinə dayanması, mübarizliyi bunu deməyə əsas verir. Biz canımız, qanımız bahasına olsa da torpaqlarımızı mənfur düşmənin işğalından azad edəcəyik.
    Tanrım, qoru yurdumu, bir də bəla görməsin!
    Tanrım, qoru xalqımı, bir də şəhid verməsin!

    Fərqanə Kərimova,
    2 saylı məktəb-liseyin Azərbaycan
    dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 13:22

    Teqlər:

İsmarıclar bağlıdır.