ELİMİZİN UNUDULMAZ OĞLU
Nəvələrimdən xahiş etdim ki, internetdə Dərələyəzin məşhur adamları ilə maraqlansınlar. Xalq şairi Vahid Əzizin, Tofiq Yusifin və digərlərinin adı çıxdı. Ancaq köhnə dərələyəzlilərin çox yaxşı tanıdığı və sevdiyi Əziz Cəfərovun adına rast gəlmədik. Bu insan internet dövründə yaşamayıb. Onun xatirəsi barədə məlumatları sosial şəbəkələrdən deyil, insanların yaddaşından öyrənmək olar.
Mən də bu yolla getdim. Əvvəlcə böyüklərdən, xüsusən də anamdan eşitdiklərimi yadıma saldım. Cəmi 46 il yaşayan, elin böyük məhəbbətini qazanan Əziz əmi haqqında anamın dediklərindən:
– Əziz kişi çox yaraşıqlı, eyni zamanda çox zəhmli idi. Cavan olmasına baxmayaraq, yaşadığımız Her-her kəndinin ağsaqqalı sayılırdı. Kənddə ermənilərlə azərbaycanlılar birgə yaşadıqları üçün, tez-tez xoşagəlməz hadisələr baş verirdi. Azərbaycanlıları incidirdilər. Əziz kişi bizim ümid yerimiz, dayağımız idi. Hər kəsi öz doğması kimi qoruyur, kömək əlini uzadırdı. Buna həm də onun vəzifə səlahiyyətləri imkan verirdi. O zaman Əzizbəyov rayon partiya komitəsinin ikinci katibi işləyirdi.
Anamdan onu da eşitmişəm ki, o dövrdə Əziz əmi həmişə ağ atın belində kəndləri gəzər, insanların həyat tərzi, qayğıları ilə yaxından maraqlanardı. Həmin atın adı Dariko idi. General atı olmuşdu. Anam deyirdi ki, o at Əziz əmidən başqa heç kimi yaxınına qoymazdı. Uşaq olsam da, həmin illəri mən də xatırlayıram. Bizim Her-her kəndi əsasən dağlıq ərazidə, çay kənarında yerləşirdi. Burada böyük kövşənliklər, əkin sahələri, füsunkar meşələr vardı. Əziz Cəfərov kəndimizin ən savadlı nümayəndəsi, raykom katibi idi. Böyüklərin dilindən eşitmişdik ki, o, hansısa böyük bir məktəbi (Bakı Ali partiya məktəbini) bitirib. Əziz Cəfərov ağ atı ilə kəndə gələndə, hamımız sevinirdik, çünki həmin günlərdə evdə valideynlərimizin də əhval-ruhiyyəsi çox yaxşı olurdu. Daha ətraflı »
Yeni ismarıclar