Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,723
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22May

    “Ruhumun səsi”

    Mayıl Həsənoğlu Məmmədli (Mayıl Asiman) 1961-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. 1967-1977- ci illərdə R.Nəbiyev adına Soyulan kənd orta məktəbini bitirib. 1986-1994-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatr rejissorluğu ixtisası üzrə ali təhsil alıb. Uzun illər Mədəniyyət və İncəsənət sahələri üzrə ssenarist, rejissor, metodist, bədii rəhbər və direktor olaraq çalışıb. Eyni zamanda nağara ifaçısı olaraq müxtəlif ansamblların üzvü kimi televiziyada, konsert proqramlarında çıxış edib. Kiçik yaşlarından şeirlər yazıb. Şeirləri, xatirələri və publisist yazıları bir çox qəzet və jurnallarda, antologiya və almanaxlarda dərc olunub. 2014-cü ildə “Eşqim məcnun söyüddü” adlı ilk şeirlər kitabı “Adiloğlu” nəşriyyatında çap olunub. “S. Rəhimov adına Qubadlı rayon ədəbi birliyi”nin və “Ziyalı ocağı” İctimai birliyinin üzvüdür. İki övladı, dörd nəvəsi var.
    Bu yaxınlarda Mayıl Məmmədli Tərtərdə olarkən, “Ruhumun səsi” adlı yeni kitabını kollektivimizə bağışladı. Kitabı böyük maraqla oxuduq. Burada müxtəlif mövzularda şeirlər toplanıb. İstər vətənpərvərlik, istərsə də fəlsəfi, yaxud məhəbbət mövzusunda yazılmış şeirlərin hamısını bir ümumi cəhət birləşdirir – bunlar, özü demiş, Mayıl Məmmədlinin ruhunun səsidir. “Adına Vətən deyirəm” şeirində o, yazır:
    Sənsən ilk “Əlifbam”, “Oxu” kitabım,
    Səninlə başlayıb həyat vəsiqəm.
    Ruhundan yoğrulub əzmim, inadım,
    Sənə xidmətimdir hər vaxt vəzifəm.
    Bu fikir “Ruhumun səsi” şeirində də öz təsdiqini tapır:
    Mən Vətən aşiqi, söz xəstəsiyəm,
    Könüllər nəğməsi, saz bəstəsiyəm,
    Yurdumun yanıqlı şikəstəsiyəm,
    Bəzən coşğuluyam, bəzənsə kövrək,
    Dinləyin, susmamış sinəmdə ürək.
    Mayıl Məmmədlinin məhəbbət şeirləri səmimi və qəlbəyatandır. Bu şeirlərdəki həsrət, hicran, sevinc hissləri ürəklərə yol tapır. “Qayıtmayaydın” şeirində şair deyir:
    Getmişdin, yad idik nə vaxtdan bəri,
    Kim yazdı ömrümə səni yenidən?
    Qaytardı əzabı, qəmi, kədəri,
    Qaytardı dumanı, çəni yenidən.
    * * *
    Getmişdin, ünvanın özgəydi sənin,
    İndi bəs nə oldu tez məni tapdı?
    Özgələr yolunda çapan köhlənin,
    Dəyişib səmtini yoluna çapdı.
    “Duman içində” şeiri də onun ruhunun əks-sədasıdır:
    Talemi göndərdi, qismətmi düşdü,
    Necə əziz oldun bir an içində?
    Ağrılı günlərim tezcə ötüşdü,
    Qıymadın üzüləm aman içində.
    Mayıl Məmmədli ailəsini, dünyadan köçən həyat yoldaşını, övladlarını və nəvələrini sonsuz məhəbbətlə sevir və onun bu mövzuda yazdığı şeirlər şəxsi düşüncələrdən çıxaraq, ümumi bir məna da-şıyır:
    Boyu biçim-biçimdir,
    Fərəhim, sevincimdir,
    Mirvarimdir, incimdir,
    Nəvəmin hər birisi.
    Həmyerlimizi yeni kitabının çapdan çıxması münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:59

İsmarıclar bağlıdır.