SEVMƏYİ
A xan çinar, xanlığını unutma, Belə tənha hiss eləmə özünü, Toplaginən qanadının altına, Üstümüzdən əskik etmə gözünü, Öyrət bizə bu torpağı sevməyi.
Yıxılmazsan, torpaqdadır ayağın, Sənə verib ürəyinin o yağın. Sən torpağın, torpaq sənin dayağın, Dost vəfası ağ eləyib üzünü, Öyrət bizə bu torpağı sevməyi.
Ağrısını-acısını duymadıq, Ac qurd kimi çalıb-çapdıq, doymadıq. Bölüşdürdük, bir qarış da qoymadıq, Qopartmışıq yarasının gözünü, Öyrət bizə bu torpağı sevməyi.
Xeyir tapmaz kim ki, ona xor baxdı, Məsəl vardır: “Ağac kəsmə bar vaxtı”. Sən xan çinar, xanım anam torpaqdı. Gərək öpüb, qucaqlayaq dizini, Öyrət bizə bu torpağı sevməyi.
A xan çinar, bu dünyanın dərdi bol, Rafiqin qəm yükünə şərik ol. Son mənzildi, axır gedir ona yol, Vallah, bizdən döndərəcək üzünü, Öyrət bizə bu torpağı sevməyi!
|
İLLƏRİ
Tərlan könlüm qərar tutmaz bir yerdə, Əzəl gündən məskən etmiş elləri. Aşiqiyəm bir xınalı kəkliyin, Soraqlaşıb dolaşıram çölləri.
Qəlbim çətin yad ellərdən yar uma, Dönük çıxsan, yar, eşqindən yarıma. Hansı namərd qıysa mənim yarıma, Tanrı çəksin gözlərinə milləri.
Naşı, mənlə bəhsə girmə bir də ha! Köhlən atım mənzil döyər bir dəhə. Tale bizə ürcah etdi bir daha Qaymaqlanmış şirin-şəkər dilləri.
Vaxt var idi ölmə-diril dolandıq, Bulud kimi boşalandıq, dolandıq. Axır biz də o bağçanı dolandıq, Manşırladıq qızqaytaran gülləri.
Öyünmə ki, Rafiiq, könlüm da şaddı, Hacan dedim həyat mənə daş atdı. Gəncliyimi torba ilə daşıtdı, Deyin necə qınamayım illəri?!
|
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
18YanƏdəbiyyat üçün şərhlər bağlıdır
MƏMMƏD ARAZIN
(TOFİQ YUSİFƏ)
Nələr gördü, nə düşündü, nə yazdı,
Şükür hələ Dədəm Qorqud varıymış.
Anlamayan yəqin ağlı dayazmış,
Söz mülkünün sərvətiymiş, varıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən ilqara, vəfaya bax, a qardaş
Tənhalıqda uca dağa qar adaş.
Bizdən ötrü o göyərən qara daş
Dar ayaqda arpa cadı, darıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Duman tutub, çətin keçəm bu dağdan,
Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.
Ağıl dözmür, sallanan çox budaqdan,
Gövdədə ki, bir qocalmış qarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən də hərdən, ara dostu, dəy, toxun,
Nə bir qəlbi incit, nə də dəy, toxun.
Mun-min acdan yox xəbəri day toxun–
Dövlətlinin qulaqları karıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Bu xinaya bənzəməyir o xına,
Müəmmadır, çətin hələ oxuna.
Su tökdülər Yalıncığın oxuna,
Onun da ki, əsli-kökü xarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq, ha dönsə də dünyanın dəfi,
Şair–haqq aşiqi, pozulmaz səfi.
Getdi, qoydu varis Tofiq Yusifi,
Halal olsun, bəxti ona yarıymış!
Qəbri nurla dolsun Məmməd Arazın!
İNCİMƏZ
Ürəkləri sevdiyimi küləklər
Gedib yara bildirməsə yaxşıdır.
Vahid Əziz Vahid
Əziz, belə dərddən çox ola,
Çiçəklərin aşiqləri çoxala.
Ürəyindən şübhələri qovala,
Sev çiçəyi, yarın səndən inciməz.
Eşqin ilə sal aləmə haray sən,
Külək onu hər tərəfə qoy yaysın.
Bu sevginə nə gileylən, nə vaysın,
Sev çiçəyi, yarın səndən inciməz.
Buz bulaqdan lilpar ilə dər su iç,
Kəkotudan çay dəmlədib süfrə aç.
Hər dərdimə hər çiçəyim bir əlac,
Sev çiçəyi, yarın səndən inciməz.
İlham pərim qızılgüldü, nərgizdi,
Hər ləçəyi yüz mənalı bir sözdü.
Ürəyinin lap başında dər gəzdi,
Sev çiçəyi, yarın səndən inciməz
Duyan olsa çiçəklərin sirrini
Hər addımda ovsunlayar sirr onu.
Nazlı yarın qədəminə sər onu,
Sev çiçəyi, yarın səndən inciməz.
Rafiq, heyif, qəddimizi yaş əyir!
Qocaltdıqca bizi, özün yaş öyür.
Çiçək varsa dünyamız da yaşayır,
Sev çiçəyi, yarın səndən inciməz.
Teqlər: Ədəbiyyat
-
10YanƏdəbiyyat ZORAKILIQ üçün şərhlər bağlıdır
(Novella)
Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
10YanƏdəbiyyat TƏNHA AĞAC üçün şərhlər bağlıdır
İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı… Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
10DekƏdəbiyyat QƏBİRİSTANLIQ YOLUNDA MÖCÜZƏ üçün şərhlər bağlıdır
Payız hamıdan qabaq qəbiristanlığı “ziyarət etmişdi”–otlar qurumuş, kolkoslar və ağaclar sarı həsrətə bürünmüşdü. Hər tərəf, hər yan yuxalıb kövrəlmişdi, sanki təbiətin özü də qəbiristanlıqda səssiz-səmirsiz ağlayırdı.
Qəbiristanlığa gedən yol şırım kimi payızın içindən keçirdi, elə bil yol da nigarançılıq çəkirdi–gəlib-gedəni yox idi. Bu yol hara getdiyini və hardan gəldiyini özü də bilmirdi. Bir az da insan ömrünə bənzəyirdi bu yol–sonu harda bitəcək, kim bilər ki?
Mahirə xanım Kamranın maşını ilə üzü dağlara sarı çözələnib gedən narahat daşlı-kəsəkli, çala-çökək bir yolla Qasım Qırxqızlının uyuduğu qəbiristlanlığa tərəf gedirdilər. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
21NoyƏdəbiyyat PAYIZ OVQATI üçün şərhlər bağlıdır
Bəxtiyar Vahabzadə
YAVAŞ-YAVAŞ
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün, Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır:
“Bəxtiyar, göylərdən en yavaş-yavaş!”.
Teqlər: Ədəbiyyat
-
29OktƏdəbiyyat ŞEİRLƏR TANRININ PIÇILTISIDIR üçün şərhlər bağlıdır
Tofiq Yusif ÖMRÜMÜN PAYIZI
Ömrün payızında qarşıma çıxdın –
Daha çiçəyim yox, daha gülüm yox.
Odumla mən səni yandıracaqdım…
Daha ocağım yox, daha külüm yox.
Qurumuş dəryada mən – sınmış qayıq,
Sən gülə, mən çürük kötüyə tayıq.
Ürəyin Füzuli eşqinə layiq,
Mənim o sevdaya layiq könlüm yox.
Sənə məhəbbətdir, mənə qəmdir yaz,
Sənə layla, mənə dərd – ələmdir saz.
Sənə bulaq qıyan mənə şeh qıymaz,
Daha bundan betər qara günüm yox.
Mən –xəzəl, sən isə yamyaşıl yarpaq, Bu dünya sənə eşq, mənə dağdır, dağ.
Qəlbim –susuzluqdan çatlamış torpaq,
Daha yağışım yox, daha selim yox.
Dərdimi açası deyim qalmayıb,
Səni sevməyə də heyim qalmayıb.
Kəfəndən savayı geyim qalmayıb,
Bundan ağır sitəm, ağır zülüm yox.
Gedir, yaşamağın həvəsi gedir,
Gedir, bir şairin nəfəsi gedir.
Allahın da məndən zəhləsi gedir—
Mənə əzab verir, amma ölüm yox.
Ağrılar yüküyəm mən Tofiq adda,
Halıma göynəyir qohum da, yad da.
Canlı kölgəymişəm mən bu həyatda—
Bir izə dönəsi ayım, ilim yox.
Teqlər: Ədəbiyyat
-
19OktƏdəbiyyat BƏZİ SÖZLƏRİN YAZILIŞINDA OLAN DƏYİŞİKLİKLƏR üçün şərhlər bağlıdır
Müasir Azərbaycan ədəbi dili mükəmməl, sabit normalara malikdir və bu, dilin dəyişməzliyindən irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normal dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin aşağıdakı normaları meydana çıxır.
1. Fonetik norma.
2. Leksik (leksik-semantik) norma.
3. Qrammatik (morfoloji və sintaktik) norma.
Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
28SenƏdəbiyyat DİLİMİZ QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır
Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili onun qürur mənbəyidir.
Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlamışdır: Xalqın alov dilli şairi Xəlil Rza Ulutürk böyük qürur hissi ilə söyləyib.
Yaddan çıxmaz ana dilim,
Doğransam da dilim-dilim…
Bəli, bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
Dilimiz milli sərvətimizdir. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz. Ana dilimizi tədris edən müəllim əlisilahlı əsgər kimi onun keşiyini çəkməli və dilimizi sevdirməyi bacarmalıdır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
20SenƏdəbiyyat TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Bu günlərdə həmyerlimiz Talıb Həsənoğlunun (Məmmədlinin) “Dünya, məni əyləndirmə, düşündür” adlı ilk şeirlər kitabı çapdan çıxıb. Bu topluda şairin müxtəlif illərdə yazdığı poetik nümunələr cəmlənib.
Kitabın redaktoru İdrak Rəhimoğludur. Məcmu “Gənclik” nəşriyyatında çap olunub.
Kitaba yazdığım ön söz əvəzinin “Yeni Tərtər” qəzetində dərc olunmasını Talıb Həsənoğlunun bir təbrik kimi qəbul edəcəyinə inanıram.ŞAİR BELƏ OLAR
Aqillər Həzrəti Sözə elə zirvə ucalığında hörmətlə, ehtiyatla və həssaslıqla yanaşıblar ki, onun dəyərinə, saflığına və müqəddəsliyinə xələl gəlməsin. Sözün qüdrətinə bax ki, Tanrı “Ol!” deməklə kullü kainat bərqərar olub. Yəni Həzrəti Söz Tanrıdan sonra ikincidir, bütün varlığın fövqündə dayanır. Sözə səcdə etmək gərəkdir ki, səni hər yerdə hörmətə-izzətə mindirsin.
İndiki dövrdə adamları peşəsinə görə bir neçə qismə bölürlər: “iş adamı”, “vəzifə adamı”, “din adamı”, “küçə adamı”, “bazar adamı”… və nəhayət, “söz adamı”. Daha ətraflı »Teqlər: Ədəbiyyat
Yeni ismarıclar