1970-ci illərin əvvəli gəncliyimin qaynar vaxtına təsadüf edirdi. Həmin illərdə bu gün mənfur qonşularımızın qarşısını kəsdikləri Tərtər çayının təlatümlü axışı, qarşısına keçən hər şeyi yerindən qoparıb aparan vaxtları varıydı. Yaşadığımız evdə çayın şırıltısı aydın eşidilərdi. Gecələri laylaya, gündüzləri nəğməyə bənzədərdim. Saatlarla ona qulaq asmağa adət etmişdim…
TƏRTƏRİM Göz açdım dünyaya qoynunda ilkin, Hüsnünə heyrandır insanlar bu gün. Mən sənə oxşadım belə ərköyün, Hissimi, duyğumu duyan Tərtərim.
Anamın laylası kəsilən zaman Sənin şırıltınla yatmışam, Tərtər. Laylana öyrəndim o vaxtdan yaman, Yuxuma şirinlik qatmışam, Tərtər.
Bəzən kükrədin sən, çağladın, daşdın, Səsindən az qala qopdu dağ-dərə. Bəzən sakitləşib, lal kimi oldun, Həzinlik yayıldı duyan qəlblərə.
Sənə ürəyimdə qibtə etmişəm Köksünü qabardıb, aşıb-daşanda Xəyalım yüz yerə aparıb məni Gecə sahilinlə qucaqlaşanda.
Kürə qardaş oldun, Araza sirdaş Açdı qucağını sənə Xəzərim Sənə heyran qaldı hər qaya, hər daş, Daimi mehriban olan Tərtərim.
Kaş ki, bir ləpənə dönə biləydim! Qəlblərə səpərdim məhəbbətimi. Həmişə sevincdən aşıb-daşaydım, İlk dəfə vurulan ürəklər kimi. Elfuzə VƏLİYEVA
TƏRTƏR Qoynu beşiyimdi, doğma anamdı, Qəlbimdi, canımdı,gözümdü Tərtər. Yurdumdu, yuvamdı, əzəl binamdı, Dilimdə ən şirin sözümdü Tərtər.
Torpağından alıb cövhərini can, Suları məlhəmdi, havası loğman. Sinəmdə ürəkdi, damarımda qan, Dizimdə taqətdi, dözümdü Tərtər.
Baharda suları elə ki, daşar, Nəğməli səsini səsimə qoşar. Mən onda yaşaram, o məndə yaşar, Mən onun özüyəm, özümdü Tərtər.
Gözümdə Günəştək ucadı, enməz, O, mənə əzizdi, mən ondan dönməz. Talıbam, qəlbimdə ölüncə sönməz. İsti ocağımdı, közümdü Tərtər. Talıb HƏSƏNOĞLU
TƏRTƏR Yenə bulud çöküb üstünə, Tərtər, İgid oğlanları çağır meydana! Ayağı dəyməsin yağı düşmənin Qəhrəman diyarım Azərbaycana.
Birinci Qarabağ savaşında sən Düşmənə layiqli cavab vermisən. Yenilməz qalasan, ey ulu Tərtər, Düşmən qarşısında sinə gərmisən.
Vətən oğulları, qalxın ayağa! İgidlik vaxtıdı, hünər vaxtıdı. Yağının başını ilan tək əzin, İndi qılınc vaxtı, xəncər vaxtıdı. Kamil TƏRTƏRLİ
TƏRTƏRİM Sənsən ilk ünvanım, ana qucağım, Halal duz-çörəyim, südüm, Tərtərim. Çağlayan təbimsən, isti ocağım, Heç zaman tükənməz odum, Tərtərim.
Təhsilim, tərbiyəm, hər bir öyüdüm, Düzlüyü, mərdliyi sayəndə gördüm. Qoynunda boy atıb, səndə böyüdüm, Adına bağlıdır adım, Tərtərim.
Düşmənin qarşında acizə döndü, Arzusu məhv oldu, çırağı söndü. Uludan ulusan, bəllidir indi, Tarixin özüsən qədim Tərtərim. Mayıl ASİMAN |
TƏRTƏRLƏ SÖHBƏT Tərtərdə Tərtərlə görüşdüm bu gün, Soruşdum: – Əhvallar, hallar necədi? Öpdüm qırçın dalğaların üzündən, Pıçıldadım: – Bizim ellər necədi?
Bir qurtum suyunda neçə dad duydum, Qoxladım, gül-çiçək ətrindən doydum. Başımı dizinin üstünə qoydum: –Bulaqlar necədi, göllər necədi?
Dağımdan süzülüb gəlirsən, Tərtər! Dərəmdən bollanıb dolursan, Tərtər! Yurduma həsrətəm, bilirsən, Tərtər! Döşlərdən sellənən sellər necədi?
Bulaqlarda tər yarpızlar bitirmi? Torpaq əlvan xalı altda itirmi? Cökəli meşələr çətir-çətirmi? O zümrüd yamaclar, yallar necədi?
Şəlalə boyunca farel uçurmu? Palıd ağacları puçur-puçurmu? Durnalar Murovda məskən seçirmi? Cığalar necədi, tellər necədi?
Laçın qaya, laçınların dururmu? Löh qalası, iftixarın dururmu? Ay Dəlidağ, şah vüqarın dururmu? Ər timsallar, nər misallar necədi?
Tərtər, qulağın kar, dilin laldımı? Düşmən səni kəməndinə saldımı? Talanmamış bircə qətrən qaldımı? Söylə, söylə, hal-əhvallar necədi? Zakir HƏSƏNOĞLU
TƏRTƏRİM MƏNİM A qardaş, soruşsan bu yurdu məndən, Polad dirəyimdi Tərtərim mənim. Həyatı düşünüb, duyduğum gündən, Arxam, köməyimdi Tərtərim mənim.
İgidlər bac vermir son nəfəsində, Məğrurluq, dönməzlik var körpəsində. Haqqın dərgahında, haqq süfrəsində Halal çörəyimdir Tərtərim mənim.
Abu-kövsər axır Tərtər çayında, Behişt qoxusu var sərin yayında. Torpaq davasında, el harayında, Darda gərəyimdi, Tərtərim mənim.
Qəhrəmanları var cahı – cəlallı, Heyran eyləyibdi bütün mahalı. Çox sorğu – suala çəkmə Hilalı, Vuran ürəyimdi Tərtərim mənim. Hilal BAYRAMOV
A TƏRTƏR Mərmi səslərinə cox diksinmisən, Toy-büsat səsinə oyan, a Tərtər! O günlər bir daha geri dönməsin, Şəfəqin nuruna boyan, a Tərtər!
Vətənsiz qalanda vətənimizdə, Günəştək parladın taleyimizdə. Açıb qucağını dar günümüzdə, Olmusan bizlərə həyan, a Tərtər!
Asif sənə qurban, a Cənnət diyar, Sənin nə bənzərin, nə də tayın var. Kəlbəcər soraqli Tərtər çayın var, Sən mənim anamsan, ay Ana Tərtər! Asif KƏLBƏCƏRLİ
TƏRTƏRƏ, DAĞLAR Daşları qalaylat, gölü gümüşlət, Çayları buğlandır, selləri kişnət. Bulaqları axıt, yolları işlət, Qarışsın alınında tər-tərə, dağlar.
Qıyma ki, quraqda təntisin havan, Ovşarla buludu qalmasın yavan, Qənirsiz gülləri saxla ki, cavan, Yar olsun həmişə tər, tərə dağlar.
Eşitdiyim əfsanədən biridi, Qoç təpələr qızıl yunlu dəridi, Dərələr qoynunda tənha pəridi, Siz Allah, göz olun Tərtərə, dağlar.
İMKAN |