(Novella)
Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər.
İndi mən nə etməliyəm? Bir yol göstərin. Amma, siz Allah, bu məktubdan onun xəbəri olmasın! Yoxsa…
Şikayət məktubunu oxuduqdan sonra qəzetin əməkdaşları Xeyransa Məmmədquliyevanı, Nazxanım Xanışovanı, Xanpəri Baxışovanı və Bağdagül Mənsimovanı iş otağıma çağırdım. Onları ərizənin məzmunu ilə tanış etdim.
Xeyransa Məmmədquluyeva həmişəki kimi sakit tərzdə danışmağa başladı:
–Zorakılıq sözünün mənası “hücum etmək” deməkdir. Adətən qadınlar kişilər tərəfindən zorakılığa məruz qalırlar.
Zorakılıq deyəndə əksəriyyətimizin beynində “döymək” və fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
Zorakılığın əsas 3 növü var. Fiziki, psixoloji və sosial.
Dövlətimiz hər cür zorakılığın qarşısını almaq məqsədi ilə hüquqi müstəvidə ciddi tədbirlər həyata keçirir, müvafiq qanun və qərarlar qəbul edilir, qüvvədə olan məcəllələrə əlavə və dəyişikliklər olunur, hətta həbs qətimkan tədbirləri də tətbiq edilir. Lakin kişilərin qadınlar üzərində zorakılığı hələ də aradan tam qaldırılmayıb.
Rayonumuzda da bu qəbildən olan hadisələr baş verir. Ona görə də respublikamızda qeydə alınan boşanmalara görə Tərtər ön cərgələrdədir və buna da əsas səbəb kişinin qadın üzərində zorakılıq əməlləridir. Bizə gələn şikayət ərizəsi də məhz bu dediklərimin əyani sübutudur.
Nazxanım Xanışova öz həmkarının fikirlərini bir az da genişləndirdi:
–Nəyə görə kişilər qadın üzərində “ağa”lıq etməlidir? Ölkəmizdə gender bərabərliyi aktual bir məsələ kimi qarşıya qoyulubsa, nə üçün belə zorakı hallar baş verməlidir? Axı, kişilərin hansı hüquqları bizdən üstündür?! “Zərif cins” adlandırılan xanımlara qarşı bu şiddət, bu aqressiya hardan qaynaqlanır?!
Fiziki zorakılıq bir yana, bu gün psixoloji zorakılıq “meydan sulayır”. Psixoloji zorakılıq dedikdə, insanın mənəvi zorakılığa məruz qalması başa düşülür. İstər fiziki, istərsə də sosial zorakılıq az müddətə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının kökündə məhz psixoloji zorakılıq dayanır. Bunun da günahı, əlbəttə, kişilərdə olur.
Bizə ərizə yazan o qadın görün zorakılıqdan nə qədər bezibsə, öz canına qıymaq dərəcəsinə çatıb. Görən onun kişisi heç utanırmı? Adam da öz ömür-gün yoldaşına, iki övladın anasına bu qədər məşəqqət çəkdirərmi?! Mən başa düşə bilmirəm ki, niyə bəzi kişilər bu qədər əzazil olurlar?! Əksər vaxtı ailə münaqişələrinin baiskarı məhz kişilərdir. Məncə, elə bu ərizəni yazanın əri də elə həmin vicdansız kişilərdəndir!
Xanpəri Baxışova da söhbətin axarına qoşuldu:
–Əlbəttə, kişilərin hamısı belə deyil. Öz ailəsini canından çox sevən kişilər də var, Lakin belə zorakılıq hallarını eşidəndə adam qəzəblənməyə bilmir. Ağıllı adamlar heç vaxt ailədə münaqişə yaratmazlar. Çünki bu münaqişələrdə zorakılıq əməllərinə məruz qalmış anadan çox əzab çəkən, gərginlik keçirən uşaqlar olur. Belə ailələrdə böyüyən uşaqların gələcəyi sual altında qalır və onlar çox aqressiv olurlar.
Məncə, zorakılığa məruz qalan həmin qadın mütləq məh-kəməyə müraciət etməli, bu yolla pozulmuş hüquq və azad-lıqları bərpa olunmalı və günahkar kişisi haqqında konkret tədbir görülməlidir.
Bağdagül Mənsimova digər zorakılıq halları ilə yanaşı əsas sosial zorakılıqdan bəhs etdi. Bildirdi ki, sosial zorakılıq da Azərbaycanda, həmçinin Tərtər rayonunda çox yayılıb. Adından da göründüyü kimi, sosial zorakılıq sosial sahədə baş verir. Məsələn, kişilər qadınları işləməyə qoymur, hər hansı bir yerə getməyə icazə vermir. Onun tələblərinə əməl etmədikdə isə aqressiya və işgəncə başlayır.
Kişilərin qadınları təhqir etməsi, şantaj, alçaltma, hədələmə, ləyaqətinə və şərəfinə xələl yetirmə kimi hallara yol verməsi psixoloji zorakılığın təzahürüdür.
Əlbəttə, zorakılıq tək bunlarla bitmir. İqtisadi zorakılıq, məcburetmə və laqeydlik halları da zorakılığı şərtləndirən faktorlar sırasındadır.
–Mənə qalsa–deyə, Bağdagül çıxışına yekun vurmaq istəyir–arvadının gününü qara eləyən həmin kişini redaksiyamıza çağırıb, ona bir “qulaq-burması” vermək lazımdır ki, digər bu sayaq kişilərə də bir ibrət dərsi olsun. Lap onun karikaturasını da qəzetimizdə verərik. Görün, o kişi öz arvadını nə günə qoyub ki, o yazıq redaksiyamıza müraciət etməyə məcbur qalıb.
Müzakirə qızışırdı. Onlar kişilərin əleyhinə o ki, var, döşədilər. Qadınlar oldu huri-mələk, dilsiz-ağızsız “zərif cins”in fağır nümayəndələri, kişilər isə oldu öküz, qanmaz, nadan, hissiyatsız, yalnız işgəncə vermək üçün yaranmış kobud bir varlıq.
Bunlar hələ bilmirdilər ki, redaksiyamıza ərizəni yazan evin qadını yox, kişisidir, arvadının ona verdiyi işgəncələrdən bezən yazıq kişi.
Tofiq YUSİF