(Novella)
Təyyarə ilə İstanbula uçacaqdıq. Yerimi təzəcə rahatlamışdım ki, yanımdakı oturacaqda bir kişi əyləşdi. Əvvəlcə diqqət göstərmədim. Fikrim Türkiyədə keçirəcəyim görüşlərlə məşğuldu.
Təyyarə uğuldadı, silkələndi, şütüyüb havaya qalxdı. Səmada öz sabit yolunu tutandan sonra içimdə bir asudəlik yarandı. Çönüb yanımda oturan kişiyə baxdım. Əvvəlcə yekə qara eynəyi gözümə sataşdı. Sonra alnından başının ortasına doğru irəliləyən dazlıq diqqətimi çəkdi. Qalın dodaqları biri-birinə sıxılmış, gözləri bir nöqtəyə dikilmişdi. Üzündə gərgin ifadə vardı. Çox qayğılı və kədərli görünürdü. Sanki bir yükün altında əzilirdi.
Qəfildən elə bil yuxudan ayıldım. Bu ki, hörmətli Məm-mədqulu müəllimdir–Məmmədqulu Zəkiyev, akademik, Universitetin sabiq rektoru.
–Salam, Məmmədqulu müəllim.
O, hələ də düşüncələr burulğanında çırpınırdı. Hannan-hana özünə gəldi. Çaşqın gözlərini üzümə zillədi.
–Əleykəsalam.
–Siz də İstanbula uçursunuz?
Sualım yersiz alındı. Utandım. Təyyarə İsdanbula uçurdusa, Məmmədqulu Zəkiyev də onun içindəydisə, ayrı hara uçacaqdı ki?
O, başını aşağı dikdi. Hiss etdim ki, danışmaq istəmir. Mənsə bu zəhlətökən və ayağından daş asılmış zamanın əzabından qurtarmaq üçün söhbət etmək istəyirdim. Yerinə düşdü-düşmədi nəsə demək, nədənsə danışmaq lazım idi. Ona görə də ağlıma ilk gələn sualı soruşdum:
–Siz rektorluqdan niyə azad edildiniz?
Məmmədqulu müəllim mürgüləyirdi. Mənə elə gəldi ki, o, suallara cavab verməmək üçün özünü yuxuluğa vurub. Gözləri yumulu idi. Sanki bu aləmdən təcrid olunmuşdu.
–Əşi, indiki zamanda bu sosial şəbəkələr ağıllarına nə gəldi döşəyirlər. Sizin Madrid sərgüzəştlərinizdən, mülklərinizdən, bahalı maşınlarınızdan, şadlıq saraylarınızdan və restoranlarınızdan, son zamanlar isə oğlunuzla birləşib, kontrabanda yolu ilə şərab biznesi ilə məşğul olmağınızdan qərəzli yazılar və görüntulər sərgiləyirlər. Şəxsən mən bunların heç birinə inanmıram. Onsuz da sosial şəbəkələr şər, böhtan məkanı olub. Qarışqanı şişirdib fil düzəldirlər. Soruşan da yoxdur ki, a balam, o boyda akademikin, rektorun, o boyda varidat sahibinin nəyi çatmır ki, gedib şərab kontrabandaçılığı ilə məşğul olsun?! Ayıbdır, belə şeylər danışmayın. Düz demirəm siz Allah?
Məmmədqulu müəllim heç qımıldanmadı da. Gözləri elə yumulu idi. Bilmək olmurdu yatıb, ya oyaqdı.
Mən isə hey danışırdım:
–Yazırlar ki, Sizin xaricə son səfəriniz maraqlı “məcaralar”la zəngin olub.
Əvvəlcə təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra güya təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə güya sizin 2 tonluq baqajınız olub. Oradan qayıdanda da eyni hadisə baş verib. Güya Sizə və oğlunuza məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Güya haqqında danışılan yük adi yol çemodanları yox, şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan xaricə aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə xarici şərab adı ilə Sizə məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrinizdə satılır.
Yazırlar ki, hətta Siz otelin restoranında şuluqluq da eləmisiniz. Yəni Sizin kimi hörmətli bir şəxs, bu yaramazlıqları eliyərmi? Əlbəttə, yox! Ağzıgöyçəklər ağa qara yamaq vurmağa bir candılar.
Dövlətimiz özünün bir vətəndaşı üçün daha nələr etməlidir? Özü akademik, rektor, deputat, oğlu fövqəladə və səlahyyətli səfir. Bu ailənin bütün ehtiyacları super təmin olunub. Məmmədqulu müəllim ağıllı adamdır. O, belə acgözlüyə yol verməz! Düz demirəmmi?–deyə yenə soruşdum.
Kişidən səs-səmir çıxmadı.
Mənsə yenə davam edirdim:
–Hətta saytlar yazırlar ki, Məmmədqulu Zəkiyevin dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi 6 villası, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq sarayları var.
Sonra siyahını az qala gözümüzə soxurlar:
Binəqədidə Varovski deyilən ərazidə-2 villası;
Quba rayonunda–1 villası;
Xızı rayonunda–1 villası;
Nabranda–1 villası;
Şüvəlan qəsəbəsində–1 villası;
Mərdəkan qəsəbəsində–1 villası;
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən “Milyonerlər məhəlləsin”də-1 villası;
Nərimanov rayonunda yerləşən–“Mona Liza” Şadlıq Şarayı;
8-ci Mikrorayonda restoran.
Bununla belə, Məmmədqulu Zəkiyevin paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə Nəriman Nərimanov heykəlinin yanındakı mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.
Bunlar bir yana. Televizorda göstərirdilər ki, Sizin qarajınızda 7-8 ədəd şəxsi, çox bahalı minik maşınlarınız var, hətta zirehli “Mersedes” də.
Fikirləşirəm ki, müsəlmançılıqdır da, biri ki, yıxıldı, ona balta çalan çox olar. Indi görürlər ki, işdən çıxarılmısınız, imtiyazlarınız get-gedə məhdudlaşır, başlayıblar üstünuzə ayaq açmağa…
Bu anda təyyarə hava limanında yerə enməyə başladı.
Dedim:
–Məmmədqulu müəllim, mən ordan bura kimi danışıram, amma Siz heç dinmədiniz.
Kişi yarıyuxulu gözləri ilə mənə baxdı və soruşdu:
–Məmmədqulu müəllim kimdir?
–Siz Məmmədqulu Zəkiyev deyilsinizmi?
–Xeyir.
–Bəs kimsiniz?
–Mən Bəhmən Bəhmənovam, Tərtərdə fermerəm.
–Pah atonan! Adam da biri-birinə bu qədər oxşayarmı?!
Tofiq YUSİF