AY BULAQ
Kürəyini söykəmisən dağlara, Üzü bəri ağayana axırsan. Sığal çəkib yal-yamacın telinə, Çiçəklərdən çələng hörüb taxırsan, Bir bizə də xeyrin olsun, ay bulaq!
Bu dağ döşü, bu sal qaya, busa su, Allah necə sehirləyib bu səsi?! Yanağında gözəllərin busəsi, Sevən könlü yandırırsan-yaxırsan, Bir bizə də xeyrin olsun, ay bulaq!
Sevib-savdın, heç qalmadı day çiçək, Mümkündürsə, birini də biz seçək. Əyildik ki, bircə qudum su içək, Barmağını gözümüzə soxursan, Bir bizə də xeyrin olsun, ay bulaq!
Mən özümə sirdaş billəm tək səni, Könlüm olur rahat görəntək səni. Gözlərində saxla yarın əksini, Məndən artıq o gözələ baxırsan, Bir bizə də xeyrin olsun, ay bulaq!
Yanaq lalə, göz piyalə, dodaq bal, Mail oldun, apardımı səni hal? Rafiqin ürəyinə salma xal, Şairin də könlünü al axır sən, Bir bizə də xeyrin olsun, ay bulaq! |
TƏHƏRİNDƏDİR
Kasıbın dərdini yuxu aparar, Ümidi açılan səhərindədir. Çətində titrəməz igidin dizi, Zəiflik qəlbinin qəhərindədir.
Bərəkət tökülər haqq verən öyə, Nadana layiqdi özünü öyə. Çox da ki, qələmə millənir göyə, Uçalıq ağacın bəhərindədir.
Dost tut günlərinin bacar ağında, Al yaman gününün bacar ağın da. Köhlənin tərifi qaçarağında, Yabının qiyməti yəhərindədir.
Vətən həsrətlisi gör nələr çəkir, Gözü bir gün gülür, beş gün yaş tökür. Füzuli qürbətdə ölsə də, şükür, Məzarı Kərbala şəhərindədir!
Rafiq, hər sözünün bax mənasına, Zərgər qiymət verər zər dənəsinə. İnşallah, tuş gəlməz el tənəsinə, Yazdığın tövründə, təhərindədir.
|
-
18Yan
Müəllif: Redaktor, 09:22
Teqlər: Ədəbiyyat