Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Mar

    ƏQİDƏ HEYKƏLİ

    Nəsimi şərqin ulu şairi, böyük fikir adamı olmuşdur.
    Məmməd Aslan
    Yaradıcılığı əlçatmaz zirvə olan İmadəddin Nəsiminin əlyazmaları ədəbiyyatımızın parlaq səhifələrindəndir.
    İlk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İmadəddin Nəsiminin 600 illik yubileyi dünya səviyyəsində qeyd olunub. Ulu öndərin davamçısı ölkə prezidenti İlham Əliyev şairin 650 illik yubileyi münasibəti ilə 2019-cu ili “Nəsimi İli” elan edib. Bu, dövlət başçısının Nəsimi əqidəsinə və bütövlükdə Azərbaycan ədəbiyyatına verdiyi dəyərin məntiqi nəticəsi kimi səciyyələnir. Məhz 2019-cu ildə Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı əlyazmaları tapılmışdır. Hər şeydən öncə Nəsimi Azərbaycan oğludur, ədəbiyyatımızı şərq ölkələrində geniş şəkildə tanıdan şəxsiyyətdir.
    Dahi şair 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olub və doğulduğu yerdə təhsil alıb. Çətin bir dövrdə yaşayan şairimizin yaradıcılığı da çox ağır təzyiqlərlə üzləşib. Ərəb, fars dilləri ilə yanaşı ana dilində yazdığına görə Nəsimi bir çox şairləri üstələyib. Seyid İmadəddin Nəsimi yaradıcılığı baxımından ədəbiyyatımızda ən öndə gedən klassik şairlərdən biridir. Böyük şair Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Zülfüqar Şirvani, Xaqani Şirvani, Arif Ərdəbilinin əsərlərinə maraq göstərib. Qəzəllərinin, müstəzadlarının dili çətin anlaşılsa da, bu nümunələri oxuduqca insanın ruhu dincəlir, hər bir sözün kəskin məna daşıdığı duyulur. Nəsimi Şah İsmayıl Xətai, Füzuli və Vaqif yaradıcılığına böyük təsir göstərib. “Neylərəm”, “Etməgil”, “Yanaram” məhəbbət, “Nədir”, “Bəhrül-Əsrar”(“Sirlər dəryası”) ictimai mövzuda yazdığı qəzəlləri ecazkar gözəlliyə malikdir.
    Yanaram rədifli qəzəlində:
    Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
    Vəslini arzularam, daxi betər yanaram-deməsi ilə öz yarından uzaq olduğu üçün yandığını bildirir. Söz ustadının üsyankar və məhəbbət mövqeyindən ibarət olan yaradıcılığı mənim fikrimcə bir xəzinədir, möcüzədir. İnsana aşırı dərəcədə Nəsimi qədər qiymət verən ikinci bir şair olmayıb. “Dünyanı murdar leş” adlandıran Nəsimi keçməkeşli həyat yaşasa da, onun müəlliminə istəyi və şagirdlərinin ona qarşı hörməti, yaradıcılığı ayrı-ayrılıqda bir nümunə üçün məktəb rolunu oynayır. Nəsimi sözünün mənası “səhər mehi” deməkdir.
    Üç təxəllüs(“Hüseyni”, “Seyid”, “Nəsimi”) ilə yazan şair şeirlərində xalqını qəflət yuxusundan ayıltmağa çağırır. Bu səbəbdən şairi tez-tez həbsxanalara salıb, əlyazmalarını yandırıblar.
    Hürufi ideyalarının təbliğinə görə ruhanilərin təzyiqlərinə tuş gəlibdir. Zülmlərə, etirazlara məruz qalmasına baxmayaraq o, əqidəsindən, mübarizəsindən dönməyib, ölüm anında belə:
    Mən surəti-mənidə həqəm həq,
    Mən həqqi-əyan, əyan mənəm mən söyləyərək “mən həqqəm” deyir.
    Ağır işgəncələrə baxmayaraq, Nəsimi həbsxanalarda olduğu zamanlarda da yazıb-yaradırdı. Faciəli şəkildə 1417-ci ildə Hələb şəhərində Misir hökmdarı İbn Müəyyəddinin fərmanı ilə dinsizlikdə günahlandırılıb edam olunan zaman qafil şeyxlərdən biri Nəsiminin qanı hara dəysə həmin yeri kəsib atmaq lazımdır. Həmin qan damcısından biri onun barmağına düşür. Şeyxin qorxudan rəngi ağarır və camaat onun barmağının kəsilməsini deyəndə o sözündən dönür və Quranda belə şey yoxdur deyir. Həmin zaman Nəsimi şeyxə xitabən deyir:
    Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
    Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
    Bu misralardan şairin nə qədər qorxmaz və əqidə sahibi olduğu aşkarlanır.
    Uşaqlıq vaxtlarından hər kəs bilir ki, Nəsimiyə qarşı ən böyük ədalətsizlik diri-diri onun dərisinin soyulmasıdır. Rənginin saraldığını düşmən görüb onun qorxduğunu zənn edər deyə qanını üzünə vurur. Bu onu sübut edir ki, o, həqiqətən Cavanşir, Koroğlu kimi igidlər ilə bir sırada dayanır.
    Ədəbiyyatımızda çox az şairə film həsr olunub ki, biri də ona ithaf olunan “Nəsimi” filmidir.
    Bakının Nəsimi rayonu, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik institutu, küçələr, məktəblər, elm-sənət mərkəzi, Nəsimi adına metrostansiya, obrazını əks etdirən təsviri sənət, musiqi əsərləri, üzü köçürülən əlyazmaları, elmi məqalələr, heykəli qoyulan adını daşıyan parklar, “Nəsimi” gəmisi, rəsmi toxunan xalçalar, təkrar-təkrar nəşr olunan ədəbi-bədii irsi, Nəsimi yaradıcılığının araşdırılması dissertasiyalar onun unudulmaz xatirəsini əks etdirir. Bir sözlə, dövlətimiz, xalqımız milləti üçün yaşayan, yaradan insanları əbədi olaraq tarixdə, qəlblərdə yaşadır və yaşadacaq!
    Biz fəxr edirik ki, Azərbaycan torpağı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi şairlər yetişdirib.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:28

İsmarıclar bağlıdır.