| BƏNÖVŞƏNİ
Sevdalı baharın ilk müjdəsi tək Dərib göndərirəm, al bənövşəni. Onu da mənim tək incitmə, zalım, Əzizlə, qeydinə qal, bənövşəni
Bağlayıb ümidin hər il bahara, O da mənim kimi həsrətdi yara. Sən də ürəyinə vurma bir yara, Onsuz da qanadıb kol bənövşəni.
Dəysin qoy ayağım o gülşən bağa, Sən allah dərdimi döndərmə dağa! Göndərirəm səndən cavab almağa, Naümid qaytarma gəl bənövşəni
Bəxtimə nə yaman qaranlıq çökür?! Ömür sarayını dərdi-qəm sökür. Sənə söyləyərdi, Rafiq, nə çəkir Tale etməsəydi lal bənövşəni. |
O GÖZ ƏLİYƏ
La ilahə illəllahdır əzbərim, Vurğunam sözdəki o gözəlliyə. Cənnət qoxusunun həsrətindəyəm, Ruhum bələnəydi o gözəl iyə.
Qıyma, gözəl, vaxtsız gedə göz əldən, Gözəl toxum əksən bitər gözəl dən. Gözəlliyi duymaq üçün gözəldən. Bu göz sayıb-seçə, o göz əliyə.
Rafiq, kimin evi halal tikilib El-oba içində başı dikəlib. Haqqa çatmaq üçün daim dikilib Bu göz Məhəmmədə, o göz Əliyə.
|
-
18Yan
Müəllif: Redaktor, 09:26
Teqlər: Ədəbiyyat

