Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan

     

    MƏMMƏD ARAZIN

               (TOFİQ YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdədə ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Mun-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xinaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

        

     Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    İNCİMƏZ

    Ürəkləri sevdiyimi küləklər

    Gedib yara bildirməsə yaxşıdır.

                                          Vahid Əziz Vahid

    Əziz, belə dərddən çox ola,

    Çiçəklərin aşiqləri çoxala.

    Ürəyindən şübhələri qovala,

    Sev çiçəyi, yarın səndən inciməz.

          

    Eşqin ilə sal aləmə haray sən,

    Külək onu hər tərəfə qoy yaysın.

    Bu sevginə nə gileylən, nə vaysın,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

    Buz bulaqdan lilpar ilə dər su iç,

    Kəkotudan çay dəmlədib süfrə aç.

    Hər dərdimə hər çiçəyim bir əlac,

    Sev çiçəyi, yarın səndən inciməz.

           

     İlham pərim qızılgüldü, nərgizdi,

    Hər ləçəyi yüz mənalı bir sözdü.

    Ürəyinin lap başında dər gəzdi,

    Sev çiçəyi, yarın səndən inciməz

     

    Duyan olsa çiçəklərin sirrini

    Hər addımda ovsunlayar sirr onu.

    Nazlı yarın qədəminə sər onu,

    Sev çiçəyi, yarın səndən inciməz.

                      

    Rafiq, heyif, qəddimizi yaş əyir!

    Qocaltdıqca bizi, özün yaş öyür.

    Çiçək varsa dünyamız da yaşayır,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

     

    Müəllif: Redaktor, 09:12

    Teqlər:

İsmarıclar bağlıdır.