İKİNCİ ÖMÜR
(HEKAYƏ)
Bahadur fikirləşib götür-qoy edir, ancaq qəti bir qərara gələ bilmirdi. Anasının sağlığında bir-təhər dözürdü, xətrinə dəyməmək üçün ürəyindən keçənləri büruzə vermirdi. Yoxsulluqla, təkbaşına böyütmüşdü anası onu. Bahadurun beş yaşı olanda atasını meşədə odun qıran zaman ağac vurmuşdu. Bir ildən artıq idi ki, anası da rəhmətə getmişdi. İndi ondan soruşan yox idi ki, niyə bikefsən? O da heç kimə əhvalını bildirmirdi. İki oğlu var idi. Həyat yoldaşı Müşgünazı anası bəyənib almışdı ona. O vaxt başqa-sını sevdiyini, keçmiş məktəb yoldaşı Qəmərlə əhdpeyman bağladıqlarını anasına deyə bilməmişdi. “Məni ürəyinin yağı ilə böyüdüb, qoy necə bilir elə də eləsin”–demişdi. Ancaq insaf naminə desək Müşgünaz Qəmərdən gözəl idi. Boy-buxunu, yerişi-duruşu kəndin çox oğlanlarına ah çəkdirirdi. Neyniyəsən ki, Bahadur Müşgünazı yox, Qəməri sevirdi.
Çox tərəddüddən sonra nə anasına olan sevgisi, nə yeddi illik ailə həyatı, nə oğlanlarının gələcəyi, nə də anası ilə birlikdə min bir əziyyət bahasına tikdirdikləri ev-eşik onun yolunu kəsə bilmədi. Günlərin birində ürəyindən keçənləri Müşgünaza danışdı. Müşgünaz heç başını da qaldırmadan: “Elə et ki, nə vaxtsa peşiman olmayasan”, –dedi.
Bahadur əlavə heç nə deməyib, qapını arxasınca örtdü…
Kənd yerində xəbər tez yayılır. Bir saat sonra bütün kənd bilirdi ki, Bahadur uşaqlarını qoyub, bir pencəyinən evdən çıxıb.
Kənd mağazasının qarşısında papaq atsan, yerə düşməzdi, Bahadurun hərəkətini müzakirə edirdilər. Hərə öz fikrində israrlı idi. Kimi deyirdi: “Vallah, düz eləməyib! Özü yetimçiliyi görmüşdü, gərək uşaqlarını da başsız qoymayaydı”. Digəri söyləyirdi: “Özü bir qarnı ac, bir qarnı tox böyümüşdü, uşaqlarına yetərincə mal-dövlət qoysa da, gərək belə etməyəydi!”. Başqa biri: “ Necə olsa da kişi gərək nəfsinin yox, əqlinin arxasınca getsin”, –deyirdi. Daha ətraflı »
Yeni ismarıclar