DÜNYA BİR BAZARDIR
Dünya bir bazardır-köhnə bir bazar, Alınıb-satılır adamlar burda. Ya xeyirxah olsun, ya mərdimazar, Hər cürə qiymətə adam var burda.
Çəkir ömürləri mizan-tərəzi, Duzun duz, kəmin kəm hesabı gedir. Süzgəcdən süzürlər hər birimizi, Ayrıca haqq-hesab kitabı gedir.
Elə adam var ki, çıxdaşdır daha- Piştaxta küncünə atılıb qalar, Adamlar görmüşəm qızıldan baha, Dəstəsi on qəpik olanlar da var.
Hər kəs qiymətini özü yazıbdır Qiymət kağızına öz əlləriylə. Kim nə dəyərdədir, nə qazanıbdır Ölçülür-biçilir əməlləriylə.
Taparsan burada kimi dilərsən, Bazar öz nırxını dəyişməz qəti, Bu dünya bazardır, özün bilərsən, Ya cəhənnəmi al, ya da cənnəti. Tofiq YUSİF
|
BUYMUŞAM
Məni əfəl görüb qına, Buymuşam, fələk, buymuşam. Bu daşı bu caynağımla Oymuşam, fələk, oymuşam.
Qar ələndi, yol islandı, Hardan olum istiqanlı? Ürəyimi qanlı-qanlı Soymuşam, fələk, soymuşam. Gözüm o dağın yalında, Gah sağında, gah solunda. Bu canı haqqın yolunda Qoymuşam, fələk, qoymuşam.
Mən düşdüyüm nə işiydi? Yerim, yurdum dəyişikdi. Bircə ölümüm əskikdi, Doymuşam, fələk, doymuşam.
Nağıla düşdüm, nağıla, Çətin bu yaram sağala. Zirəddin kimi oğula Qıymışam, fələk, qıymışam. Zirəddin QAFARLI |
DAŞ ÇIXARDIRAM
Altmışımda gəlib ağıl üstümə, Damağım yarılıb, diş çıxardıram. Gün doğub təzədən mağıl üstümə, Çilləm yol üstədi, qış çıxardıram.
Dodağım çatdıyır, dilim qabarır, Sahilləri yuyur, selim qabarır, Mən şeir yazanda əlim qabarır Qayanı çapıram, daş çıxardıram.
Hərdən qızdırması, dondurması var, Bəxtin olanımı sovurması var. Kişmişi yerində, qovurması var, Süfrəmə layiqli aş çıxardıram.
Gəldim, bu dünyanın dərdim dərdini, Dərdim, ürəyimə verdim dərdini. Dərdimnən ziyada gördüm dərdini, Qəlbim qan ağlayır, yaş çıxardıram.
Bu qədər qəzəbin, kinin içində, Bizim kara gəlməz minin içində. Bu qədər şeytanın, cinin içində Əlövsət, mənəm ki, baş çıxardıram Əlövsət SALDAŞ
|
-
31May
Müəllif: Redaktor, 10:35