Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31May

    DAHA HEÇ BİR KƏSƏ İNANMIRAM MƏN

    Səmti bəlli deyil əsən küləyin,

    İblislər cildinə girir mələyin.

    Tərsinə fırlanır çərxi fələyin,

    Zaman da zövq alır fitnədən, feldən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Göz yaşı da saxta, gülüş də saxta,

    Gediş də saxtadı, gəliş də saxta.

    Almaz da, qızıl da, gümüş də saxta

    Necə ayırasan qızılı misdən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qardaş qardaşının üzünə durur,

    Dost dediyin səni arxadan vurur,

    Haqsızlar haqlıya məhkəmə qurur.

    Kimə inanasan, kimə görəsən?

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qılınclar korşalıb qalır pasında,

    Dəyişib adəti toyun, yasın da.

    Gədalar allahlıq iddiasında,

    İzahat istəyir qarışqa fildən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Ülvi sevgi hanı, məhəbbət hanı?

    Məhəbbət yolunda dəyanət hanı?

    Düz ilqar, etibar, sədaqət hanı?

    Aldanır sevilən, aldadır sevən,

    Daha heç bir kəsə inanmıram mən.

     

     

    Yalanlar dördnala çapır atını,

    Kəsir həqiqətin yeddi qatını.

    Əsli nadürüstlər danır zatını,

    Bədxahlıq səpilir torpağa dən-dən,

    Daha heç bir kəsə inanmıram mən.

                                             Qədir TƏRTƏRLİ

     

    EHTİYAC

    Təbiət dincəlib, torpaq yatanda

    Göylərə əl açar qar ehtiyacı.

    Təzədən bahara növbə çatanda

    Oyadar bağları bar ehtiyacı.

     

    Bu qayda, bu nizam gəlməzmi xoşa

    Dağ-dağla yanaşı, gül-güllə qoşa.

    Tək nəğmə insanı gətirməz coşa,

    Duyular kamanla tar ehtiyacı

     

    Ömür tez talanar tək yaşamaqdan,

    Fikirdə, xəyalda baş qaşımaqdan.

    Təklik ağır olar daş daşımaqdan,

    Hər ömrün həmdəmə var ehtiyacı.

     

    Bəşər çox keçinib qara çörəklə,

    Demirəm çəkilək dara çörəklə.

    Yaşamaq mümkündür para çörəklə,

    Böyük eytiyacdır yar ehtiyacı.

    Talıb MƏMMƏDLİ

     

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.