Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31May

    BU QURBAN OLDUĞUM VƏTƏN

    Düşməndən dərs yükü alıb,

    Dərdinə daldığım Vətən…

    Qarabağda “iki” alıb,

    Sinifdə qaldığım Vətən.

     

    Oğul-oğul çiçəkləndi,

    Şəhid-şəhid ləçəkləndi,

    Xocalıda çilikləndi

    Əlimdən saldığım Vətən…

     

    Gedir, yad əldə can gedir,

    Can-can Azərbaycan gedir.

    Gör kimlərə qurban gedir

    Bu qurban olduğum Vətən!..

    MƏNLİK DEYİL

    Bu səngər haqq səngəridi,

    Zəhmində çox cəng əridi.

    Ləngərim söz ləngəridi,

    Yüngül hava mənlik deyil.

     

    Öz göyüm var, öz mələyim,

    Öz xəttim var, öz lələyim.

    Öz məzarım, öz bələyim,

    Haram yuva mənlik deyil.

     

    Davam nə can davasıdı,

    Nə də yorğan davasıdı.

    Azərbaycan davasıdı,

    Ayrı dava mənlik deyil.

     

    Ramiz QUSARÇAYLI

     

    BAĞIŞLA MƏNİ

    Xeyli vaxtdır soruşmuram halını,

    Günahkar bəndəyəm, bağışla məni,

    Nə desən haqqın var, amma ki, qardaş,

    Sənsiz pis gündəyəm, bağışla məni.

     

    Gəl, ay qardaş gəl yenidən barışaq,

    Bu dünyada bir yanaq, bir alışaq.

    Ömrün payızında nədən danışaq?

    Dumanda, çəndəyəm, bağışla məni.

     

    Necə unudaq biz olub-keçəni?

    Büküb ürəyimə saxlaram səni.

    Yəqin unutmazsan sən də Mirzəni,

    Mən axı səndəyəm, bağışla məni.

     

    Mirzə MƏMMƏDOV

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.