Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə iştirakçılar ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoydular, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranıb. Həmin dövrdə Tərtər ildə 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesi dirçələn bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət qəsəbə salınıb, 30-40 mənzilli evlərdən 8 beşmərtəbəli yaşayış binası tikilib, 2300 ailəyə həyətyanı torpaq sahəsi verilib. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsalı zavodları, Sərsəng Su Anbarı məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə tikilib.
Tədbirdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibi olan dövlətlərdən birinə çevrilib.
Tədbirdə ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin və ən yaxşı təqdimat layihəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olmuş gənclərə üzvülük vəsiqələri verilib. Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
“Yeni Tərtər”