Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek
    Milli-mənəvi dəyərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət bayramıdır üçün şərhlər bağlıdır

    Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

    Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

    “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Daha ətraflı »

  • 26Dek
    İdman Azərbaycan idman dövləti kimi öz gücünü təsdiqləyir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Dövlət başçısı bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

    Prezident qeyd edib ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir.

    Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.

    Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik.

    Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.

    İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Daha ətraflı »

  • 26Dek
    İdman 8 İL ƏVVƏL YENİ İL ƏRƏFƏSİNDƏ TƏRTƏRDƏ UŞAQ-GƏNCLƏR İDMAN ŞAHMAT MƏKTƏBİNİN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əiyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva iştirak ediblər

    XX əsrdə Azərbaycanda idmanın böyük inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həm Azərbaycana birinci dəfə hakimiyyətə gəldiyi dövrdə, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra ikinci dəfə hakimiyyətə qayıdarkən ölkədə idmana münasibəti kökündən dəyişdi. Ümummilli Lider idmanın mühüm əhəmiyyətini qeyd edərək deyirdi: ”Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik.”
    Ümummilli Lider Azərbaycanın nüfuzunun dünyada yüksəldilməsi üçün idmanın inkişafının mühüm rol oynadığını bildirir və deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır”.
    Ata vəsiyyətinə layiqincə əməl edən Prezident İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafını da daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Təqdirəlayiq haldır ki, iri şəhərlərlə yanaşı, bölgələrimizdə də idmanın kütləviliyi artırılır, bu məqsədlə müasir idman infrastrukturu qurulur. 2016-cı ildə Yeniilqabağı Tərtərdə möhtəşəm Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışı, açılışda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı bunun bariz nümunəsidir.
    Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bu binanın istifadəyə verilməsi nəinki uşaqlar, bütün tərtərlilər üçün möhtəşəm Yeni il hədiyyəsi oldu.
    Bu gün məktəbdə vəziyyət necədir?
    Bu barədə məktəbin direktor əvəzi Fərəc Rzayevin fikirlərini öyrəndik. Fərəc müəllim dedi:
    – Hazırda məktəbimiz uşaq-gənclər idman şahmat məktəbi kimi fəaliyyət göstərir. 4 bölmədə uşaqlar məşğul olurlar. Bunlar şahmat, futbol, voleybol və boks idman növləridir. Təcrübəli müəllimlərimizdən şahmat üzrə Mətləb Qədirovun, Bəhruz Musəvinin, futbol üzrə Azər Musayevin, Elfariz İsayevin, boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun, Rövşən İsmayılovun, voleybol üzrə Güllü Mustafalının adlarını çəkə bilərəm.
    Tərtərdə bu cür məktəbin fəaliyyət göstərməsi uşaqdan böyüyə hamıda böyük sevinc hissi doğurur.
    Azərbaycan Texnologiya Universitetinin tələbəsi Yusif Balakişiyev deyir:
    – 3 dekabr 2016-cı il tarixini ömrüm boyu unutmayacağam. Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonumuzda şahmat məktəbinin açılışına gəlmişdilər. O zaman 10 yaşım vardı. Həmin görüş orada iştirak edən bütün uşaqların gələcəyi üçün bir stimul oldu. Onların mehriban münasibəti, tövsiyələri bizdə həm idmana, həm də elmə olan marağımızı artırdı.
    8 il ərzində Tərtər Uşaq-Gənclər Şahmat İdman məktəbinin yetirmələri nəinki rayonumuzda, respublikamızda, eləcə də dünyada böyük şöhrət qazanıblar. Onlardan boks üzrə 6 qat Azərbaycan çempionu, Avropa oyunlarının bürünc mükafatçısı, Avropa çempionu, 19-23 yaşında gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının beşincisi Murad Allahverdiyev, respublika çempionu, beynəlxalq turnirin qalib mükafatçısı Məhəmmədəli Məmmədli fəxrimizdir. Bölgələrdə belə idmançıların yetişməsi Ulu Öndərin arzularının gerçəkləşməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
    Bu gün 8 il əvvəl Tərtərdə fəaliyyətə başlayan məktəbdə gələcəyin məşhur idmançıları yetişir. Onların sırasında Ramin İsazadənin, Aliyə Bayramlının, Ataxan Əlizadənin, Cavidan Rzayevin və başqalarının adlarını göstərmək olar.
    Məktəbin fəaliyyəti nəticəsində uşaqlar və yeniyetmələr pis vərdişlərdən uzaq olur və nəticədə mənəvi və fiziki cəhətdən sağlam nəsil böyüyür. Sağlam nəsil isə cəmiyyətimizin sağlam gələcəyidir.

    Svetlana BAĞIROVA

  • 26Dek
    Xəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT EDİLİB üçün şərhlər bağlıdır

    Rayonumuzun Qaradağlı kəndində dünyaya göz açan Aslan Hüseynovun şücaətləri bu gün dillər əzbəri olub. Şəhərimizdəki küçələrdən biri 44 günlük Vətən müharibəsində 3 gündə 3 düşmən tankını məhv edən bu igidin adını daşıyır.
    Məktəblilər onun keçdiyi şərəfli həyat yolunu öyrənir, haqqında şeirlər söyləyir, inşalar yazırlar.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev cəsur həmyerlimizin qəhrəmanlığını yüksək qiymətləndirib. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Aslan Hüseynov sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şəhidimiz iki uşaq atası olub. Bir oğlu və bir qızı yadigar qalıb.
    Bu günlərdə Aslan Hüseynovun atası Malik Hüseynovun 60 yaşı tamam olub. Yubiley günündə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid ailəsinin yanında olub. Ata deyir:
    –Aslan sözün əsl mənasında vətənpərvər oğul idi. Torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən mühari-bəsində o, canını belə əsirgəmədən bu yolda döyüşdü. Çox şükür ki, övladımızın və onun kimi minlərlə vətən fədaisinin arzuları yerinə yetdi, torpaqlarımız bütövləşdi, suverenliyimiz bərpa olundu. Daha ətraflı »

  • 26Dek
    Xəbərlər Uşaqlar üçün Yeni il şənliyi keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Uşaqları İctimai Birliyinin Tərtər rayonu üzrə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Reabilitasiya Mərkəzində Yeni il şənliyi keçirilib.
    Şənlikdə 25 nəfər əlil uşaq, onların valideynləri, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, İctimai Birliyin Azərbaycan üzrə rəhbəri Kəmalə Ağazadə, İctimai Birliyin Ağcabədi rayonu üzrə Reabilitasiya Mərkəzinin rəhbəri Gülər Cəfərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin rəisi Ağamoğlan İsmayılov, İctimai Birliyin Tərtər rayonu üzrə meneceri Aygün Allahverdiyeva və digər əməkdaşlar iştirak ediblər.
    Öncə rayon rəhbəri uşaqları Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edib, onlara tezliklə öz sağlamlıqlarına qovuşmağı arzu edib.

    Tədbirdə iştirak edən uşaqlara rayon icra hakimiyyəti başçısı tərəfindən Yeni il hədiyyələri təqdim edilib.
    Sonda Şaxta baba və Qar qız uşaqlarla birlikdə rəqs edib, onları şənləndirib.

  • 26Dek
    Digər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    AĞACƏKMƏ AKSİYASI

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
    Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Tərtər Ra-yon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, İƏD üzrə nümayəndələr, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin və Tərtər Şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşları iştirak ediblər.
    Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 150 ədəd eldar şamı və 150 ədəd sərv ağacı əkilib, yeni əkilən ağaclar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

  • 26Dek
    Digər Xoşbəxt böyü, Gülçin! üçün şərhlər bağlıdır

    Yeni il gecəsi Şaxta Babanın yolunu gözləyən uşaqlardan biri də balaca Gülçindir. Onun 4 yaşı var. 44 günlük Vətən müharibəsinin yaşıdıdır. Atası bu müharibənin veteranı, anası isə mülki şəhididir.
    Elçin İsmayılov və onun həyat yoldaşı Tükəzban Mirzəliyeva düz 5 il övlad həsrəti ilə yaşamışdılar. Nəhayət, 2020-ci ilin gözəl bir payız günündə onların qız övladı dünyaya gəldi. Elçin müharibədəydi, Tükəzban isə körpə övladı ilə ata evində, Bərdənin Çələblər kəndindəydi.
    Həmin gün Tükəzban atası Çərkəz kişi ilə rayon mərkəzinə övladı üçün bazarlıq etməyə getmişdi. Analıq hissinin gözəlliyindən doymaq bilməyən bu qadın nələrisə alıb 22 günlük körpəsinin yanına qayıtmağa tələsirdi.
    2020-ci ilin oktyabr ayının 6-sı idi. Bərdə şəhərinin erməni qaniçənləri tərəfindən raket hücumuna məruz qaldığı o dəhşətli, faciəli gün…
    Həmin gün Çərkəz kişi öz canı ilə qızını qorumağa ça lışdı, lakin bacarmadı. Hər ikisi şəhid oldu. Tükəzban ürəyindəki gözəl arzulara qovuşa bilmədi.
    Şaxta Baba bunları düşünüb sakitcə Gülçingilin qapısını döydü. Sədrəddin baba, Kəmalə nənə və atası Elçin ona gözəl şam ağacı bəzəmişdilər. Şaxta Baba qızı təbrik edib buz ürəyində düşmənə lənətlər yağdırdı və dedi: “Xoşbəxt böyü, Gülçin!”

    “Yeni Tərtər”

  • 26Dek
    Təhsil Məqsəd gələcəyin sağlam ruhlu vətəndaşlarını yetişdirməkdir üçün şərhlər bağlıdır

    Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəb nəinki Tərtər rayonunda, eləcə də respublikamızda ən qədim təhsil müəssisələrindən biridir. Cari ildə 121 yaşı tamam olan bu təhsil ocağının məzunları arasında elm xadimləri, generallar, xalq şairi, vətən yolunda canından keçən əbədiyaşar şəhidlərimiz var.
    Məktəbin pedaqoji kollektivi bu gün də ötən illərin ənənələrinə sadiq qalaraq, gənc nəslin təlim-tərbiyəsində yeni uğurlara imza atır. Buna misal olaraq cari tədris ilində burada Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərin xüsusi fənlər üzrə hazırlanması məqsədilə fəaliyyət göstərən xüsusi təyinatlı sinifin yaradılmasıdır. Həmin sinfə tədris göstəriciləri, dünyagörüşü və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən, ilkin olaraq daxili işlər orqanında xidmətə və təhsilə yararlı olan X sinif şagirdləri qəbul edilmişlər. Sinif təşkil edilərkən şagirdlərə və onların valideynlərinə xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri və Akademiyaya qəbul qaydaları barədə ətraflı məlumat verilmişdir.
    Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov və Tərtər rayonu üzrə Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev məktəbdə olarkən, xüsusi təyinatlı sinfin şagirdlərilə görüşüb, onların əldə etdikləri uğurlarla tanış oldular. Məktəbin direktoru Amil Hüseynov məlumat verdi ki, az müddət keçməsinə baxmayaraq, şagirdlər həm təhsildə, həm də davranışlarında, dünyagörüşlərinin formalaşmasında gözəl nəticələr əldə ediblər. Onların təhsildəki göstəricilərinə, nizam-intizamlarına məktəblə yanaşı, Polis Akademiyasının özündən də nəzarət olunur. Bu barədə vaxtaşırı Akademiyaya məlumat verilir. Bu isə öz növbəsində uşaqların məsuliyyətini artırır. Daha ətraflı »

  • 26Dek
    Digər İLAN İLİ NƏLƏR VƏD EDİR? üçün şərhlər bağlıdır

    Qonağımız qəzetimizin səhifələrində ilk məqaləsi dərc olunan keçmiş ştatdankənar müxbirimiz, hər zaman sözümüzü ürəklə deyə bildiyimiz sadə və gözəl insan, eyni zamanda öz sahəsi üzrə zəngin biliyə malik olan, izləyicilərinin hörmət və məhəbbətini qazanmış astroloq, araşdırmaçı-jurnalist Səbuhi Rəhimlidir.
    Ümid edirik ki, Səbuhi müəllimin yeni – 2025-ci ilə aid verdiyi proqnozlar hər birimiz üçün düşərli olacaq, o cümlədən bütün çətinliklərə baxmayaraq, “Yeni Tərtər” qəzeti də həmişəki qayda ilə çap olunacaq və etibarlı oxucularını yeni fikir, xoş sözlə sevindirəcək.

    YENİ İLİMİZ XEYİRLİ- BƏRƏKƏTLİ OLSUN!

    Çin təqviminə əsasən, rəngi Yaşıl, ünsürü isə Ağac olan İlan ili 2025-ci il yanvarın 29-da, Bakı vaxtı ilə saat 16:35-də start götürəcək və 2026-cı ilin 16 fevralında bitəcək.
    Dəyərli oxucular, mövzuya başlamazdan öncə yaddaş üçün bir neçə vacib amili nəzərinizə çatdırmaq istəyirəm. Bəzən insanlarımız yanlış olaraq yanvarın 1-i daxil olan kimi astronomik ilin başladığını söyləyirlər. Bir çoxları isə zodiak ilinin Novruzda başlandığını düşünür. Əslində bunlar kökündən yanlış yanaşmadır. Dünyada bir çox təqvimlər var ki, müxtəlif zamanlara təsadüf edir. Məsələn, yanvarın 1-i miladi təqvimlə yeni il başlayır. Bu təqvim İsa Peyğəmbərin mövludu ilə əlaqəlidir. Milli bayramımız olan Novruz isə 21 martda, Günəş Qoç bürcünə keçəndə (yaz gecə-gündüz bərabərliyində) start götürür. Çin təqvimi isə Yupiterin hərəkət trayektoriyasına əsasən hesablanır. Belə ki, bu təqvimdə yeni il Günəş Sutökən (Dolça) bürcündə olarkən (20 yanvar-19 fevral arası) Təzə Ay doğan zaman başlayır. Bu göstəriciləri əsas tutaraq qarşıdan gələn yaşıl rəngli, ağac ünsürlü İlan ilinin yanvarın 29-da Bakı vaxtilə saat 16:35-də (Təzə Ayın hilalı anında) başlayacaq. Bitmə dövrü isə 16 fevral 2026-cı il olacaq.
    Bəs dünyamızın bu narahat dövründə, dövlətlərarası münasibətlərin hərbi müstəviyə keçdiyi, günahsız insanların kütləvi qətliama məruz qaldığı zamanda İlan ilinin gəlişi nəyi dəyişəcək? Gəlin, astroloji qənaətləri sizlərlə bölüşək…
    Adətən İlan ili sakit başlayır. Lakin bu sabitlik ötəri xarakter daşıyır. Çünki mövcud olan aldadıcı manevrlər az sonra böyük çaxnaşmalara səbəb olur. Astroloji bilgilərə görə, Zodiak illəri arasında ən qanlı-qadalı dövr Pələnglə İlanın bəxtinə düşür. Odur ki, 2025-ci ildə maksimum tədbirli olmaq lazım gələcək. Xronologiya üzrə Əjdahanın qaladığı ocaqların alovu həmişə İlanın himayəsində ərşə qalxır. Belə dövrlərdə ictimai-siyasi proseslərdə qütbləşmə özünü mütləq büruzə verir. Ümumiyyətlə, İlan ilində çaxnaşma yaratmaq istəyənlərin sayı durmadan artır. Müxtəlif təxribatlar, sui-qəsdlər, terror aktları, dövlət çevrilişləri geniş vüsət alır. Amma bununla yanaşı, İlan ili həm də Tanrının tanınmasına, fırıldaqçı və yalançıların if-şasına, məhkəmələrin ədalətli keçməsinə zəmin yaradır. Daha ətraflı »

  • 26Dek
    Digər Hüquqşünasın tribunası üçün şərhlər bağlıdır

    SƏSSİZ-SƏDASIZ GƏLƏN TƏHLÜKƏ
    MƏNBƏYİ İLƏ MÜBARİZƏDƏ FƏAL OLAQ!

    İnsan həyatı və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb olan, xüsusilə qış mövsümündə artım tendensiyası ilə müşayiət edilən dəm qazından zəhərlənmə və zəhərlənmə nəticəsində ölüm hadisələrinin baş verməsi ölkəmizdə narahatlıq doğuran və xoşagəlməz nəticələrin qarşısının alınması ilə mübarizədə cəmiyyətin mütəmadi maarifləndirilməsini zəruri edən ən aktual məsələlərdən biridir. Spesifik rəngi, dadı, iyi olmayan və gözə görünməyən dəm qazı ilə zəhərlənmə hiss olunmadan, sakit tərzdə, yanma prosesi olan yerdə, yəni bizim gündəlik həyatımızda, bizi əhatə edən mühitdə baş verir. Zəhərlənmə zamanı ürək-damar sisteminin funksiyası pozulduğundan ani ölüm baş verir. Ona görə də xalq arasında dəm qazı – “səssiz qatil”, “gözəgörünməz qatil”, “sakit ölüm” adlanır. Dəm qazının insana təsir mexanizmi ondan ibarətdir ki, o qana daxil olaraq hemoqlobin hüceyrələrinə təsir edir, ciyərlər vasitəsi ilə asanlıqla qana keçir, orada hemoqlobinlə birləşir, qana oksigen getməsini dayandırır. Beləliklə, dəm qazı (“CO”) insan orqanizmini qidalandıran vacib hüceyrələrin məhv olmasına səbəb olur. Dəm qazı ilə ciddi zəhərlənmə bütün orqanlara, əsasən ürək və beyinə təsir edir.
    Günümüzdə informasiya mübadiləsi tempinin artması, dünyada, o cümlədən respublikamızda baş verən hadisələr haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Mövsümi keçidlə əlaqədar olaraq əhali tərəfindən fərdi yaşayış evlərinin və mənzillərin qızdırılması məqsədilə əlavə qaz qurğularının quraşdırılması, tikinti və təmir işləri ilə bağlı qaz xətlərinin çəkilişi zamanı texniki şərtlərə əməl olunmaması, eləcə də qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə təmir və digər əlaqədar xidmət işlərinin vaxtında və düzgün həyata keçirilməməsi və sair preventiv tədbirlərin görülməməsi xoşagəlməz nəticələrin baş verməsinə başlıca səbəbdir.
    Belə zəhərlənmələr ən çox məişətdə istifadə etdiyimiz istilik və qızdırıcı cihaz və qurğuların işləməsi zamanı yanma prosesi olan yerdə, mətbəxdə yemək hazırlayarkən, yataq və qonaq otaqlarını qızdırarkən kənd və şəhər sakinləri tərəfindən qüvvədə olan texniki təhlükəsizlik norma və qaydanın tələblərinə zidd, qadağan olunmuş yerlərdə, eləcə də qeyri-standart qaz istilik qızdırıcı cihaz və qurğularından istifadə etmələri nəticəsində tez-tez müşahidə olunur. Daha ətraflı »