Bu gün Azərbaycan tarixinin şanlı zəfər səhifələrindən biri – 25 Noyabr Kəlbəcər Şəhəri Günü böyük qürur və sevinc hissi ilə qeyd olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın yenilməz iradəsinin və dövlətimizin sarsılmaz gücünün təntənəsidir.
Qədim türk dilində “çay üstündə qala” mənasını verən Kəlbəcər Azərbaycanın ən yüksək dağlıq rayonudur (ən uca zirvələri Camışdağ – 3724 m və Dəlidağ – 3616 m). Tərtər çayı boyunca qayalarda salınmış qədim süni mağaralar, yaşı 30 min ildən çox olan yaşayış məskənləri, 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri bu torpağın əzəli Azərbaycan yurdu olduğunu təsdiqləyir. 1930-cu ildə inzibati rayon statusu alan, 3054 kv. km ərazini əhatə edən Kəlbəcər Tərtər, Ağdam, Xocalı, Laçın, Goranboy, Göygöl və Daşkəsən rayonları ilə həmsərhəd olmaqla mühüm geostrateji mövqeyə malikdir.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Kəlbəcərdə 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir və itkin düşmüş, 53 478 nəfər sakin respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşmışdır. İşğal nəticəsində rayonun bütün sosial-mədəni infrastrukturu – 97 məktəb, 9 xəstəxana, 116 kitabxana, tarix-diyarşünaslıq muzeyi və onlarla tarixi abidə talan edilmişdir. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsinin tələblərinə məhəl qoymayan Ermənistan 1999-cu ildən etibarən ərazidə qeyri-qanuni məskunlaşdırma aparmış, 2020-ci ildə ərazini tərk edərkən isə evlərə və meşələrə od vuraraq ekoloji terror və vandalizm aktları törətmişdir.
44 günlük Vətən müharibəsinin ilk günlərində Ordumuz Kəlbəcərin şimal hissəsindəki strateji yüksəklikləri azad edərək düşmənin hərbi hərəkətini iflic vəziyyətinə saldı. Tarixi Qələbəmizin nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş 9455 hərbi qulluqçumuz “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Azad olunmuş Kəlbəcərin bərpası və yenidən qurulması dövlət başçımızın xüsusi diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad edilmiş rayona həyata keçirdiyi ardıcıl tarixi səfərlər bölgənin inkişafında mühüm mərhələlərin əsasını qoyub:
- 16 avqust 2021-ci il: Ömər aşırımı və İstisu–Minkənd avtomobil yolu ilə tanışlıq, Murovdağ tunelinin (11,6 km) və Kəlbəcər–Laçın yolu üzərindəki 3,4 km-lik tunelin təməlqoyma mərasimləri, Kəlbəcər şəhərində Dövlət Bayrağının ucaldılması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, hərbi hissəyə, dağıdılmış “İstisu” sanatoriyasına baxış və arıçılarla görüş;
- 26 iyun 2022-ci il: “Kəlbəcər-1” KSES-in və hərbi hissənin açılışı, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri;
- 27 may 2023-cü il: Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının, eləcə də Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimləri, “Qamışlı” və “Meydan” KSES-lərin, hərbi hospitalın açılışı;
- 25 avqust 2023-cü il: “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” KSES-lərin açılışı, Zar kəndinin təməlqoyma mərasimi, “İstisu” zavodu və Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq;
- 7 noyabr 2023-cü il: Rayonun Vəngli kəndinə baxış;
- 2 sentyabr 2024-cü il: Kəlbəcər şəhərində 2-ci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin təməlqoyma mərasimləri, “İstisu” mineral su zavodunun, “Yuxarı Vəng” və “Zar” KSES-lərin, “İstisu” yarımstansiyasının açılışı, Xudavəng monastır kompleksinə və 524 ailəlik yaşayış kompleksinə baxış;
- 21 avqust 2025-ci il: Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, şəhər parkının təməlqoyma mərasimləri, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” KSES-lərin açılışı, sakinlərlə görüş və ilk mənzillərin açarlarının təqdim edilməsi mərasimi.
Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli Qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”a əsasən, şəhər ərazisi 290 hektara, əhalisi isə 17 min nəfərə çatdırılacaq, adambaşına düşən yaşıllıq sahəsi 33 m² təşkil edəcək. Şəhərdə 524 ailəlik müasir yaşayış məhəlləsi salınır və 6 noyabr 2026-cı il tarixinə artıq 162 ailə (681 nəfər) doğma yurduna qayıdıb. Eyni zamanda Yanşaq (421 ailə), Zallar (487 ailə) və Zar (855 ailə) kəndlərinin bərpası sürətlə davam edir. Tikintisinin 89 faizi tamamlanmış 82 km-lik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu üzərində dünyada uzunluğuna görə 18-ci, MDB-də isə 1-ci olan 11,7 km-lik Murovdağ tunelinin texniki açılışı reallaşıb, illik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan “İstisu” mineral su zavodu fəaliyyətə başlayıb və 80 min m² sahədə “İstisu” Müalicə-İstirahət Kompleksinin tikintisi aparılır.
Tarixi ədalətin bərpası ilə yenidən dirçələn, abadlaşan və doğma sakinlərinin nəfəsi ilə isinən Kəlbəcər bu gün bütün Qarabağ və Şərqi Zəngəzur kimi Azərbaycanın tərəqqi rəmzinə çevrilib.

