Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,556
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek

    SƏSSİZ-SƏDASIZ GƏLƏN TƏHLÜKƏ
    MƏNBƏYİ İLƏ MÜBARİZƏDƏ FƏAL OLAQ!

    İnsan həyatı və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb olan, xüsusilə qış mövsümündə artım tendensiyası ilə müşayiət edilən dəm qazından zəhərlənmə və zəhərlənmə nəticəsində ölüm hadisələrinin baş verməsi ölkəmizdə narahatlıq doğuran və xoşagəlməz nəticələrin qarşısının alınması ilə mübarizədə cəmiyyətin mütəmadi maarifləndirilməsini zəruri edən ən aktual məsələlərdən biridir. Spesifik rəngi, dadı, iyi olmayan və gözə görünməyən dəm qazı ilə zəhərlənmə hiss olunmadan, sakit tərzdə, yanma prosesi olan yerdə, yəni bizim gündəlik həyatımızda, bizi əhatə edən mühitdə baş verir. Zəhərlənmə zamanı ürək-damar sisteminin funksiyası pozulduğundan ani ölüm baş verir. Ona görə də xalq arasında dəm qazı – “səssiz qatil”, “gözəgörünməz qatil”, “sakit ölüm” adlanır. Dəm qazının insana təsir mexanizmi ondan ibarətdir ki, o qana daxil olaraq hemoqlobin hüceyrələrinə təsir edir, ciyərlər vasitəsi ilə asanlıqla qana keçir, orada hemoqlobinlə birləşir, qana oksigen getməsini dayandırır. Beləliklə, dəm qazı (“CO”) insan orqanizmini qidalandıran vacib hüceyrələrin məhv olmasına səbəb olur. Dəm qazı ilə ciddi zəhərlənmə bütün orqanlara, əsasən ürək və beyinə təsir edir.
    Günümüzdə informasiya mübadiləsi tempinin artması, dünyada, o cümlədən respublikamızda baş verən hadisələr haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Mövsümi keçidlə əlaqədar olaraq əhali tərəfindən fərdi yaşayış evlərinin və mənzillərin qızdırılması məqsədilə əlavə qaz qurğularının quraşdırılması, tikinti və təmir işləri ilə bağlı qaz xətlərinin çəkilişi zamanı texniki şərtlərə əməl olunmaması, eləcə də qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə təmir və digər əlaqədar xidmət işlərinin vaxtında və düzgün həyata keçirilməməsi və sair preventiv tədbirlərin görülməməsi xoşagəlməz nəticələrin baş verməsinə başlıca səbəbdir.
    Belə zəhərlənmələr ən çox məişətdə istifadə etdiyimiz istilik və qızdırıcı cihaz və qurğuların işləməsi zamanı yanma prosesi olan yerdə, mətbəxdə yemək hazırlayarkən, yataq və qonaq otaqlarını qızdırarkən kənd və şəhər sakinləri tərəfindən qüvvədə olan texniki təhlükəsizlik norma və qaydanın tələblərinə zidd, qadağan olunmuş yerlərdə, eləcə də qeyri-standart qaz istilik qızdırıcı cihaz və qurğularından istifadə etmələri nəticəsində tez-tez müşahidə olunur.
    Dəm qazından zəhərlənmə və zəhərlənmə nəticəsində ölüm faktları üzrə Tərtər rayon Prokurorluğunda aparılmış araşdırmalar zamanı sözügedən hadisələrin əsasən istehlakçılar tərəfindən təbii qazdan və ya qaz qurğularından qanunvericiliklə tənzimlənmiş dövlət standartlarına uyğun istifadə edilməməsi, xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, qazdan istifadə qaydalarına biganə yanaşılması, məişətdə təhlükəsizlik tələblərinə riayət olunmaması, havalandırma sistemindən, xüsusi dəm qazı (karbon monoksid) detektorlarından və digər zəruri avadanlıqlardan istifadə edilməməsi, qaz qurğularından zərərli maddələrin asanlıqla yayıldığı qapalı məkanlarda istifadə olunması, hava axınının düzgün təmin edilməməsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş müayinə nəticəsində aşkar olunmuş nöqsanların abonentə müəyyən müddətə verilmiş möhlət ərzində aradan qaldırılmadan yenidən qaz qurğusundan istifadə olunması və bir sıra digər pozuntulara yol verməsi səbəbindən baş verməsi müəyyən edilmişdir.
    Yaşadığımız dövrün ən narahatlıq doğuran hadisələrindən biri olan təbii dəm qazından zəhərlənmə halları ilə bağlı aparılan araşdırmalar zamanı istehlakçılar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” qərarlar qəbul edilməklə baxılması üçün aidiyyəti quruma göndərilmiş və qeyd olunan istehlakçılar barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
    Hər şeydən öncə, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş qazdan istifadə qaydalarına düzgün riayət etməklə, özümüzün və ətrafdakıların həyatını baş verə biləcək bədbəxt hadisələrdən qorumuş oluruq.
    Hazırda aidiyyəti dövlət orqanları tərəfindən efir, telekanallar, kütləvi informasiya vasitəsi və məlumatlandırıcı bukletlərdən istifadə edərək, əhalinin təbii qazdan istifadə qaydalarına və istehlakçıların hüquq və vəzifələrinə dair maarifləndirilməsi istiqamətində mütəmadi şəkildə çoxsaylı tədbirlərin həyata keçirilməsi təmin edilməklə, gələcəkdə xoşagəlməz hadisələrin qarşısını almaq üçün preventiv tədbirlər görülməkdədir.
    “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 08 aprel tarixli Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə 2023-cü ildə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”, “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”, “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”, “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi Qaydası” və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” təbii qazdan istifadə ilə əlaqədar qüvvədə olan normativ-hüquqi aktlara nəzər yetirməklə hər bir insan özünün və ətrafdakıların həyatını və sağlamlığını istənilməz bədbəxt hadisələrdən qoruya və aidiyyəti dövlət orqanlarına hüquqi təbliğatın aparılmasında dəstək ola bilər. Ona görə də, hər kəs insan həyatı üçün kifayət qədər təhlükəli olan bu dəm qazından zəhərlənmə hallarının qarşısının alınmasında fəal olmalı və qanunvericilikdən irəli gələn tələblərə riayət etməklə, etinasızlıq göstərməməlidir.

    Ərziman Rizvanov,
    Tərtər rayon Prokurorluğunun müstəntiqi,
    III dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 12:05

İsmarıclar bağlıdır.