Qonağımız qəzetimizin səhifələrində ilk məqaləsi dərc olunan keçmiş ştatdankənar müxbirimiz, hər zaman sözümüzü ürəklə deyə bildiyimiz sadə və gözəl insan, eyni zamanda öz sahəsi üzrə zəngin biliyə malik olan, izləyicilərinin hörmət və məhəbbətini qazanmış astroloq, araşdırmaçı-jurnalist Səbuhi Rəhimlidir.
Ümid edirik ki, Səbuhi müəllimin yeni – 2025-ci ilə aid verdiyi proqnozlar hər birimiz üçün düşərli olacaq, o cümlədən bütün çətinliklərə baxmayaraq, “Yeni Tərtər” qəzeti də həmişəki qayda ilə çap olunacaq və etibarlı oxucularını yeni fikir, xoş sözlə sevindirəcək.
YENİ İLİMİZ XEYİRLİ- BƏRƏKƏTLİ OLSUN!
Çin təqviminə əsasən, rəngi Yaşıl, ünsürü isə Ağac olan İlan ili 2025-ci il yanvarın 29-da, Bakı vaxtı ilə saat 16:35-də start götürəcək və 2026-cı ilin 16 fevralında bitəcək.
Dəyərli oxucular, mövzuya başlamazdan öncə yaddaş üçün bir neçə vacib amili nəzərinizə çatdırmaq istəyirəm. Bəzən insanlarımız yanlış olaraq yanvarın 1-i daxil olan kimi astronomik ilin başladığını söyləyirlər. Bir çoxları isə zodiak ilinin Novruzda başlandığını düşünür. Əslində bunlar kökündən yanlış yanaşmadır. Dünyada bir çox təqvimlər var ki, müxtəlif zamanlara təsadüf edir. Məsələn, yanvarın 1-i miladi təqvimlə yeni il başlayır. Bu təqvim İsa Peyğəmbərin mövludu ilə əlaqəlidir. Milli bayramımız olan Novruz isə 21 martda, Günəş Qoç bürcünə keçəndə (yaz gecə-gündüz bərabərliyində) start götürür. Çin təqvimi isə Yupiterin hərəkət trayektoriyasına əsasən hesablanır. Belə ki, bu təqvimdə yeni il Günəş Sutökən (Dolça) bürcündə olarkən (20 yanvar-19 fevral arası) Təzə Ay doğan zaman başlayır. Bu göstəriciləri əsas tutaraq qarşıdan gələn yaşıl rəngli, ağac ünsürlü İlan ilinin yanvarın 29-da Bakı vaxtilə saat 16:35-də (Təzə Ayın hilalı anında) başlayacaq. Bitmə dövrü isə 16 fevral 2026-cı il olacaq.
Bəs dünyamızın bu narahat dövründə, dövlətlərarası münasibətlərin hərbi müstəviyə keçdiyi, günahsız insanların kütləvi qətliama məruz qaldığı zamanda İlan ilinin gəlişi nəyi dəyişəcək? Gəlin, astroloji qənaətləri sizlərlə bölüşək…
Adətən İlan ili sakit başlayır. Lakin bu sabitlik ötəri xarakter daşıyır. Çünki mövcud olan aldadıcı manevrlər az sonra böyük çaxnaşmalara səbəb olur. Astroloji bilgilərə görə, Zodiak illəri arasında ən qanlı-qadalı dövr Pələnglə İlanın bəxtinə düşür. Odur ki, 2025-ci ildə maksimum tədbirli olmaq lazım gələcək. Xronologiya üzrə Əjdahanın qaladığı ocaqların alovu həmişə İlanın himayəsində ərşə qalxır. Belə dövrlərdə ictimai-siyasi proseslərdə qütbləşmə özünü mütləq büruzə verir. Ümumiyyətlə, İlan ilində çaxnaşma yaratmaq istəyənlərin sayı durmadan artır. Müxtəlif təxribatlar, sui-qəsdlər, terror aktları, dövlət çevrilişləri geniş vüsət alır. Amma bununla yanaşı, İlan ili həm də Tanrının tanınmasına, fırıldaqçı və yalançıların if-şasına, məhkəmələrin ədalətli keçməsinə zəmin yaradır.
Apardığımız müşahidələrə görə, İlan ilinin ən ağır dövrü yaz-yay aylarına, xüsusən də iyun-avqust ərəfəsinə təsadüf edir.
Amma İlan ilindən qorxmaq lazım deyil, nə qədər sürprizli və gözlənilməz hadisələr baş versə də, 2025 ümumilikdə və 2024-ə nisbətən sabit keçəcək. İlan planlı hərəkət edərək hər addımını düşünüb, məsuliyyət daşıyan insanlara hamilik edəcək. İlan sakitliyi və sabitliyi sevdiyi üçün aqressiya yeni il üçün xarakterik deyil. Lakin gözlənilməz dönüşlər baş versə, onunla heç kim bacara bilməyəcək, yolunda olan hər şeyi dağıdacaq. Odur ki, hər bir işi görərkən yüz ölçüb bir biçmək lazımdır, diqqətli və məsuliyyətli olmaq sizi ilanın təlatümlərindən qurtara bilər.
Əgər həm şəxsi həyatınızda, həm də işlərinizdə irəli getmək istəyirsinizsə, hər şeyə məsuliyyətli yanaşmaq lazımdır. Heç nəyə laqeyd yanaşmayın. İntizamlı və səbrli olmaq mütləqdir. Laqeydlik və tənbəllik edən insanlar bu il geriləyə, pul və prestijlərini itirə bilərlər. Bu il sirlərinizə daha yaxşı sahib çıxmalısınız.
Tarixi xronolgiyaya baxsaq, böyük müharibələri görmürük, dağıdıcı təbii fəlakətlərin şahidi olmuruq, kütləvi pandemiyalardan əsər-əlamət olmur. Bir az qıtlıq və bahalaşma olsa da, texnoloji inkişaf, kosmosun fəthində irəliləyişlər, mediada tərəqqi görürük. Bu illərdə evliliklər daha çox olur. İlan ilində Azərbaycan tarixi üçün yaddaqalan olaylar da çox olub. Onlardan bir qismini təqdim edirik: Mirzə Adıgözəl bəy “Qarabağnamə” əsərini (1845), M.F.Axundov “Aldanmış kəvakib” povestini yazıb (1857), “Həyat” və “İrşad” qəzetləri nəşrə başlayıb (1905), Bakıda ermənilərin müsəlmanlara qarşı qırğını start götürüb, həmçinin erməni hərbi birləşmələri tərəfindən Naxçıvanda və İrəvan şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qırğın törədilib (1905), Cənubi Azərbaycanda ilk orta məktəb açılıb (1917), Tərtər çayı üzərində Sərsəng Su Elektrik Stansiyası istismara verilib (1977), Gəncə şəhərinin tarixi adı bərpa edilib (1989), Naxçıvan MSSR-də Araz çayı boyu Sovet-İran sərhəd qurğuları dağıdılıb və tarixə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi düşüb (1989), Sovet ordusu Bakıda, 20 Yanvar faciəsini törədib (1990-cı ilin İlan ilinə düşən hissəsində), Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib (2001), Azərbaycan Respublikası ərazisində bütün idarə və müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçib (2001), İlham Əliyev 3-cü dəfə Azərbaycan Respublikasının prezidenti seçilib (2013).
İlan ilində doğulan məşhurlarımız da çoxdur: Abdulla Şaiq, Osman Sarıvəlli, Seyid Cəfər Pişəvəri, Aydın Qaradağlı, Oqtay Zülfüqarov, Eldar Quliyev, Elşad Quliyev, Elmira Rəhimova, Yusif Vəliyev, Nəsibə Zeynalova, Habil Əliyev, Ələkbər Salahzadə, Ofeliya Sənani, Aqil Abbas, Aftandil İsrafilov, Asim Mollazadə, Məleykə Abbas-zadə, Əli Məsimli, Rafiq Hüseynov (aktyor), Hamlet Xanızadə, Telman Adıgözəlov, Ayan Mirqasımova və b.
Dəyərli oxucular, İlan ili bir zaman kəsimidir, yeni bir vaxt axarıdır. İllər təzələndiyi kimi biz də zamana müvafiq təmizlənməli, güclənməli, həyata daha məğrur və daha enerji ilə atılmalıyıq. Bunun üçün xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ malik olmalı, ümidsizliyi, şübhəni, yalan və şəri özümüzdən uzaq tutmalıyıq. İnanın ki, iradəmiz buna yetsə, həyatdan zövq alıb rahat yaşayarıq. Hər birinizə firavan, sağlam, sevinc dolu günlər arzu edirəm. Yeni ilimiz xeyirli-bərəkətli olsun! Amin!
Səbuhi Rəhimli,
astroloq,
araşdırmaçı-jurnalist
məxsusi “Yeni Tərtər” qəzeti üçün