Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek

    Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əiyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva iştirak ediblər

    XX əsrdə Azərbaycanda idmanın böyük inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həm Azərbaycana birinci dəfə hakimiyyətə gəldiyi dövrdə, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra ikinci dəfə hakimiyyətə qayıdarkən ölkədə idmana münasibəti kökündən dəyişdi. Ümummilli Lider idmanın mühüm əhəmiyyətini qeyd edərək deyirdi: ”Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik.”
    Ümummilli Lider Azərbaycanın nüfuzunun dünyada yüksəldilməsi üçün idmanın inkişafının mühüm rol oynadığını bildirir və deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır”.
    Ata vəsiyyətinə layiqincə əməl edən Prezident İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafını da daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Təqdirəlayiq haldır ki, iri şəhərlərlə yanaşı, bölgələrimizdə də idmanın kütləviliyi artırılır, bu məqsədlə müasir idman infrastrukturu qurulur. 2016-cı ildə Yeniilqabağı Tərtərdə möhtəşəm Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışı, açılışda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı bunun bariz nümunəsidir.
    Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bu binanın istifadəyə verilməsi nəinki uşaqlar, bütün tərtərlilər üçün möhtəşəm Yeni il hədiyyəsi oldu.
    Bu gün məktəbdə vəziyyət necədir?
    Bu barədə məktəbin direktor əvəzi Fərəc Rzayevin fikirlərini öyrəndik. Fərəc müəllim dedi:
    – Hazırda məktəbimiz uşaq-gənclər idman şahmat məktəbi kimi fəaliyyət göstərir. 4 bölmədə uşaqlar məşğul olurlar. Bunlar şahmat, futbol, voleybol və boks idman növləridir. Təcrübəli müəllimlərimizdən şahmat üzrə Mətləb Qədirovun, Bəhruz Musəvinin, futbol üzrə Azər Musayevin, Elfariz İsayevin, boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun, Rövşən İsmayılovun, voleybol üzrə Güllü Mustafalının adlarını çəkə bilərəm.
    Tərtərdə bu cür məktəbin fəaliyyət göstərməsi uşaqdan böyüyə hamıda böyük sevinc hissi doğurur.
    Azərbaycan Texnologiya Universitetinin tələbəsi Yusif Balakişiyev deyir:
    – 3 dekabr 2016-cı il tarixini ömrüm boyu unutmayacağam. Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonumuzda şahmat məktəbinin açılışına gəlmişdilər. O zaman 10 yaşım vardı. Həmin görüş orada iştirak edən bütün uşaqların gələcəyi üçün bir stimul oldu. Onların mehriban münasibəti, tövsiyələri bizdə həm idmana, həm də elmə olan marağımızı artırdı.
    8 il ərzində Tərtər Uşaq-Gənclər Şahmat İdman məktəbinin yetirmələri nəinki rayonumuzda, respublikamızda, eləcə də dünyada böyük şöhrət qazanıblar. Onlardan boks üzrə 6 qat Azərbaycan çempionu, Avropa oyunlarının bürünc mükafatçısı, Avropa çempionu, 19-23 yaşında gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının beşincisi Murad Allahverdiyev, respublika çempionu, beynəlxalq turnirin qalib mükafatçısı Məhəmmədəli Məmmədli fəxrimizdir. Bölgələrdə belə idmançıların yetişməsi Ulu Öndərin arzularının gerçəkləşməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
    Bu gün 8 il əvvəl Tərtərdə fəaliyyətə başlayan məktəbdə gələcəyin məşhur idmançıları yetişir. Onların sırasında Ramin İsazadənin, Aliyə Bayramlının, Ataxan Əlizadənin, Cavidan Rzayevin və başqalarının adlarını göstərmək olar.
    Məktəbin fəaliyyəti nəticəsində uşaqlar və yeniyetmələr pis vərdişlərdən uzaq olur və nəticədə mənəvi və fiziki cəhətdən sağlam nəsil böyüyür. Sağlam nəsil isə cəmiyyətimizin sağlam gələcəyidir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:12

İsmarıclar bağlıdır.