Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek

    Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəb nəinki Tərtər rayonunda, eləcə də respublikamızda ən qədim təhsil müəssisələrindən biridir. Cari ildə 121 yaşı tamam olan bu təhsil ocağının məzunları arasında elm xadimləri, generallar, xalq şairi, vətən yolunda canından keçən əbədiyaşar şəhidlərimiz var.
    Məktəbin pedaqoji kollektivi bu gün də ötən illərin ənənələrinə sadiq qalaraq, gənc nəslin təlim-tərbiyəsində yeni uğurlara imza atır. Buna misal olaraq cari tədris ilində burada Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərin xüsusi fənlər üzrə hazırlanması məqsədilə fəaliyyət göstərən xüsusi təyinatlı sinifin yaradılmasıdır. Həmin sinfə tədris göstəriciləri, dünyagörüşü və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən, ilkin olaraq daxili işlər orqanında xidmətə və təhsilə yararlı olan X sinif şagirdləri qəbul edilmişlər. Sinif təşkil edilərkən şagirdlərə və onların valideynlərinə xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri və Akademiyaya qəbul qaydaları barədə ətraflı məlumat verilmişdir.
    Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov və Tərtər rayonu üzrə Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev məktəbdə olarkən, xüsusi təyinatlı sinfin şagirdlərilə görüşüb, onların əldə etdikləri uğurlarla tanış oldular. Məktəbin direktoru Amil Hüseynov məlumat verdi ki, az müddət keçməsinə baxmayaraq, şagirdlər həm təhsildə, həm də davranışlarında, dünyagörüşlərinin formalaşmasında gözəl nəticələr əldə ediblər. Onların təhsildəki göstəricilərinə, nizam-intizamlarına məktəblə yanaşı, Polis Akademiyasının özündən də nəzarət olunur. Bu barədə vaxtaşırı Akademiyaya məlumat verilir. Bu isə öz növbəsində uşaqların məsuliyyətini artırır.
    Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov bildirdi ki, 30 oktyabr 2024-cü il tarixdə şəhər 1 saylı tam orta məktəbində fəaliyyət göstərən xüsusi təyinatlı sinfin şagirdləri DİN-in Polis Akademiya-sında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olublar.
    Ümumi dünyagörüşü və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən bu şagirdlər tədris korpusları, idman meydançaları və zalları, elektron kitabxana, polis əməkdaşlarının idman nailiyyətləri guşəsi və kriminalistik şəhərciklə tanış edilmişlər. Şagirdlərə kursantların maddi, sosial təminatları və akademiyada təhsilin imtiyazları barədə məlumatlar verilmiş, həmçinin Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanları da nəzərlərinə çatdırılmışdır.
    Şagirdlərlə görüşü zamanı Elçin Qasımov bildirdi ki, bu yaxınlarda belə bir tədbirin Tərtər Rayon Polis Şöbəsində keçirilməsi də nəzərdə tutulub. Məqsəd əyani surətdə şagirdləri polis əməkdaşlarının işi ilə tanış etməkdir.
    Xüsusi təyinatlı siniflə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbdə belə bir sinfin fəaliyyət göstərməsi bütövlkdə burada uşaqlar arasında nizam-intizamın möhkəmlənməsinə müsbət təsir göstərib. Çünki, məlum olduğu kimi, həyatda ən yaxşı təsir vasitəsi gözəl nümunədir. Xüsusi seçilmiş uşaqların məktəbin dəhlizlərində, həyətində davranışı, onların təhsildə və ictimai işlərdə, idman sahəsində qazandıqları uğurlar balacaların diqqətini cəlb edir və gələcəyin polislərinə bənzəmək arzusu yaradır.
           * * *
    Xüsusi təyinatlı sinif şagirdlərilə görüşdən sonra məktəbin akt zalında “Narkomaniyaya yox deyək” və “Erkən nigahın fəsadları” mövzusunda tədbir keçirildi.
    Mövzu ilə bağlı rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov məruzə etdi.
    Narkotik asılılığı qurbanlarının daha çox yeniyetmələr və gənclər olduğunu diqqətə çatdıran rəis qeyd etdi ki, narkotik aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Bu vərdiş insanı ruhi və fiziki cəhətdən şikəst edir. Narkomaniya ilə mübarizənin yolu isə maariflənmək və narkomanların təsiri altında düşməməkdir.
    Ümummilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qar-şı mübarizəni ümumdöv-lət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
    Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi geniş tədbirlər nəticəsində ölkəmizdə gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
    Bununla belə, tədbirdə qeyd edildi ki, uşaqları, yeniyetmələri uçuruma aparan bu yoldan çəkindirmək üçün ən böyük məsuliyyət ailənin və məktəbin üzərinə düşür.
    Tədbirdə həmçinin Tərtər üzrə Təhsil Sektoru-nun müdiri Oqtay Sarıkişiyev, Mərkəzi xəstəxananın psixoloqu Təranə Əmiraslanlı çıxış edərək öz tövsiyələrini söyləmişlər.
    Sonda mövzu ətrafında uşaqların sualları cavablandırılmış və videoçarx nümayiş etdirilmişdir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:37

İsmarıclar bağlıdır.