Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev
    Milli-mənəvi dəyərlər Novruzun gəlişinin ilk müjdəçisi– Su Çərşənbəsi üçün şərhlər bağlıdır

    Su dirilikdir, başlanğıcdır, ilk mövcudiyyətdir, həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir, mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir.
    Hər şey sudan gəlir, bədənimizin də yarıdan çoxu sudan ibarətdir – beynimiz, gözümüz, onurğamız, qanımız sudur. Su Yerin mövcudluğuna səbəbdir, yermənşəli bütün varlıqların yaranması ondandır. Bir sözlə, həyatın davamı susuz mümkün deyil. Əgər Avestada Yaradanın suya toxunmaqla onu müqəddəsləşdirdiyi vurğulanırsa, “Kitabi-Dədə Qorqud”da su aydınlıq sayılır. Çünki o, “Tanrının üzünü görüb”.
    Zərdüştilikdə də ilk yaranış kimi suya böyük önəm verilir. Hər il iyunun 19-da Müqəddəs Su və Sağlamlıq bayramı, iyulun 12-də Suya Ehtiram bayramı, noyabrın 5-də isə Müqəddəs Su bayramı keçirilməsi bunu deməyə əsas verir. Avestada göstərilən 7 qəhəmbərdən (xilaskar ruhdan – Ameşa Sipənddən) biri məhz su ilə bağlıdır ki, ilk gerçək çərşənbə də onun şərəfinə həsr olunur.
    Kiçik çillədən sonra Novruzun gəlişinin ilk müjdəçisi olan Su Çərşənbəsi xalq arasında “Əzəl Çərşənbə”, “Gözəl Çərşənbə”, “Sular novruzu”, “Gül Çərşənbə” kimi də tanınır. Qədim zərdüştilər bu günü suya ehtiram günü kimi qeyd edir, sübh tezdən axar su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirdilər. Subay qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar. Daha ətraflı »

  • 25Fev
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    “MƏN SÜLHƏ SƏS VERİRƏM”

    Rəmziyyə Məmmədova əmək veteranı, ağbirçəyimiz, rayonumuzun hörmətli ziyalılarından biridir.
    Qədim Gəncə şəhərində jurnalist Məmməd Məmmədovun ailəsində doğulub. O zamankı Kənd Təsərrüfatı Akademiyasını, sonradan isə aspiranturanı bitirib.
    Ailə həyatı ilə bağlı Tərtərə köçüb. Düşdüyü ocaq da rayonda ziyalılığı ilə seçilən ailələrdən biridir. Odur ki, Rəmziyyə xanım yalnız evdar qadın olmaqla kifayətlənməyib. Uzun illər ərzində bir sıra rəhbər vıəzifələrdə çalışıb. Həmişə də etimadı doğruldub., işinə vicdanlı münasibəti ilə rəğbət qazanıb.
    O deyir:
    –Kənd təsərrüfatı mütəxəssisi idim. O zamankı kənd təsərrüfatı idarəsində müavin, rayon istehlak cəmiyyətinin sədri vəzifəsində, rayon XDS İcariyyə Komitəsində çalışmışam.
    Bununla yanaşı iki övlad böyütmüşəm, onların təlim-tərbiyəsi ilə məşğul olmuşam. Dönüb ötən illərə baxanda həmişə qürur hissi keçirirəm.
    Rəmziyyə xanım onu da bildirdi ki, indiki cavanların əksəriyyəti böyüklərlə yaşamaq istəmirlər. O isə həyatında qazandığı uğurlara görə dünyanın ən gözəl qaynanası olan Ağca nənəyə borcludur.
    İndi özü də qaynanadır. İki gəlini ilə birlikdə yaşayır. Gəlinlərinin hər ikisi ali təhsillidir və aralarında səmimi münasibət var. Nənə ilə yaşamaqdan ən çox məmnun qalan isə, əlbəttə ki, nəvələrdir.
    Rəmziyyə xanımın söhbətindən: Daha ətraflı »

  • 25Fev
    Xəbərlər Müraciət öz həllini tapıb üçün şərhlər bağlıdır

    Kömək vaxtında gələndə, insanlar da məmnun qalır

    Qarşıdan Novruz bayramı gəlir. Yazın gəlişi ilə hər yerdə həyat canlanıb. İnsanlar həyət-bacalarını təmizləyir, ağaclara qulluq göstərir, qurumuş budaqları budayırlar. Bəzən bu işlərin həllində onların köməyə ehtiyacı olur.
    Belə hallarda rayon rəhbərinin mütəmadi olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər zamanı müraciətlər edilir və qaldırılan problemlər operativ həllini tapır.
    Bu günlərdə rayonun Alışarlı kəndində keçirilən görüş zamanı kənd sakini Aydın Quliyevin müraciəti əsasında ərazidən keçən suvarma kanalları Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən maşın-mexanizmlər vasitəsilə ümumilikdə 700 metrlik məsafədə təmizlənib.
    Azad Qaraqoyunlu kəndinin sakini Qənbər Əhmədovun xahişi əsasında həmin idarə tərəfindən onun həyətində olan torpaq daşınaraq, bayramqabağı günlərdə həyəti təmizlənib.
    Müraciətlərin diqqətlə dinlənilib müvafiq tədbirlərin görülməsi vətəndaş məmnunluğunu təmin edir.

    “YENİ TƏRTƏR”

  • 18Fev
    Xəbərlər Türkiyənin Gəncə şəhərindəki konsulu Tərtərdə olub üçün şərhlər bağlıdır

    Səfər çərçivəsində konsul Recep Öztop rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Konsula rayon haqqında ətraflı məlumat verilib, bir millət iki dövlət arasında qardaşlıq münasibətlərinin əbədi olduğu bildirilib.
    Sonra konsul Müstəqim Məmmədovla birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıblar. Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan edilən “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyində olublar.
    RİH-in başçısı konsula Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və rayonun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evinə, sosial obyektə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, ilk peşə ixtisas məktəbinə, gənclər mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib.
    Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.
    Recep Öztop Tərtərdə olmaqdan məmnun qaldığını bildirib, hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışıb, səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını ifadə edib.

     

  • 18Fev
    Milli-mənəvi dəyərlər FEVRALIN 21-i BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ÖLKƏMİZDƏ DÖVLƏT-DİL SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR

    Dil, insan cəmiyyətinin ən vacib ünsürlərindən biridir. O, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda bir xalqın tarixi, mədəniyyəti və kimliyini daşıyan əsas amildir. Hər bir xalqın özünəməxsus dili var və bu dil həmin toplumun düşüncə tərzini, dünyaya baxışını və dəyərlərini formalaşdırır.
    Dünyada minlərlə dil mövcuddur, lakin onların bir qismi zamanla yox olmaq təhlükəsi ilə üzləşir. Dil müxtəlifliyinin qorunmasının vacibliyini nəzərə alaraq, UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi elan etmişdir. Bu günün təsis edilməsinin əsas səbəblərindən biri, hər bir dilin özünəməxsus bir sərvət olduğunu vurğulamaq və məhv olmaq təhlükəsi ilə üzləşən dillərə diqqət çəkməkdir.
    Bu günün təsis edilməsi Banqladeşdə baş verən faciəli bir hadisəyə əsaslanır. 1952-ci il fevralın 21-də Benqal dili üçün rəsmi status tələb edən tələbələr hökumət tərəfindən güllələnmişdir. Bu hadisə onların ana dilləri uğrunda apardıqları mübarizənin bir rəmzinə çevrildi. Məhz bu hadisənin xatirəsinə UNESCO bu tarixi Beynəlxalq Ana Dili Günü elan etdi. Bu gün dil hüquqlarının qorunmasına və linqvistik müxtəlifliyin saxlanmasına dair qlobal mesaj verir.
    Hazırda dünyada təxminən 7000 dil mövcuddur və onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətlərdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Müasir texnologiya və qloballaşma şəraitində çox az sayda dil geniş istifadə olunur. Əksər dillər rəsmi sənədlərdə, təhsil sistemlərində və rəqəmsal mühitdə öz layiqli yerini tuta bilmir. Bu isə həmin dillərin zamanla məhv olmasına gətirib çıxarır.
    Ana dilinin qorunması yalnız etnik və mədəni dəyərlərin yaşadılması deyil, həm də elmi və texnoloji inkişafın geniş bir auditoriyaya çatdırılmasını təmin edir. Bir insanın öz ana dilində düşünməsi və ifadə olunması onun intellektual inkişafına böyük təsir göstərir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də hər bir xalqın keçmişini, mədəniyyətini və tarixini gələcək nəsillərə ötürən ən vacib amildir.
    Azərbaycanda ana dilinin inkişafı və qorunması istiqamətində mühüm addımlar atılmışdır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Daha ətraflı »

  • 18Fev
    Şəhidlər TARİX YAZAN OĞULLAR üçün şərhlər bağlıdır

    BURADA TORPAQ DA, SƏMA DA BAŞQADIR

    Güldanə ana maşından düşüb ayağını torpağa qoydu. Sanki diksindi. Tez ayağını götürüb bir addım geri çəkildi. Bu da kömək eləmədi. Bəli, bura torpaq idi. Amma eyni zamanda adi torpaq deyildi. Şəhid qanları ilə yoğrulan torpaq idi.
    Burada ehtiyatla yerimək lazımdır ki, şəhid ruhları inciməsin, qanla suvarılan çiçəklər əzilməsin. Bura Talışdır, bura Suqovuşandır. Burada onun oğlu Tural, Turalın döyüş yoldaşları döyüşüb. Qəhrəmanlıq göstərib əbədiyyətə qovuşublar. İndi onların müqəddəs ruhları ba-şımızın üstündə, bu aydın, masmavi səmalarda qərar tutub.
    Ana başını qaldırıb səmaya baxdı. Səma elə maviydi ki… O, belə maviliyi sanki birinci dəfə görürdü. “Yəqin burada səma da başqadır,” –düşündü ana. Ona görə ki, can-ciyərlərimiz son dəfə nəzərlərini bu səmaya dikib son sözlərini söyləyiblər. Bəlkə ona görə deyirlər ki, o müqəddəs şəhidlərimizin hər birinin üzündə donmuş bir təbəssüm olur, çöhrələrinə arzuların şirinliyindən doğan bir müqəddəs nur hopur.
    Ana bir az da irəlilədi. Qarşıdan ona tərəf gələn bir neçə uşağı gördü. Əvvəl təəccübləndi. Uşaqlar burada neyləyirlər axı? Sonra xatırladı. Axı müharibədən 4 il ötüb. İndi Talışda yeni qəsəbə salınıb, məktəb var, həyat var, uşaqlar dünyaya gəlir, bağçaya gedir, məktəbdə oxuyurlar.
    Amma vaxt var idi… Ana özü öz fikirlərindən diksindi. Bəli, vaxt vardı nankor ermənilər bu gözəl yerlərdə də ağalıq edirdilər. “Nə yaxşı ki, balalarımız onları bu yerlərdən qovdular”– deyə xəyalından keçirdi. Gözləri qarşısında buradakı şiddətli döyüş səhnələri canlandı. Sanki düşmən üzərinə şığıyan tankların, o tankların içindəki igidlərin səsini eşidirdi. İxtiyarsız pıçıldadı: “Hər birinizə qurban olum, balalarım. Nə yaxşı, nə yaxşı ki, siz bunu bacardınız. Nə yaxşı, bu yerlərə həyat verdiniz. Ruhunuz şad olsun, əzizlərim”. Daha ətraflı »

  • 18Fev
    Şəhidlər YOLDAŞLARINI QORUDU, ÖZÜ İSƏ ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    Vətənin o başı, bu başı olmadığı kimi, o torpaqda şəhid olan oğullarımızın da hansı rayondan olmasının fərqi yoxdur. Onların hamısı vətənin bütövlüyü uğrunda canlarından keçiblər. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin heç birini unutmamışıq. Onların xatirəsi daim bizlər üçün əzizdir. Hər zaman yad edir, gənc nəsillərin də onları tanımasını istəyirik.
    Bu gün haqqında yazacağım şəhid Ağdərə rayonunun Umudlu kəndinin sakini Bağırov Şakir Əvəz oğludur. O da minlərlə vətən oğlu kimi rayonunun, kəndinin müdafiəsi zamanı şəhid olub.
    Şəhidimizin bacısı Nəhayət xala qardaşı haqqında ürəkdolusu söhbətlər etdi:
    – Biz ailədə 5 bacı, 3 qardaş olmuşuq. Uşaqlardan 4-cü, qardaşlarımdan isə ikinci uşaq Şakir olub. O, 1981-1983-cü illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət kəndimizdə sürücü kimi işləyib. Daha son-ra isə ailəsilə birlikdə Rusiyaya köçüb. Qardaşımla orada yaşayıblar. Müharibə vaxtı anam ağır xəstə idi. Qardaşlarım vətənə qayıdırlar və döyüşlərə qoşulurlar. Həmin vaxt kəndimiz ermənilər tərəfindən mühasirəyə alınmışdı. Bizi çıxarıb Ağdamda qohum evinə yerləşdirdilər. Şakir müharibəyə getməmişdən öncə bütün qohumlarıyla görüşdü, halallaşdı, sonra getdi. Qardaşım Möhübbət isə hərbidə maşın sürürdü. Əsgərlərə ərzaq aparırdı. Daha ətraflı »

  • 18Fev
    Şəhidlər Səfərov Rövşən Qiyas oğlu üçün şərhlər bağlıdır

    1962-ci il dekabr ayının 31-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Buruc kənd orta məktəbini bitirdikdən sonra 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət “Şəfəq” kolxozunda sıravi kolxozçu işləmiş, sonra isə Bakıya gedərək Binəqədi rayonunun 11 №-li ixtisaslaşdırılmış podrat təmir-tikinti sahəsində ixtisaslı fəhlə kimi fəaliyyət göstərmişdir. 11 noyabr 1991-ci il tarixdə həmin rayonun hərbi komissarlığı tərəfindən könüllü olaraq Milli Ordu sıralarına xidmətə göndərilib. Malıbəylidə erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.
    Sarıcalı kənd tam orta məktəbi Rövşən Səfərovun adını daşıyır.
    Evli idi. Əli və Elməddin adlı iki oğlu yadigar qalıb. Bakıda “Şəhidlər Xiyabanı”nda dəfn olunub.
    Ailəsi Bakı şəhərində yaşayır.

    “Yeni Tərtər”

  • 18Fev
    Şəhidlər Məmmədov Eldar Əmirxan oğlu üçün şərhlər bağlıdır

    1958-ci il fevral ayının 1-də Tərtər şəhərində anadan olub. Orta təhsilini Tərtər şəhər 2 №-li orta məktəbində almış, 1977-ci ildə Gəncə Baza İnşaat Texnikumunu bitirmişdir. Həmin il Sovet ordusu sıralarına çağırılıb və Macarıstan respublikasında xidmət edib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra doğ-ma torpağa qayıtmışdı. Tərtər rayon 1 №-li tikinti-quraşdırma idarəsində usta işləyirdi. 1992-ci ilin yanvar ayından könüllü olaraq “Tərtər Özünümüfadiə Batalyonu”nda döyüşürdü. 1992-ci il fevral ayının 18-də Ağdərə uğrundakı əməliyyatlarda kəşfiyyat zamanı həlak olub. Ancaq, nəşi döyüş zonasında qalmış və mart ayının 1-də ermənilərdən alınaraq Tərtər şəhərinə gətirilib torpağa tapşırılmışdır. Tərtər şəhər qəbiristanlığında dəfn olunub.
    Evli idi. Ailəsi Tərtər şəhərində yaşayır. Sərdar və Seymur adlı iki oğlu var. Ailəlidirlər.

    “Yeni Tərtər”

     

  • 18Fev
    Xəbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onüçüncü ildönümü münasibəti ilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 13-cü ildönümü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü və Peşə bayramları münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar diləyib. Daha ətraflı »