Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev

    Su dirilikdir, başlanğıcdır, ilk mövcudiyyətdir, həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir, mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir.
    Hər şey sudan gəlir, bədənimizin də yarıdan çoxu sudan ibarətdir – beynimiz, gözümüz, onurğamız, qanımız sudur. Su Yerin mövcudluğuna səbəbdir, yermənşəli bütün varlıqların yaranması ondandır. Bir sözlə, həyatın davamı susuz mümkün deyil. Əgər Avestada Yaradanın suya toxunmaqla onu müqəddəsləşdirdiyi vurğulanırsa, “Kitabi-Dədə Qorqud”da su aydınlıq sayılır. Çünki o, “Tanrının üzünü görüb”.
    Zərdüştilikdə də ilk yaranış kimi suya böyük önəm verilir. Hər il iyunun 19-da Müqəddəs Su və Sağlamlıq bayramı, iyulun 12-də Suya Ehtiram bayramı, noyabrın 5-də isə Müqəddəs Su bayramı keçirilməsi bunu deməyə əsas verir. Avestada göstərilən 7 qəhəmbərdən (xilaskar ruhdan – Ameşa Sipənddən) biri məhz su ilə bağlıdır ki, ilk gerçək çərşənbə də onun şərəfinə həsr olunur.
    Kiçik çillədən sonra Novruzun gəlişinin ilk müjdəçisi olan Su Çərşənbəsi xalq arasında “Əzəl Çərşənbə”, “Gözəl Çərşənbə”, “Sular novruzu”, “Gül Çərşənbə” kimi də tanınır. Qədim zərdüştilər bu günü suya ehtiram günü kimi qeyd edir, sübh tezdən axar su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirdilər. Subay qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar.
    Güney Azərbaycanın əksər bölgələrində, Naxçıvan, Qarabağ və Zəngəzur mahallarında Su Çərşənbəsi günü qızlar sübh tezdən gedib axar sudan “lal su” gətirir, lakin su evə gəlib çıxmayınca bir kəsə demirdilər. Sonra onu bir neçə piyaləyə töküb saxlayardılar. Elə ki axşam düşdü, yığışar, hərə öz bəxtinə üzüyünü saçına sürtüb suya atar, üzük neçə dəfə cingildəsə, belə yozurdular ki, həmin qız səsin sayı qədər ildən sonra gəlin köçəcək. Novruzun ən gözəl rəmzlərindən olan səməni də Su Çərşənbəsində qoyulmağa başlanılır. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Zərdüştilər onu göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamışlar.
    Əzəl Çərşənbə günü sübh tezdən köpüklənən ağ su yaxşı əlamət, dərdlərin dərmanı sayılardı. Həmin gün sututarlar təmizlənər, arxlar qaydaya salınar, su ilə bağlı şənliklər keçirilərdi. Əski inama görə, Su Çərşənbəsində Günəşin şəfəqdə göründüyü an ilk şüalarının düşdüyü su diri və müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış.
    Suya ehtiram folklorumuzda da yaşamaqdadır: “Su qədər ömrün olsun”, “Su aydınlıqdır”, “Su içən adama ilan da toxunmaz”, “Yol böyüyün olsa da, su kiçiyindir”, “Su ehsandır”, “Su olan yerdə dirilik olar” və s. Tədqiqatçıların fikrincə, Xızır Peyğəmbərin dirilik çeşməsindən su içdiyi gün də, Koroğlunun “Qoşa bulağı” tapdığı gün də elə Əzəl Çərşənbə olub.
    Avesta mətnlərində qeyd olunur ki, 21 yaşlı Zərdüştə məhz suda – Dərca (Daitiya) çayını keçərkən ilk vəhy verilib. Hörmüzə ən yaxın mələk olan və bütünlüklə yaxşılığın rəmzi kimi tərənnüm edilən Bəhmən (Vohu Man) suda peyda olub gəncin gözünə görünür. Sonra da onu Tanrının dərgahına qaldırır.
    Bu mərasimdə dan yeri söküləndən şər qarışana qədər canlı su (çay, arx, bulaq və s.) yanında suya müraciətlə nəğmələr deyər, Avestadan dualar oxuyar, tonqal çatardılar. Hər kəs əllərini mübarək suya salıb isladar, alova yaxınlaşıb dua oxuyar, quruyana qədər tutarmış. Bu da o demək imiş ki, ələ hopmuş suyun buxarı dualarla birlikdə Səmaya qalxır və mələklər də onu Ahura Məzdaya çatdırır…
    Bahar müjdəçisi ilk çərşənbəniz mübarək olsun, dəyərli həmyerlilərim!

    Səbuhi RƏHİMLİ,
    avestaşünas, astroloq

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.