ÖLKƏMİZDƏ DÖVLƏT-DİL SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR
Dil, insan cəmiyyətinin ən vacib ünsürlərindən biridir. O, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda bir xalqın tarixi, mədəniyyəti və kimliyini daşıyan əsas amildir. Hər bir xalqın özünəməxsus dili var və bu dil həmin toplumun düşüncə tərzini, dünyaya baxışını və dəyərlərini formalaşdırır.
Dünyada minlərlə dil mövcuddur, lakin onların bir qismi zamanla yox olmaq təhlükəsi ilə üzləşir. Dil müxtəlifliyinin qorunmasının vacibliyini nəzərə alaraq, UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi elan etmişdir. Bu günün təsis edilməsinin əsas səbəblərindən biri, hər bir dilin özünəməxsus bir sərvət olduğunu vurğulamaq və məhv olmaq təhlükəsi ilə üzləşən dillərə diqqət çəkməkdir.
Bu günün təsis edilməsi Banqladeşdə baş verən faciəli bir hadisəyə əsaslanır. 1952-ci il fevralın 21-də Benqal dili üçün rəsmi status tələb edən tələbələr hökumət tərəfindən güllələnmişdir. Bu hadisə onların ana dilləri uğrunda apardıqları mübarizənin bir rəmzinə çevrildi. Məhz bu hadisənin xatirəsinə UNESCO bu tarixi Beynəlxalq Ana Dili Günü elan etdi. Bu gün dil hüquqlarının qorunmasına və linqvistik müxtəlifliyin saxlanmasına dair qlobal mesaj verir.
Hazırda dünyada təxminən 7000 dil mövcuddur və onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətlərdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Müasir texnologiya və qloballaşma şəraitində çox az sayda dil geniş istifadə olunur. Əksər dillər rəsmi sənədlərdə, təhsil sistemlərində və rəqəmsal mühitdə öz layiqli yerini tuta bilmir. Bu isə həmin dillərin zamanla məhv olmasına gətirib çıxarır.
Ana dilinin qorunması yalnız etnik və mədəni dəyərlərin yaşadılması deyil, həm də elmi və texnoloji inkişafın geniş bir auditoriyaya çatdırılmasını təmin edir. Bir insanın öz ana dilində düşünməsi və ifadə olunması onun intellektual inkişafına böyük təsir göstərir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də hər bir xalqın keçmişini, mədəniyyətini və tarixini gələcək nəsillərə ötürən ən vacib amildir.
Azərbaycanda ana dilinin inkişafı və qorunması istiqamətində mühüm addımlar atılmışdır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, 2001-ci il avqustun 9-da Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilmişdir. Bu, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə tam təmin edilməsi ilə əlaqədar idi.
Azərbaycan dilinin qorunması və inkişafı dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan ana dilimiz – Azərbaycan dili sanki öz mühafizəçisini tapmışdır. Məhz ulu öndər ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini dövlət siyasətinə çevirmişdir. SSRİ dövründə onun tərkibində olan müttəfiq respublikaların ana dillərinin dövlət dili kimi statusuna, tətbiqinə müəyyən qadağalar qoyulmuşdur. Lakin ümummilli lider Heydər Əliyev öz ana dilini, millətini, vətənini sevən bir rəhbər kimi bu qadağaları sındıraraq rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyini təmin etmişdir.
Ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının bu istiqamətdə ardıcıl surətdə genişmiqyaslı islahatlar aparması öz müsbət nəticəsini vermişdir. Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması da ana dilimizə önəm verilməsinin bariz nümunəsidir. Göründüyü kimi, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir.
Xalqımızın Ümummilli Liderinin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə daim böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin eyni zamanda müxtəlif tədbirlərdə çıxış edərək həmişə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərimizə xüsusi qayğı ilə yanaşdığının şahidi oluruq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlar və sərəncamlar da ana dilimizin qorunmasına və inkişafına yönəlmişdir. Dövlət dil siyasəti çərçivəsində Azərbaycan dilinin müasir elmi tədqiqatlarla zənginləşdirilməsi, onun digər türk dilləri ilə əlaqələrinin öyrənilməsi və dünya dilləri içərisində mövqeyinin möhkəmləndirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.
Dilçiliyimizdə mövcud olan bir sıra problemləri həll etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il mayın 23-də imzaladığı Sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə əlaqələrinin öyrənilməsi istiqamətində atılan addımları, müasir dillərin nəzəri cəhətdən araşdırılmasını, ana dilinin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlərin yaranması kimi məsələlər öz əksini tapmışdır.
Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən bir müəllim kimi mən öz işimdən zövq alıram. Müasir dövrümüzdə, gənclərin xarici dillərin öyrənilməsinə meyllər artdığı bir vaxtda, uşaqlarınız Azərbaycan dilində dil açmalı, onu öyrənməli və sevməlidir.
Mehriban BAXŞALIYEVA,
Tərtər şəhər 1 saylı tam orta məktəbin müəllimi