Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 13-cü ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü və Peşə bayramları münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar diləyib.
Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd edib. Bildirib ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağırılmasının təşkili sahəsində uğurlar əldə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rəisinin müavini Emin Ağayev xidmətin 13 il ərzində keçdiyi şərəfli inkişaf yolundan danışıb, 13 il ərzində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini, cəmiyyətin gözləntilərini doğrultduğunu qeyd edib.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü və peşə bayramları münasibəti ilə xidmətdə fərqlənən bir qrup əməkdaş Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunub.