Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev

    “MƏN SÜLHƏ SƏS VERİRƏM”

    Rəmziyyə Məmmədova əmək veteranı, ağbirçəyimiz, rayonumuzun hörmətli ziyalılarından biridir.
    Qədim Gəncə şəhərində jurnalist Məmməd Məmmədovun ailəsində doğulub. O zamankı Kənd Təsərrüfatı Akademiyasını, sonradan isə aspiranturanı bitirib.
    Ailə həyatı ilə bağlı Tərtərə köçüb. Düşdüyü ocaq da rayonda ziyalılığı ilə seçilən ailələrdən biridir. Odur ki, Rəmziyyə xanım yalnız evdar qadın olmaqla kifayətlənməyib. Uzun illər ərzində bir sıra rəhbər vıəzifələrdə çalışıb. Həmişə də etimadı doğruldub., işinə vicdanlı münasibəti ilə rəğbət qazanıb.
    O deyir:
    –Kənd təsərrüfatı mütəxəssisi idim. O zamankı kənd təsərrüfatı idarəsində müavin, rayon istehlak cəmiyyətinin sədri vəzifəsində, rayon XDS İcariyyə Komitəsində çalışmışam.
    Bununla yanaşı iki övlad böyütmüşəm, onların təlim-tərbiyəsi ilə məşğul olmuşam. Dönüb ötən illərə baxanda həmişə qürur hissi keçirirəm.
    Rəmziyyə xanım onu da bildirdi ki, indiki cavanların əksəriyyəti böyüklərlə yaşamaq istəmirlər. O isə həyatında qazandığı uğurlara görə dünyanın ən gözəl qaynanası olan Ağca nənəyə borcludur.
    İndi özü də qaynanadır. İki gəlini ilə birlikdə yaşayır. Gəlinlərinin hər ikisi ali təhsillidir və aralarında səmimi münasibət var. Nənə ilə yaşamaqdan ən çox məmnun qalan isə, əlbəttə ki, nəvələrdir.
    Rəmziyyə xanımın söhbətindən:
    –Gəncədə doğulsam da, ömrümün böyük hissəsini qəhrəman Tərtərdə yaşamışam. Hər bir azərbaycanlı kimi, xüsusilə də 30 ildən artıq bir müddətdə müharibə şəraitinə yaşayan insan kimi bu günlərimizə, ölkəmizdəki əmin-amanlıq şəraitinə çox şükür edirəm. Şükürlər olsun ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Artıq körpələrimiz rahat böyüyür. Düşmən şəhərimizi atəşə tutduğu günlərdən birində yaxınlıqda partlayan mərmi səsindən səhhətimdə ciddi problemlər yarandı. Müalicə götürsəm də, eşitmə qabiliyyətim tam bərpa olunmadı.
    Rəmziyyə xanımın arzusu budur ki, ölkəmizdə, eləcə də bütün dünyada sülh olsun. Məşhur bir mahnıda deyildiyi kimi: “Mən sülhə səs verirəm,” – söylədi bu ağbirçək ana.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.