Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,638
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

    BURADA TORPAQ DA, SƏMA DA BAŞQADIR

    Güldanə ana maşından düşüb ayağını torpağa qoydu. Sanki diksindi. Tez ayağını götürüb bir addım geri çəkildi. Bu da kömək eləmədi. Bəli, bura torpaq idi. Amma eyni zamanda adi torpaq deyildi. Şəhid qanları ilə yoğrulan torpaq idi.
    Burada ehtiyatla yerimək lazımdır ki, şəhid ruhları inciməsin, qanla suvarılan çiçəklər əzilməsin. Bura Talışdır, bura Suqovuşandır. Burada onun oğlu Tural, Turalın döyüş yoldaşları döyüşüb. Qəhrəmanlıq göstərib əbədiyyətə qovuşublar. İndi onların müqəddəs ruhları ba-şımızın üstündə, bu aydın, masmavi səmalarda qərar tutub.
    Ana başını qaldırıb səmaya baxdı. Səma elə maviydi ki… O, belə maviliyi sanki birinci dəfə görürdü. “Yəqin burada səma da başqadır,” –düşündü ana. Ona görə ki, can-ciyərlərimiz son dəfə nəzərlərini bu səmaya dikib son sözlərini söyləyiblər. Bəlkə ona görə deyirlər ki, o müqəddəs şəhidlərimizin hər birinin üzündə donmuş bir təbəssüm olur, çöhrələrinə arzuların şirinliyindən doğan bir müqəddəs nur hopur.
    Ana bir az da irəlilədi. Qarşıdan ona tərəf gələn bir neçə uşağı gördü. Əvvəl təəccübləndi. Uşaqlar burada neyləyirlər axı? Sonra xatırladı. Axı müharibədən 4 il ötüb. İndi Talışda yeni qəsəbə salınıb, məktəb var, həyat var, uşaqlar dünyaya gəlir, bağçaya gedir, məktəbdə oxuyurlar.
    Amma vaxt var idi… Ana özü öz fikirlərindən diksindi. Bəli, vaxt vardı nankor ermənilər bu gözəl yerlərdə də ağalıq edirdilər. “Nə yaxşı ki, balalarımız onları bu yerlərdən qovdular”– deyə xəyalından keçirdi. Gözləri qarşısında buradakı şiddətli döyüş səhnələri canlandı. Sanki düşmən üzərinə şığıyan tankların, o tankların içindəki igidlərin səsini eşidirdi. İxtiyarsız pıçıldadı: “Hər birinizə qurban olum, balalarım. Nə yaxşı, nə yaxşı ki, siz bunu bacardınız. Nə yaxşı, bu yerlərə həyat verdiniz. Ruhunuz şad olsun, əzizlərim”.
    Ətrafda digər insanlar da vardı. Lakin Güldanə ana yalnız öz qəlbi ilə danışırdı. Turalın müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduya qayıtdığı gün yadına düşdü. Müharibənin başlamasına lap az qalırdı. Əlbəttə, bu barədə heç kim heç nə bilmirdi. Hamının bildiyi bircə həqiqət vardı– qisas günü uzaqda deyil. O qisasın alınmasını özünün şərəf, namus borcu bilənlər arasında Tural da vardı.
    Tural hamını bir yerə topla-yıb bildirdi ki, qardaşı Röyalın övladı var, Xəyal isə hələ uşaqdır. Ailədən bir nəfər orduya getməlidir, o da özüdür.
    O zaman bu fikirdən heç kim rahatsız olmadı. Çünki Tural o qədər güclüydü ki… Ona nəsə olacağı doğmalarının fikrindən belə keçmirdi. Amma ana ürəyi istər-istəməz sızlayırdı. “Bəlkə özünə başqa iş tapasan, Tural?” – sakitcə dilləndi.
    –Yox, ay ana, mənim yerim elə ordudur. İdmanla məşğul olmuşam, hərbi xidmətimi əla başa vurmuşam. Orduya mən getməyim, bəs kim getsin?
    Bu söhbətdən bir ay sonra Vətən müharibəsi başladı. Bu bir ayda Tural bir neçə dəfə anası ilə uzun-uzadı söhbətlər elədi. Arzularından danışdı. Hərdən ana təəccüblənirdi. Düşünürdü ki, əvvəl Tural belə deyildi. İndi vaxt tapan kimi anası ilə söhbət etməyə, sanki vəsiyyət edirmiş kimi istəklərindən söz açmağa çalışırdı.
    Anaya elə gəlirdi ki, burada, Suqovuşanda, Talışda, oğlunun ayağı son dəfə dəyən yerlərdə Tural onu daha yaxşı eşidir. Ona görə ürəyindəkiləri ona çatdırmağa çalışırdı: “Bilirsən Tural, evimizi sən dediyin kimi tikdirdik. Sağ olsun dövlətimiz, rayon rəhbərliyi, “Yaşat Fondu”, bizə dayaq oldular. Sənin arzuladığın kimi çox gözəl ev alındı. Şəkillərini, sənə aid olan bütün əşyaları orada qoruyub saxlayırıq. Qardaşın da evləndi. Gözəl bir balası var. Yenə də sağ olsunlar, xeyir işdə də bizi tək qoymadılar. Hamı yanımızda oldu. Sən də bizimləydin. Mən bunu hiss edirdim, Tural. Xeyirxah insanların köməyilə Həcc ziyarətində olmuşam. Bu da mənə böyük təsəllidir”.
    Gələnlər artıq geri qayıtmağa hazırlaşırdılar. Güldanə ana isə nə bu torpaqdan, nə də səma-dan ayrılmaq istəyirdi. Ancaq oğlu ilə xeyli dərdləşib yüngülləşmişdi. Odur ki, sakitcə gəlib maşına əyləşdi.
    Tural Məmmədli torpaqlarımızın bütövlüyü uğrunda şəhidliyə qovuşan igidlərimizdən biridir. 1998-ci ilin baharında – mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlmişdi. Elə ömrünün bahar çağında, 22 yaşında doğmalarına, arzularına “əlvida” dedi.
    Tural Məmmədlinin ailəsi 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından zorla çıxarılaraq Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb.
    O, müharibəyə könüllü getmiş, Talış, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Son dəfə anası ilə oktyabrın 8-də danışıb. Bundan sonra onunla əlaqə kəsilib. Uzun sürən axtarışlardan sonra Turalın nəşi tapılıb və noyabrın 4-də Bəyimsarov kəndində torpağa tapşırılıb.
    Tural Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölü-mündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallar ilə təltif olunub.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:44

İsmarıclar bağlıdır.