Vətənin o başı, bu başı olmadığı kimi, o torpaqda şəhid olan oğullarımızın da hansı rayondan olmasının fərqi yoxdur. Onların hamısı vətənin bütövlüyü uğrunda canlarından keçiblər. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin heç birini unutmamışıq. Onların xatirəsi daim bizlər üçün əzizdir. Hər zaman yad edir, gənc nəsillərin də onları tanımasını istəyirik.
Bu gün haqqında yazacağım şəhid Ağdərə rayonunun Umudlu kəndinin sakini Bağırov Şakir Əvəz oğludur. O da minlərlə vətən oğlu kimi rayonunun, kəndinin müdafiəsi zamanı şəhid olub.
Şəhidimizin bacısı Nəhayət xala qardaşı haqqında ürəkdolusu söhbətlər etdi:
– Biz ailədə 5 bacı, 3 qardaş olmuşuq. Uşaqlardan 4-cü, qardaşlarımdan isə ikinci uşaq Şakir olub. O, 1981-1983-cü illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət kəndimizdə sürücü kimi işləyib. Daha son-ra isə ailəsilə birlikdə Rusiyaya köçüb. Qardaşımla orada yaşayıblar. Müharibə vaxtı anam ağır xəstə idi. Qardaşlarım vətənə qayıdırlar və döyüşlərə qoşulurlar. Həmin vaxt kəndimiz ermənilər tərəfindən mühasirəyə alınmışdı. Bizi çıxarıb Ağdamda qohum evinə yerləşdirdilər. Şakir müharibəyə getməmişdən öncə bütün qohumlarıyla görüşdü, halallaşdı, sonra getdi. Qardaşım Möhübbət isə hərbidə maşın sürürdü. Əsgərlərə ərzaq aparırdı.
Nəhayət xala sözlərinə davam edərək deyir ki, Şakir uşaqlar içində qohumcanlılığı, sakitliyi ilə hamıdan seçilirdi. Bir problem olanda, ilk olaraq özünü qabağa verirdi. İstəməzdi ki, ailəsində kiməsə nəsə ola. Sonra Şakir qardaşıma deyir ki, sən get ailəmizin yanına, mən qalım, anamız ağır xəstədir. Qardaşım qayıdıb gəlir. Atamla birlikdə bizləri Ağdamdan çıxarır, Şıxarx qəsəbəsində köhnə kərpic bir evə yerləşdirir. Həmin vaxt Şakirgilin hərbi hissəsi orada yerləşirdi. Düz evimizin yanında. Ailəmizi ona görə o evə yerləşdirmişdilər ki, heç olmasa əsgərlər hərbi hissəyə gəlib toplaşanda, Şakiri görə bilək. O vaxt Şakirin böyük oğlu Zakirin 6 yaşı vardı. Atası hərbi hissəyə gələn kimi, gedib onunla görüşürdü. Demək olar ki, orada hamı Zakiri tanıyırdı. Şakir hərbidə olarkən anam 1992-ci ildə dünyasını dəyişdi. Həmişə hamı üçün canını fəda edərdi qardaşım. Elə şəhidliyə də belə ucaldı.
Nəhayət xalanın söhbətlərindən:
– Təriflənməyi sevməzdi. Həmişə nə etsə də, onu heç kimin yanında deməzdi. Bir dəfə bizim sovet sədrimiz Şakir haqqında məlumat istəyirdi. Özünə dedik, razılaşmadı. Dedi ki, mən təriflənmək üçün döyüşmürəm. Vətənim, torpağım üçün döyüşürəm.
Ərazini yaxşı tanıdığı üçün kəşfiyyat xarakterli əməliyyatların keçirilməsində xüsusi rolu vardı. Döyüş yoldaşları Şakir haqqında xatirələrini danışanda bir hadisəni söylədilər. Əməliyyatların birində düşməni məhv edir, onların silah-sursatlarını isə ələ keçirirlər. Silahsursatı gətirib təh-vil verərkən mükafat olaraq Şakirin qoluna saat taxırlar. Həmişə özünü qabağa atardı. İstəməzdi ki, tabordan kiməsə nəsə olsun. Tapşırıq verilərkən o tapşırığın çətinliyinə, təhlükəliliyinə baxmazdı, ilk öncə çıxardı irəli. Şəkil çəkdirməyi heç sevməzdi. Hər kəs özü haqqında taborda danışar, tərcümeyihalını, döyüş yolunu yazardı bir xatirə kimi. Yeganə döyüşçü idi ki, heç nə danışmırdı, yazmırdı. Həmişə deyirdi ki, kəndimiz azad olsun, həmişəki kimi qayıdaq yerimizə-yurdumuza, bu mənə bəs edər.
Şakir döyüşdə olduğu vaxt ikinci uşağının dünyaya gəlməsinə az qalmışdı. Döyüş yoldaşlarına deyib ki, əgər mən şəhid olsam, mənim adımı verərsiniz oğluma. Şakir Ağdərə uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdi.
1994-cü il yanvar ayının 22-də o, döyüş yoldaşlarını xilas edərkən şəhid olur. Qardaşımı Tərtər rayon qəbiristanlığında dəfn etdik.
O, şəhid olandan 3-4 gün sonra oğlu dünyaya gəldi. Öz istədiyi kimi, oğluna adını verdik – Şakir. O da atası kimi qohumcanlı, mərd, igid oğ-landır.
Artıq iki körpə oğlanlar böyüyüblər. Daim onun xatirələri ilə yaşayırlar. Sağolsun dövlətimiz, rayon rəhbərliyi, Tərtər camaatı. Ən çətin günümüzdə bizə dəstək oldular. Evlərinin qapılarını açdılar, süfrələrinə dəvət etdilər. Bizə də qardaşımdan o iki körpə yadigar qaldı. Bu gün qardaşımın şəhid olduğu torpaq azaddır. Bizlər çox sevincliyik. Bu gün onun övladları atalarının böyüdüyü, şəhid olduğu torpaqlara arxayın gedib-gəlirlər.
Umudlu kəndində qardaşımın şəkil lövhəsi ucaldılıb. Tərtər rayonunda da onun adına abidə kompleksi tikilib. Dövlətimiz Tərtər rayonunda tikilən Yeni qəsəbədən Şakirin ailəsinə ev verib. Hər zaman dövlətin qayğısıyla əhatə olunmuşuq. Anım günlərində, bayramlarda bizləri tək qoymayıblar. Bir məcburi köçkün kimi həmin qəsəbədən bizim də ailəmizə dövlətimiz ev verib.
Mən artıq əminliklə deyə bilərəm ki, qardaşımın ruhu şaddır. Bilirəm ki, indi bütün şəhid ailələri qürur duyur övladları ilə. Çünki vətənimiz bütövdür. Biz azad bir ölkənin vətəndaşlarıyıq.
İlahə PAŞAZADƏ