POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »
Yeni ismarıclar