Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,768
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    Bu mövsüm rayon üzrə orta məhsuldarlıq keçən ildəkindən 9 sentner çoxdur

    Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir. Fermerlərin üzü gülür, qəlbi sevinir. Niyə də gülməsinlər, sevinməsinlər? Rayon üzrə orta hesabla hər hektardan əldə olunan məhsul ötən ildəkindən 9 sentner çoxdur, yəni 40 sentnerin üstündədir.
    Hazırda son hektarların məhsulu biçilir. Taxılçılar hesab edirlər ki, bu yalnız taxılçılıqda qazanılan yüksək nəticə deyil, həm də Zəfərimizin 5 illik yubileyinə rayon taxılçılarının özünəməxsus hədiyyəsidir.
    Həyatda elə bir insan tapılmaz ki, xəfif küləkdən dalğalanan taxıl zəmisinə biganə qalsın. Bu mənzərəyə baxanda ruhən dincəlirik, dünyamızda baş verən mü-haribələri, insanlara edilən zülmləri unuduruq. Axı, çörəyin bolluğu özü sülh və əmin-amanlıqdan xəbər verir.
    Cəmi 5 il əvvəl isə Tərtərdə vəziyyət belə deyildi. Əkinçilər torpağı atəş səsləri altında əkib-becərirdilər. Bununla belə, hər kəsdə bir əminlik hissi vardı ki, gec-tez, düşmən layiqli cəzasını alacaq. Bu əminliyi yaradan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət, ordumuzun günü-gündən artan qüdrəti idi.
    Rayonun Azadqaraqoyunlu kəndindən olan qabaqcıl fermer, I Qarabağ müharibəsi qazisi Tərlan Zeynalovla məhsulu yenicə biçilmiş zəminin kənarında görüşdük. Elə kəndin kombaynçıları da burada idilər. Tərlan bizi mexanizatorlarla tanış etdi: Zamiq və Zəka Məmmədov qardaşları, Şəmsəddin Alıyev və Fərman Məmmədov.
    Söhbətə ilk olaraq Tərlan özü başladı:
    –Azadqaraqoyunlu Tərtərin qədim kəndlərindən biridir. İnsanlarımız qoçaq və zəhmətsevərdilər. Çox çətinliklərdən keçdik. Torpaqla-rımızın müdafiəsi üçün canımızı, qanımızı verdik. Mən özüm müharibədə ağır yaralandım. Ancaq yenə də doğma torpağımızı əkib-becərməkdən zövq alıram.
    Onu da öyrəndik ki, cari mövsüm bu kənddə 110 hektar sahədə buğda, 146 hektarda arpa əkilib. Taxıl sahələri əsasən subartezian quyularının suyu ilə suvarılıb. Fermerlər hər hektara görə 230 manat subsidiya alıblar, nəticədə əkinlərə vaxtında gübrə verilib və digər aqrotexniki tədbirlər həyata keçirilib.
    Kombaynçı Zamiq Məmmədov:
    –Builki qədər uğurlu mövsümümüz olmamışdı. Kombaynın sahəyə düşməsi ilə bunkerin dolmağı bir olurdu. Taxıl çörəkdir-bərəkətdir. Bol taxıl həm də sülhün rəmzidir. Qələbəmizin 5 illik yubileyini bu cür nailiyyətlə qarşıladığımız üçün hər birimiz qürurluyuq.
    Rayonun digər kəndlərində də taxıl biçini yekunlaşıb. Bəyimsarov kəndindən təcrübəli fermer, I dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin becərdiyi zəmilərin hər hektarından 60 sentnerdən çox taxıl biçilib. Cari ildə o, 100 hektardan çox sahədə taxıl əkmişdi. Fazil müəllim bildirdi ki, torpaqda həmişə ürəklə işləyir, nəticələri də yaxşı olur. Amma builki qədər razı qaldığı olmamışdı. Axı, qarşıdan Zəfərimizin ildönümü gəlir. Belə bir vaxtda qazanılan uğur xüsusilə qiymətlidir.
    Ümumilikdə carı mövsüm Tərtər rayonunda 6.581 hektarda taxıl əkilib-becərilib. Bunun 2.866 hektarı buğda, 3715 hektarı arpa olub. Buğda üzrə məhsuldarlıq 40.7, arpa üzrə 38,6 sentnerdir.
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Arif Behbudovdan öyrəndik ki, cari ildə rayonda, əsasən, “Qırmızı gül”, “Qobustan”, “Murov-2” taxıl sortları əkilib.
    Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün rayonda müvafiq komissiya yaradılıb və bütün lazımi tədbirlər görülüb. Biçinə 30 kombayn cəlb edildiyindən, heç bir ləngimə olmayıb. Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq, kombaynların əksəriyyəti yenidir, müasirdir, ayrı-ayrı fermerlər tərəfindən aqrolizinq yolu ilə alınıb.
    Qələbə qələbə, sevinc sevinc gətirir. Qəhrəman tərtərliliər Zəfər bayramına bu əhval-ruhiyyə ilə gedirlər.

    Lazım Quliyev,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.