Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Dek

    Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985), 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən), və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003), vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

    Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP), lideridir. İlham Əliyev YAP-ın I Qurultayında (1999), partiya sədrinin müavini, II Qurultayında (2001), isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılmışdır. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84, 54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86, 02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Millilik dövlət başçısı İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır.

    Prezident İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Azərbaycan rəhbərinin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir xarici aləmin iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

    Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub.

    Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın), müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Siyasi partiyalarının rəhbərləri Ali Baş Komandan, Prezident İlham Əliyevə dəstək göstərməsi və bununla əlaqədar birgə bəyanatların (müraciətlərin), imzalanması təcrübəsi ümumxalq birliyinin təcəssümüdür.

    Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

    Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qlobal Bakı Forumu təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından dünyada aparıcı siyasi platformalardan biridir.

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də Şuşada Bəyannamənin imzalanması tarixi hadisədir. Bu, həm də beynəlxalq aləmin maraq dairəsindədir, həmçinin bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən sənəd kimi dəyərləndirilir. O cümlədən ölkələrimiz arasında siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafı təmin edir. Sənəddə əsasən iki ölkə arasında müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri öz əksini tapıb. Bəyannamə iki ölkə arasında müttəfiqliyin geostrateji əhəmiyyətinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

    Konstruktiv əməkdaşlığa açıq olan Prezident İlham Əliyev bütün beynəlxalq təşəbbüslərə öz dəstəyini nümayiş etdirir. Hal-hazırda Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirililmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş, 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır.

    Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədi.

    2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.

    Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

    Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır. O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

    Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il), Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il), Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il), Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il), Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il), Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il), Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il), Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il), Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il), Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il), Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il), “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il), Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il), Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il), Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il).

    Fəxri adları: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il), Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il), İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il), Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il), Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il), Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il), Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il), Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il), Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il), Beynəlxalq Güləş Federasiyasının (FİLA), xüsusi mükafatı (3 aprel 2004-cü il), Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il), Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il), Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il), MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il), Beynəlxalq Güləş Federasiyasının (FİLA), “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il), Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il), Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il), Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il), Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il), Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

    Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu gün ölkəmizin uğurlu inkişafı prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.

     

    Müəllif: Redaktor, 14:19

İsmarıclar bağlıdır.