Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin 12 dekabrında Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. O deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Və məhz o, Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hürr olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
    Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. O, fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər Sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasətçi kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatına layiq görüldü. Onun titullarını sadalamaqla bitməz.
    Tək Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün o, sadəcə fiziki olaraq dünyada yoxdur. Əslində müstəqil Azərbaycanın adı çəkilən bütün beynəlxalq arenalarda ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi.
    Heydər Əliyev haqqında dahi siyasətçi, Ümummilli Lider, uzun illər Sovetlər Birliyinin rəhbərlərindən biri olmuş şəxs, mədəniyyət və ədəbiyyat adamı, nümunəvi vətəndaş, qayğıkeş ata kimi günlərlə danışmaq olar. Bunların hər birində şəxsiyyət olaraq bir bütövlük vardı. Heç birində zərrə qədər də olsun qüsur yox idi, onun addımları, mövqeyi daim qətiyyətli idi.
    Ulu Öndər cənab Prezident İlham Əliyev haqqında Azərbaycan xalqına tarixi müraciətində “Mən ona özüm qədər inanıram” dedi. Məhz buna, onun sözünə güvəndiyim, inandığım, etibar etdiyim üçün işğal altında qalan torpaqlarımızın geri qayıdacağına hər zaman birmənalı şəkildə inanırdım. 44 günlük müharibədə əldə edilən qələbədən sonra Prezident İlham Əliyev, ilk olaraq Ulu Öndərin məzarı önündə hesabat verdi. Hamımız, damarında azərbaycanlı qanı axan hər kəs bunu qürurla izlədi. Bax mən, məhz o an bir daha fəxr etdim, fəxr etdim ki, mən Azərbaycanlıyam.
    İki il sonra Heydər Əliyevin anadan olmasının yüz illiyini qeyd edəcəyik. Həmişə arzu və xəyallarında Qarabağın gülüstana çevriləcəyini, bir zaman o torpaqlara qayıdacağımızı deyirdi. Ümummilli Liderin yüz illiyinə qədər hər birimizin o böyük qayıdışın şahidi olacağımıza əminəm! Şükürlər olsun ki, Azərbaycan xalqı Ulu Öndərin yüzilliyinə əliboş getməyəcək. Axı, bizim də ona bir vicdan borcumuz var idi…
    Ümummilli Liderin dəfnində və sonrakı 40 gün içində hər cümə məzarını ölkə Prezidenti ilə ziyarət edən çox azsaylı insanlar arasında mən də var idim. Bu gün də o məzarı ziyarət edəndə eyni duyğuları yaşayıram, sadəcə təəssüf…

    Umud Mirzəyev,
    Beynəlxalq Avrasiya Mətbuat Fondunun
    prezidenti

     

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.