Noyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbisiyasi yolun davamı olaraq bir güllə atılmadan Kəlbəcər azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Erməni qəsbkarları tərəfindən bir çox faciələrə, vəhşiliklərə məruz qalmış Kəlbəcər rayonunun sakinləri bu gün rahatdırlar. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşən Ordumuz şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi və bu gün xalqımız böyük qürur hissi ilə işğal yox, Qələbə tarixini qeyd edir. Kəlbəcərlilərin bugünkü əhval-ruhiyyəsini öyrənmək üçün rayon sakinlərindən Tapdıq Qasımovu və Vəsilə Cəmilovanı redaksiyamıza dəvət etmişdik. Aşağıda onların ürək sözlərini oxucularımıza təqdim edirik.
Tapdıq Qasımov: Ata yurdum Kəlbəcərin Ağdaban kəndidir. Dədə Şəmşirin vətəni olan bu kəndin yalnız adını çəkmək kifayətdir ki, göz önünə insan şüurunun dərk edə bilmədiyi qanlı faciələr, döyüş səhnələri gəlsin. Ağdaban ermənilərin yaşadığı Çapar kəndi ilə qonşu olub. Özümüzü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etsək də, o zamankı respublika rəhbərliyindən kömək ala bilmədik. 1992-ci il aprel ayının 8-də səhər saat 5-6 radələrində kənd üç tərəfdən mühasirəyə alındı və biz bunu təsadüf nəticəsində bildik, yoxsa namərdlər bütün kəndi məhv edəcəkdilər.
Ağdabanlıların başına gələn müsibətlər dünyaya məlumdur. Böyük Qələbəmizlə şəhidlərimizin qisası alınsa da, biz ermənilərin törətdikləri hərəkətlərə görə beynəlxalq hüquq çərçivəsində cavab verəcəklərini gözləyirik. Əminik ki, Qələbə günü kimi, həmin gün də gerçəkləşəcək. Daha ətraflı »
Yeni ismarıclar